Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > 120 milyon manatlıq korrupsiya: faktı ört-basdır etməyə çalışırlar
120 milyon manatlıq korrupsiya: faktı ört-basdır etməyə çalışırlar2-04-2024, 15:38 |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan "Kurort" QSC Buzovna qəsəbəsində kanalizasiya boru kəmərinin çəkilişi layihəsini işə salıb. Boru kəməri öz başlanğıcını 13 saylı internat-məktəbin yanından götürür, sonra "Əli ayağı" ziyarətgahı və məscidin yanında yerləşən “Xəzər” sanatoriyası və “Şəki” istirahət mərkəzinə gedir. Uzunluğu 2,4 km. olan boru kəməri qismən diametri 50 sm. olan propilen borudan ibarətdir, sonra hər biri 10 sm. olan iki plastik boru kəmərinə ayrılır. Bir neçə il əvvəl məcburi köçkünlər “Xəzər” sanatoriyasını tərk etdikdən sonra ora bərbad vəziyyətə düşüb və heç bir iş görülmür. Qapılar qıfıllanıb. “Şəki” istirahət mərkəzində isə təmir işləri aparılır. İş ondadır ki, hər iki obyekt Zaqulba çimərliyindəki təmizləyici qurğuya çirkab axıdan kanalizasiya kollektorunun səviyyəsindən xeyli aşağıdadır. İnşaatçıların dedikləri kimi, kurort obyektlərindən tullantılar xüsusi nasosın köməyilə çəkiləcək (?!). 2023-cü ilin sentyabrından kanalizasiya borusunun çəkilməsi işlərinə başlanılıb və artıq mənfi nəticələr var. Buzovna qəsəbəsindəki çoxmənzilli binalardan axan kanalizasiya suları daim bayıra, magistral şəbəkə ilə yeni xəttin qovuşduğu yerə tökülür, yağış yağanda isə vəziyyət daha da acınacaqlı olur- axıntılar asfaltı dağıdır və bayıra tökülür, Lermontov və Axundov küçələri boyunca ətrafı basır. Boru kəmərinin çəkildiyi küçə yararsız hala düşüb və keyfiyyətsiz asfaltın ayrı-ayrı yamaqlı hissələrindən ibarətdir, boru kəmərinin keçdiyi bütün yollarda torpaq çökür. İşlər keyfiyyətsiz aparılıb və əgər boru kəməri istismara verilərsə, qəzalar və qəsəbənin küçələrinə kanalizasiya çirkabının axması qaçılmaz olacaq. Amma ən əsası odur ki, layihə yerli dövlət orqanlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı və icazəsi olmadan həyata keçirilib. “Turan” agentliyi kanalizasiyanın tikintisinə kimin icazə verdiyini, tikintiyə kimin cavabdeh olduğunu və icraçının kim olduğunu uzun müddət araşdırmalı olub. Dövlət təşkilatları, Həmkarlar İttifaqları Konfederasiyası agentliyin qanunvericiliyin tələbinə uyğun olaraq göndərdiyi yazılı sorğulara cavab verməyiblər. Agentlik Ombudsman Aparatını məsələyə müdaxilə etməyə məcbur edib, onun köməyilə hansısa informasiyanı əldə etmək mümkün olub. Ancaq demək olar ki, cavabdehlər bütün sorğulara mahiyyəti üzrə cavab verməyiblər. Əvvəlcə “Azərsu” ASC bu kanalizasiyanın tikintisinə bağlılığını inkar edib, lakin sonra bu layihəni təsdiqlədiyini etiraf etməyə məcbur olub, ancaq işi podratçı təşkilat həyata keçirib. “Azərsu” bildirib ki, hələ 2019-cu ildə “Kurort” QSC layihənin texniki əsaslandırılmasını (TƏ) almaq məqsədilə müraciət edib. 17 yanvar 2024-cü ildə, “Turan” layihənin araşdırılması ilə məşğul olmağa başlayanda, supaylayıcı şirkət bildirib ki, TƏ-nin uzadılması ilə bağlı QSC-nin “Azərsu”ya təkrar müraciəti olib və o təmin edilib. TƏ-nin uzadılmasının səbəbləri açıqlanmır. Tikinti başlayan vaxt hansısa TƏ-nin olduğuna ciddi şübhələr var. Məsələ bundadır ki, “Azərsu” və bu kanalizasiya layihəsində iştirak edən qurumlar onun barəsində bütün məlumatları verməkdən