Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Mərkəzi Nəbatat Bağında Günel Cəfərovaya məxsus MMC-lərlə nə kimi işlər çevrilir?
Mərkəzi Nəbatat Bağında Günel Cəfərovaya məxsus MMC-lərlə nə kimi işlər çevrilir?7-03-2024, 14:19 |
“Mərkəzi Nəbatat Bağının ərazisində abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında” sərəncamı Prezident İlham Əliyev 5 may 2022-ci ildə imzalayıb. Məqsəd Mərkəzi Nəbatat Bağının müasir estetik görünüşünün bərpa edilməsi üçün abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsinə və zəruri quruculuq işlərinin aparılmasına dövlət dəstəyinin artırılmasıdır. Sərəncamla Mərkəzi Nəbatat Bağında abadlıq, yenidənqurma və tikinti işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 25 milyon manat ayrılıb. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nabatat Bağı”nın abadlaşdırılması işlərinin satınalınması üzrə 26.10.2022-ci ildə “Xezer Construction” MMC ilə 57.999.905,91 manat məbləğində satınalma müqaviləsi bağladığını açıqlayıb. “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi isə “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” üzrə “TERRA RN GROUP” MMC ilə 87.989,6 manat məbləğində satınalma müqaviləsi bağladığını 05.03.2024-cü ildə açıqlayıb. Dövlət Vergi Xidmətinin reyestrinə daxil edilmiş məlumatlarında Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 11.10.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV, ev 15, qanuni təmsilçisinin isə Cəfərova Günel Şahin qızı olduğu göstərilir. “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi elə həmin gün dəftərxana və təsərrüfat mallarının satın alınması üzrə bir müqavilə də QUANTUM SERVICES GROUP” MMC ilə bağlayıb. Bu müqavilənin məbləği isə 29.449,33 manat təşkil edib. “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi İstehlak yönlü müxtəlif xidmətlər üzrə 43.605,14 manat məbləğində “DRAFEH LN” MMC ilə satınalma müqaviləsi bağladığını da satınalmaların vahid portalında 05.03.2024-cü ildə açıqlayıb. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DRAFEH LN” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 11.10.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ƏHMƏD RƏCƏBLİ , ev 57, qanuni təmsilçisinin isə Cəfərova Günel Şahin qızı olduğu göstərilir. “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi Cəfərova Günel Şahin qızının qanuni təmsilçisi olduğu “REVIN 23 COMPANY” MMC ilə bir satınalma müqaviləsi də digən malların alınması üzrə 22.01.2024-cü ildə bağlayıb. Bu satınalma müqaviləsinin məbləği isə 8.988,4 manat təşkil edib. Göründüyü kimi “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi üç ay ərzində Cəfərova Günel Şahin qızının qanuni təmsilçisi olduğu üç MMC ilə ümumi olaraq 140 582 manat dəyəri olan üç satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi satınalma müqaviləsi bağladığı “TERRA RN GROUP” MMC-nin hazırda 18 326.91 mamat vergi borcu var. İndi gəlin görək mövcud qanunlar bir nəfərə məxsus ayrı ayrı MMC-lərin satınalmalarda iştirakına yol verirmi? Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyicisi barədə məlumatlarından və dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da göründüyü kimi “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi Cəfərova Günel Şahin qızı ilə işbirliyində olub. Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nomrali Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, о cümlədən riskli əməliyyatların Meyarları”na əsasən risklə bağlı göstəricilərə əsasən satınalmalarda iddiaçı qismində iştirak ərizəsi verən fiziki və ya hüquqi şəxs riskli vergi ödəyicisi qrupuna daxil olmamalı, digər riskli vergi ödəyicisində təsisçi və direktor kimi fəaliyyəti olmamalı, riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatları olmamalalıdır. Göründüyü kimi “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nomrali Qərarının tələblərini nəzərə almadan Cəfərova Günel Şahin qızının qanuni təmsilçisi olduğu “TERRA RN GROUP”, “DRAFEH LN” və “REVIN 23 COMPANY” MMC-lərlə satınalma müqavilələri bağlamışdır. Bundan başqa Cəfərova Günel Şahin qızının qanuni təmsilçisi olduğu daha bir neçə MMC mövcuddur ki, Dövlət Vergi Xidmətinin məlumatlarında riskli vergi ödəyiciləri hesab edilir. Onlar hansılardır? Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LORA-ONE COMPANY” MMC-nin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 11.10.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, XUDU MƏMMƏDOV, ev 41, m. 114, qanuni təmsilçisinin isə Cəfərova Günel Şahin qızı olduğu göstərilir. Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YURD-BAKU CORP” MMC-nin də 11.10.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı cəmi 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ZİYA BÜNYADOV ev.15. qanuni təmsilçisinin isə Cəfərova Günel Şahin qızı olduğu göstərilir. Qeyd edək ki, Dövlət Vergi Xidmətinin məlumatlarında Cəfərova Günel Şahin qızının qanuni təmsilçisi olduğu bütün MMC-lər riskli vergi ödəyicisi kimi göstərilir. Nazirlər Kabinetinin 265 nomrali Qərarında isə vergi ödəyicisinin digər riskli vergi ödəyicisində təsisçi və direktor kimi fəaliyyətinin olmaması tələb edilir. Bəs “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsi Satınalma Komissiyası Cəfərova Günel Şahin qızının qanuni təmsilçisi olduğu MMC-lərlə satınalma müqaviləsi bağladıqda bu saxtalıqları görməyibmi? Qeyd edək ki, Nazirlər Kabinetinin 7 yanvar 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı ləğv edilərək Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxs yaradıldı. “Mərkəzi Nəbatat Bağı” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini və sədr səlahiyyətlərini müvəqqəti icra edən Natiq Allahverdiyevdir. Aktualinfo.org Geri qayıt |