Əsas Səhifə > Güney Press, Reklam > “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb


18-03-2024, 16:59
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü və təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb.
Layihənin əsas missiyası Cəmiyyətin hasilat işləri apardığı bölgədə sahibkarlıq ekosisteminin inkişafına, Daşkəsən rayonunun ənənəvi kənd təsərrüfatı sahələrindən biri olan kartofçuluğun sahibkarlıq növü kimi təşviqinə və dəmyə üsulu ilə kartof istehsalının artırılmasına töhfə verməkdir.
Layihəyə Kənd Təsərrüfatı Nazirliyinin “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi”ndə qeydiyyatda olan, əkinə yararlı minimum 1 hektar torpaq sahəsinə malik Quşçu və Zəylik kənd sakinləri – fermerlər cəlb ediliblər.
15 mart 2024-cü il tarixində Kənd Təsərrüfatı Nazirliyinin Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzində layihəyə cəlb edilmiş kartofçu-fermerlərlə görüş keçirilib. Görüşün əsas məqsədi fermerlərin layihə barədə məlumatlandırılması, kartofçuluq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarının müzakirə edilməsi, əsas ehtiyacların öyrənilməsidir. Fermerlərə torpaqların münbitliyinin qorunması, bərpası, artırılması və mühafizəsi sahəsində aqrotexniki, aqrokimyəvi, fitosanitar, zərərvericilərə qarşı mübarizə və digər kompleks tədbirlərin hazırlanması istiqamətində atılacaq addımlar barədə məlumat verilib.
Layihə çərçivəsində ümumilikdə 10 hektar əkin sahəsində yüksək məhsuldarlığın əldə edilməsi üçün toxum, xidmət və mallara dair əsas ehtiyacların qarşılanması, layihə iştirakçılarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün nəzəri və praktiki təlimlərin təşkili nəzərdə tutulub. Əkin mövsümünün sonunda əldə edilmiş məhsulun 85%-nin fermerlərə bağışlanması, məhsulun 15%-nin isə Səhmdar Cəmiyyət tərəfindən xeyriyyə məqsədilə istifadə edilməsi planlaşdırılır.
Qeyd edək ki, “AzerGold” QSC-nin dövlət siyasətinə uyğun olaraq icra etdiyi sosial yönümlü tədbirlər bölgənin inkişafına, əhalinin məşğulluğun artırılmasına, onların rifah halının yüksəldilməsinə xidmət edir. Cəmiyyətin hasilat sahələrinin yaxınlığında yerləşən kəndlərin sakinləri mütəmadi olaraq ətraf mühitin mühafizəsi, təhsil, sağlamlıq, məşğulluq, sahibkarlığın təşviqi və s. istiqamətlər üzrə icra edilən layihələrdən faydalanırlar.

dia-az.life


“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb
“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb
Geri qayıt