imtina ediblər. Həmkarlar İttifaqları Konfederasiyası da eyni mövqeyi tutub. Məsələn, Həmkarlar İttifaqları Konfederasiyası 16 fevral 2024-cü il tarixli məktubda bildirir ki, ictimai birliklərin və partiyaların informasiya sorğularına cavab verməyə borclu deyil, sanki sorğunun KİV-dən daxil olduğunu anlamır. Ancaq məsələ təkcə bu deyil. “İnformasiya əldə edilməsi haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən Həmkarlar İttifaqları Konfederasiyası sorğulara cavab verməyə borcludur. Həmkarlar İttifaqları Konfederasiyası qeyd edir ki, qaçqınlar “Xəzər” sanatoriyasının kanalizasiya sistemini yararsız hala salıblar, buna görə də onun bərpasına zərurət yaranıb, eynilə "Şəki" İstirahət Mərkəzində olduğu kimi. Ancaq "Şəki" nisbətən yaxın vaxtlarda tikilib, qaçqınlar tərəfindən məskunlaşdırılmayıb və özünün kanalizasiya sistemi olub. "Xəzər"də heç bir təmir işi aparılmır və bundan əlavə, 60-cı illərin əvvəllərində inşa edilmiş sanatoriyanın özünün çirkab sularını təmizləyici sistemi olub və heç vaxt kollektora atılmayıb. Konfederasiyanın məktubundan belə çıxır ki, Həmkarlar İttifaqları layihənin texniki əsaslandırılması üçün “Azərsu” ASC-yə müraciət edib və onu alıb. TƏ-nin əsasında "Su Kanal" Elmi-Tədqiqat İnstitutu tərəfindən layihə tərtib edilib. Sonra layihəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi təsdiq edib. İşin icrası üçün müqavilə lisenziyalı “Repeir VS Construction” MMC podratçı təşkilat ilə bağlanıb. Konfederasiya TƏ və layihə ilə bağlı müraciət və təsdiq tarixləri, podratçı ilə müqavilənin bağlanması, podratçı seçimi üzrə tender barədə məlumatları açıqlamır. Xəzər Rayon İcra Hakimiyyəti bildirib ki, layihə yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb. 3 mart tarixli məktubda rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov bildirib ki, layihənin hazırlanması, onun tikintisi, istifadəsi, texniki xidmət “Azərsu” ASC tərəfindən həyata keçirilir. Lakin Qurbanov bildirir ki, işlər aparıldıqdan sonra asfalt örtük yararsız hala düşdüyündən rayon İcra Hakimiyyəti “Azərsu” ASC-nin bölməsinə - Xəzər Rayon Su-Kanalı İdarəsinə iradlarla müraciət edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə də kollektorun tikintisi barədə məlumat verilməyib. Agentlik tikinti barədə “Turan”-ın müraciətindən öyrənib. Məktubda Dövlət Agentliyi bildirir ki, kanalizasiya xəttinin çəkilişi layihəsinin həyata keçirilməsi üçün müvafiq qurumlar tərəfindən heç bir müraciət olmayıb. “Turan” agentliyinə tövsiyə edilib ki, tikintinin dövlət norma və qaydalarına uyğunluğu ilə bağlı müvafiq cavabdeh qurumlara müraciət etsin. Lakin nazirlik özü Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinin ekoloji aspektlərə dair tələblərinin pozulması ilə əlaqədar heç bir tədbir görməyib. Layihəni hazırlayan və təsdiqləyən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Turan”-ın informasiya sorğusuna cavab verməyib. Şəhərsalma və Tikinti Məcəlləsi kobud şəkildə pozulub Qeyd etmək lazımdır ki, tikinti işləri AR Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Sözügedən layihənin reallaşması ilə bağlı hərəkətlərin şəhərsalma və tikinti fəaliyyətinin siyasətini, əsas prinsiplərini müəyyən edən Məcəllənin müddəaları ilə qarşılıqlı əlaqəliliyi bütün dövlət subyektləri və Həmkarlar İttifaqları tərəfindən qanunvericiliyin kobud şəkildə pozulduğunu göstərir. Layihə yerli hakimiyyət orqanları ilə razılaşdırılmayıb, halbuki, Şəhərsalma və Tikinti Məcəlləsi göstərir ki, ərazi planlaşdırılmasının sifarişçisi kimi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə çıxış edir. Ərazi planlaşdırılması sənədləri müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qəbul etdiyi qərar əsasında hazırlanır. Ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təminatı məqsədilə heç bir tədbir görülməyib, layihə barədə ictimaiyyətə məlumat verilməyib, layihə üzrə idarələrarası və ictimai müzakirələr aparılmayıb. Şəhərsalma və Tikinti Məcəlləsinə görə, ərazi planlaşdırılması sənədlərinin yekun layihəsinin hazırlandığı tarixdən 10 gün ərzində sifarişçi ictimai müzakirələr təşkil edir. Sifarişçi ictimai müzakirə iştirakçılarına ərazi planlaşdırılması sənədlərinin layihəsilə bağlı etiraz və təkliflərə baxılmasının nəticələri və bununla əlaqədar ərazi planlaşdırılması sənədlərinin layihəsinə edilən dəyişikliklər, habelə etiraz və təkliflərin rədd edilməsinin səbəbləri barədə məlumat verir. Ərazi planlaşdırılması ilə bağlı ictimai müzakirələrin təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəhərsalma və Tikinti Məcəlləsi aşağıdakı hallarda tikintini yolverilməz hesab edir: nəzərdə tutulan tikintinin baş plana zidd olduğu hesab edilir; tikintisi nəzərdə tutulan obyektin ətraf mühitə zərərli təsir göstərəcəyi və ya özünün belə təsirə məruz qalacağı təhlükəsi var; tikintisi nəzərdə tutulan obyekt infrastrukturun yaradılması, təhlükəsizliyin və ya sağlamlığın təmin edilməsilə əlaqədar dövlət və ya bələdiyyə vəsaitlərindən qeyri-rasional istifadəni tələb edir; tikintisi nəzərdə tutulan obyekt ətraf mühitin, torpağın, mədəni irs obyektlərinin və ya landşaftın təbii xüsusiyyətlərinin qorunması ilə bağlı maraqları pozur; tikintisi nəzərdə tutulan obyekt su təsərrüfatına təhlükə yaradır və ya təbii hallardan (daşqınlardan) mühafizəni təhlükə altına alır. “İnformasiya əldə edilməsi haqqında” qanun işləmir Heç bir dövlət və ictimai qurum “Turan” agentliyinin informasiya sorğusuna qanunla müəyyən edilmiş müddətdə - operativ qaydada 24 saata qədər, əgər cavab xüsusi araşdırma, öyrənmə tələb edirsə, maksimum 7 iş gününə qədər - cavab verməyib. Halbuki, layihə barədə informasiyaya dair bütün suallara cavablar maksimum bir neçə saat ərzində təqdim oluna bilərdi. Ancaq agentliyin informasiya sorğuları praktikasında belə şey olmayıb. Cavablar böyük gecikmə ilə gəlib və sualların mahiyyəti üzrə olmayıb. Kanalizasiya layihəsi işi üzrə alınan bütün cavablar natamamdır və ombudsmana müraciətlərin köməyilə alınıb. Lakin sonda Ombudsman Aparatı da gücsüz qalıb və Həmkarlar İttifaqları Konfederasiyası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib. “İnformasiya əldə edilməsi haqqında qanuna” cavabdehlərin əməl etməməsilə bağlı “Turan”-ın məhkəmədə iddia qaldırması təcrübəsi əksər hallarda heç nəylə nəticələnməyib. Məhkəmələr faktiki olaraq cavabdehlərin vəkili rolunda çıxış edirlər. Hazırlanması cüzi vaxt tələb edən elementar cavabı almaq üçün məhkəmələr aylarla uzanır. Ombudsman Aparatı ilə əlaqə müddətində “İnformasiya əldə edilməsi haqqında” Qanunun pozulmasına görə cavabdehlərə qarşı qanunla nəzərdə tutulmuş maliyyə sanksiyaları tətbiq edilməyib. Halbuki, bu qanunun pozulmasına görə pul cərimələri artırılıb. