Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Şahin Bağırov da BACARMADI...

Şahin Bağırov da BACARMADI...


31-01-2024, 16:41
Şahin Bağırov da BACARMADI...
Azərbaycanda zaman-zaman müəyyən sahələr üzrə qurumların rəhbərliyində dəyişiklik olanda cəmiyyətdə həmin sahədə hansısa yeniliklərin, vətəndaşların xeyrinə qərarların olacağına ümidlər yaranır. Lakin təəssüf ki, bu ümidlər əksər hallarda doğrulmur.

Yeni gələn rəhbər köhnənin, necə deyərlər, atasına rəhmət oxutmaqla məşhurlaşır. Belə təyinatlardan biri də Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırovdur. Ş.Bağırov Prezident İlham Əliyevin 14 fevral 2023-cü il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinə sədr təyin edilib. O, bu vəzifədə Səfər Mehdiyevi əvəzləyib. S.Mehdiyev 2022-ci ilin iyun ayında vəzifəsindən azad edildikdən sonra Ş.Bağırov komitə sədrinin birinci müavini vəzifəsinə gətirilib və 2023-cü ilin 14 fevralınadək komitə sədrinin səlahiyyətlərini icra edib. Ötən il fevralın 3-də ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.

Maraqlıdır ki, bu, Dövlət Gömrük Komitəsində Ş.Bağırovun ikinci təyinatıdır. Belə ki, Ş.Bağırov 2014-cü ilin yanvar ayından Dövlət Gömrük Komitəsinin sədrinin müavini vəzifəsinə təyin olunsa da, Prezident İlham Əliyevin 6 iyul 2018 tarixli sərəncamı ilə DGK sədrinin müavini vəzifəsindən azad edilib. O, yenidən DGK sədrinin birinci müavini təyin olunanadək Əmlak Məsələləri Dövlət Xidmətində çalışıb.

Bəs Ş.Bağırov DGK-ya sədr təyin olunduqdan sonra nə dəyişib?

Bu günlərdə iqtisadçı ekspert Natiq Cəfərli DGK-nın statistikasındakı problem haqda ictimaiyyətə məlumat açıqladı. İqtisadçının ictimailəşdirdiyi rəqəmlərdən aydın olurdu ki, Gürcüstan və Azərbaycan arasındakı ticarət dövriyyəsi ilə bağlı iki ölkənin gömrük statistikasında açıqlanan rəqəmləri müqayisə etdikdə təxminən 1 milyardlıq fərq yaranır. Gömrük Komitəsi bununla bağlı açıqlama yayaraq fərqin metodologiyaya görə yarandığını bəyan etdi.

“Dövlət Gömrük Komitəsinin sosial şəbəkələrdə yayılan məlumatlara, o cümlədən mənim paylaşdığım statistika ilə bağlı məsələyə reaksiya verməsi özlüyündə müsbət haldır”. Bunu AFN.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, komitə qeyd edilən fərqi metodologiya ilə izah etsə də, bir çox ölkələrlə qarşılıqlı ticarət dövriyyəsinin statistikası ilə bağlı belə fərqlər var: “Azərbaycan-Rusiya, Azərbaycan-Türkiyə, Azərbaycan-Gürcüstan ticarət dövriyyəsində fərqlər var. O hansı metodologiyadır ki, biz istifadə edirik, bu ölkələr etmir? Bununla bağlı təəssüf ki, geniş izahat vermədilər”.

N.Cəfərli qeyd etdi ki, Azərbaycanda iş adamlarının ən çox narazılıq etdiyi qurum Dövlət Gömrük Komitəsidir: “Yeni rəhbərlik nələrisə dəyişmək istəyir. Məsələn, gömrükdə rəsmiləşdirilmə işləri xeyli artıb. Amma gömrüyün görəcəyi işlər var, bir də gömrüyün məcburən atdığı addımlar var. Məsələn, Gömrük Komitəsinin bəzi məsul şəxsləri görüşlərdə bildirirlər ki, bizlik bir şey yoxdur, qanunlar necə qəbul edilirsə, biz onu elə yerinə yetiririk. Burda müəyyən qədər haqlıdırlar, çünki rüsumların təyin olunması, qanunvericilik baza onlardan asılı deyil, parlament qəbul edir, Gömrük sadəcə icraçıdır. Amma Dövlət Gömrük Komitəsi özü də zaman-zaman təkliflərlə çıxış edir və bu zaman vətəndaşların xeyrinə yox, onları məhdudlaşdırıcı təkliflər edir. Məsələn, bir neçə il əvvəl ölkəyə şəxsi istifadə üçün gətirilən məhsulların dəyərinin 1000 dollardan 300 dollara endirilməsini Gömrük Komitəsi təklif etmişdi. Bu, yanlışdır. Gömrüyün fəlsəfəsi daxili istehsalçını qorumaqdır, büdcəyə daha çox pul yığmaq deyil. Bizdə daxili istehsalda nə yoxdursa, Gömrük Komitəsi təşəbbüslə çıxış edə bilər ki, orada rüsumlar azaldılsın. Məsələn, dərman preparatları ilə bağlı, uşaq yeməkləri ilə bağlı Komitə birbaşa olmasa da, Nazirlər Kabinetinə çıxa bilər ki, bu istiqamətdə rüsumların azaldılmasına ehtiyac var. Amma biz nədənsə dövlət qurumlarından, xüsusilə də Dövlət Gömrük Komitəsindən vətəndaşların xeyrinə təşəbbüslər görmürük, həmişə bütün təşəbbüslər vətəndaşların ziyanına olur”.

Geri qayıt