Əsas Səhifə > Güney Press, Manşet, Reklam > Yaxşı ki “Azercell”in ÜMİDİNƏ QALMAMIŞIQ...

Yaxşı ki “Azercell”in ÜMİDİNƏ QALMAMIŞIQ...


19-03-2024, 16:14
Yaxşı ki “Azercell”in ÜMİDİNƏ  QALMAMIŞIQ...
Milli Məclisin komitə sədri Tahir Rzayev “Azercell”in tariflərinin bahaşması barədə narazılıqlara münasibət bildirib.

Deputat Pravda.az-a açıqlamasında qiymət artımından əhalinin narahat olduğunu qeyd edib.

“Texnologiyalar əsrində yaşayırıq, informasiya gündən-günə genişlənir. Sözsüz ki, bu informasiyalara insanların tələbatı getdikcə artır. Azərbaycan da müstəqil dövlət kimi dünyada baş verən hadisələri daim izləyir. Bu sahədə mobil xidmət köməyimizə çatır. Ölkəmizdə mobil xidmətlərin səviyyəsi və əhatəsi son illər xeyli genişləndirilib. İndi internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Demək olar, ən ucqar kəndlərə belə internet xətlərinin çəkilməsi planlaşdırılıb və bu iş uğurla aparılır. Ancaq internet xidmətinin tam keyfiyyətsiz olduğunu demək, aparılan işləri keyfiyyətsiz hesab etmək ədalətsizlik olar. Çünki dünyanın hər yerində bu sistemdə müəyyən çətinliklər, problemlər yarana bilir. Bizdə də belə hallar baş verir. Mən də mobil xidmətin keyfiyyətinin yaxşılaşdırılmasının tərəfdarıyam. “Azercell” tərəfindən xidmət qiymətlərin artırılması əhalini narahat edir. Düşünürəm, bu proseslər dünyada qiymətlərin qalxması ilə əlaqədardır. Demək olar, bütün sahələrdə qiymətlər artır. Dünya bazarında da belədir. Şübhəsiz, Azərbaycana da təsirsiz ötüşə bilməz. Elə sahələr var, xarici ölkələrdə bizdən beş dəfə bahadır. Məsələn, kommunal xərclər, ərzaq və digər məhsullar bizdən bir neçə dəfə bahadır. Doğrudur, onlarda əməkhaqlarında müəyyən artım var. Bəzi sahələr regionun xarakteri ilə, resursların olması ilə əlaqədardır. Müstəqilliyini yeni qazanmış ölkəyik. Uzun müddət müharibə şəraitində yaşamışıq. Şükürlər olsun ki, torpaqlarımız tam azad olunub. İnternet xidməti və ümumi xidmətin yaxşılaşdırılması istiqamətində gedən işlər də öz axarını tapacaq. İnsanlar daha keyfiyyətli mobil xidmətlə təmin olunacaqlar”.

Geri qayıt