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna görə, informasiyanın gizlədilməsi və tam və ya natamam həcmdə təqdim edilməməsi korrupsiya üçün şərait yaradan hərəkət kimi tövsif edilir. 120 milyon manat hara getdi? Buzovna qəsəbəsinin sakinləri kanalizasiya və içməli suyun olmamasından əziyyət çəkirlər. Əvvəllər quyulardakı su işməli olub, lakin ötən yüzilliyin 60-cı illərinin əvvəllərindən neft quyularında hasilatı artırmaq üçün Buzovna yatağında laylarda nefti dəniz suyu ilə çıxarıblar. 70-ci illərin əvvəllərində quyuların şorlaşması başlayıb. Yeraltı suların səviyyəsi qalxıb. 2014-cü ildə hökumət Buzovna və bir sıra digər qəsəbəni içməli su və kanalizasiya ilə təmin etmək qərarına gəldi. Bunun üçün büdcədən 120 milyon manat ayrıldı. Pullar yoxa çıxdı. 2018-ci ildə “Azərsu” bildirdi ki həmin vəsaitdən 3 milyona yaxını xərclənib, qalan pullar şirkətə gəlib çatmayıb. 3 avqust 2021-ci ildə respublika prezidentinin sərəncamına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Abşeron qəsəbələrinin memarlıq siması" müsabiqəsinin ikinci mərhələsinə yekun vurub. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Azərbaycan Memarlar İttifaqı və Bakı Abadlıq Xidməti MMC ilə birgə keçirilən müsabiqədə Buzovna qəsəbəsinin memarlıq planlaşdırılması üzrə qaliblər elan edilib. Əsas vəzifə qəsəbənin tarixi atmosferi saxlanılmaqla vahid memarlıq - bədii konsepsiyanın yaradılması, landşaftın planlaşdırılması məsələlərinin həlli, əhali üçün ictimai-iqtisadi şəraitin yaxşılaşdırılması, qəsəbənin yaşıllaşdırılması, günəş batareyalarından istifadə, turizm infrastrukturunun inkişafı, düzgün parklanmanın təşkili, piyada zonalarının və velosiped yollarının, yeni səkilərin yaradılmasıdır. Bununla da hər şey bitdi. Əksi baş verir - abidələr, yollar, unikal sahil landşaftı dağıdılır, ekoloji vəziyyət pisləşir. Nəhayət, sovet ənənəsinə uyğun olaraq, “Turan” İnformasiya Agentliyi məqalədə göstərilən faktlar barədə fikir bildirilməsi, həmçinin qanunçuluğun pozulması faktlarının aradan qaldırılması üçün görülən tədbirlər haqda məlumat verilməsi xahişilə məqaləni orada adı keçən dövlət və ictimai qurumlara göndərəcək. Həmçinin agentlik onlara göndərilən və cavabsız qalan informasiya sorğusundakı suallara cavab gözləyir: 1. Layihənin sifarişçisi kimdir? 2. Layihədə məqsəd nədir? 3. Layihənin texniki parametrləri necədir, dəyəri, icra müddəti nə qədərdir? 4. Layihəni kim ödəyir? 5. Layihə üzrə işləri kim yerinə yetirir? 6. İcraçının bu sahədə təcrübəsi varmı və bu vaxta qədər hansı layihələri həyata keçirib? 7. İşlərin icrası üçün tender nə vaxt keçirilib və tenderdə hansı təşkilatlar iştirak ediblər? 8. 2014-cü ildə Buzovnada su kəməri və kanalizasiya sisteminin tikintisinə büdcədən 120 milyon manat ayrılıb. Niyə indiyədək işlər görülməyib? AR-sı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə 1. Kanalizasiya layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılıbmı? 2. Komitə kanalizasiya xəttinin çəkilməsinə razılıq verirdisə, hansı əsasla? 3. Kanalizasiya xəttinin çəkilməsi məsələsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən hansı müvafiq dövlət qurumları ilə razılaşdırılıb? 4. Komitə tərəfindən işlərin gedişatına nəzarət edilirmi və hansı problemlər aşkarlanıb? Geri qayıt |