Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Sabunçuda KİMİN SÖZÜ ŞAHDIR...
Sabunçuda KİMİN SÖZÜ ŞAHDIR...29-04-2024, 14:08 |
Sabunçu rayonu ərazisində tikinti işləri (daha doğrusu qanunsuz tikintilər) davam etdirilir. "DogruXeber.az"a daxil olan məlumata görə rayonun Kürdəxanı qəsəbəsi ərazisində hektarlarla kənd təsərrüfatı təyinatlı ərazilər həyətyanı sahə kimi hissə-hissə bölünüb, vətəndaşlara satılıb. Artıq, bir neçə ildir ev tikib yaşayanlar da var, hazırda tikilməkdə olan yaşayış evləri də. Qeyd edək ki, həmin ərazilərdə artıq, məskunlaşmış 10-larla sakinlər gileylənirlər ki, "nəmişlik, rütubət divarları və tavanı qaraldıb, asma və digər xəstəliklərə səbəb ola biləcək nəmli qoxu da bir tərəfdən insanın ciyərlərini və hətta gözlərini belə göynədir". Demək ki, inzibati əraziyə cavabdeh qurum (yəni, rayon rəhbərliyi) bu insanları nəzərə almadan, "tüpürüb barmağına, girişib pul saymağa". Yeri gəlmişkən, Sabunçu rayon rəhbərliyinin vətəndaşlara qarşı laqeydliyinin daha bir bariz nümunəsi "Mədən-2" küçəsindəki 130-dan çox yaşı olan yaşayış binasının təhlükəli vəziyyətdə olmasıdır. Hazırda, həmin binada yaşayan 20-dən çox ailənin yuxuları ərşə çəkilib. Ardıcıl, gələn zəlzələ xəbərlərinə rəğmən, Adil Vəliyev də Sahil qəsəbəsi. Əlyar Gülməmmədov - 4 ünvanındakı 117 ailəni taleyin ümidinə buraxan həmkarı Süleyman Mikayılov kimi bu binanın sakinlərini "planları xaricində saxlayıb". Amma, rayonun demək olar hər tərəfində aparılan tikintilərə baxanda, belə görünür ki, hörmətli Adil müəllimin "başı daha mühüm işlərə qarışıb". (Red: Əşşi imkan ver dəə, görmürsən ki, pul sayıram?!) Baxmayaraq ki, o, işlərin də yayımladığımız məlumatların şərh bölməsində və iki sorğuya bir konvertdə göndərdikləri hər iki cavabda onlara aidiyyatı olmadığını bildirmişdilər. Bəli, doğru anladınız, iki aya yaxın müddətdə, ayrı-ayrı vaxtlarda göndərilən iki ayrı sorğuya bir neçə dəfə agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı efirindən səsləndikdən, şərh bölməsində yazdıqlarına münasibət bildirdikdən və nəhayət zəng edib sorğular göndərdiyimizi təkrar nəzərə çatdırdıqdan sonra Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bir konvertin içində iki nüsxə eyni cavab göndərildi. Sabunçu rayon rəhbərliyinin "konvertə belə qənaət etməsi"ndən bəlli olur ki, i"srafçılığa yol verməyi xoşlamırlar". Yəqin bu səbəbdəndir ki, yerli əhalinin məlumatına görə hətta, köhnə neft quyuları, köhnə göl yerləri məişət tullantıları ilə doldurulub (daha doğrusu dolu göstərilib) vətəndaşlara satılır, üstəlik orada aparılan tikintilər də görməzdən gəlinir. Nə zibil boşa gedir, nə də yararsız ərazilər. Eynilə, Sabunçu rayon Sabunçu qəsəbəsində Elşən Mehdiyev küçəsində olduğu kimi. Onsuzda, qısa müddətdən sonra yaxşı doldurulmadığı üçün çökəcək olan tikintilərin də, orada toplanmış məişət tullantılarının, antisanitariyanın yaratdığı fəsadların da ağrısını pulunu verib o, ərazilərdən yer alan vətəndaşların özləri çəkəcək. Necə deyərlər, o, insanlar min bir əziyyətlə qazandıqları külli miqdarda pulu xərcləyərək, cibləri və sağlamlıqları üçün yaxın gələcəkdə reallaşacaq böyük problemlər aldıqlarının hələ ki, fərqində deyillər. Bundan əlavə, xatırlayırsınızsa, Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə inşa edilmiş və artıq uzun müddətdir fəaliyyətdə olan avtoyuma məntəqəsinin üstündə əlavə iki mərtəbənin inşa edildiyi barəsində məlumat vermişdik. Sabunçu rayon İcra Hakimiyyəti həmin məlumatın şərh bölməsində yazdığı açıqlamada bildirib ki, "24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanla təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən tikinti işlərinin dayandırılması məqsədilə müvafiq tədbirlər görülməsi üçün aşkar olunmuş pozuntu barədə 30.12.2023-cü il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumatlandırılmış, buna dair bütün məlumatlar isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir". Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ? Şəhərsalma və Arxitektura Komitəsi isə göndərdiyimiz sorğuya cavabında, sözügedən ərazidə qanunsuz tikinti aparıldığını təsdiq edir və barəsində tədbir görülməsi üçün Sabunçu Rayon İcra Hakimiyyətinə göndərildiyini deyir. "SOCAR" nəft şirkəti də həmçinin, bildirir ki, "Müraciətlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən tikilinin yerləşdiyi torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra, Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Sazişə əsasən "Balaxanı Operating Kompani LTD Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, MMC-nin sözügedən müraciətləri aidiyyəti üzrə baxılması, nəticəsi barədə redaksiyaya və SOCAR-ın Baş ofisinə məlumat verilməsi üçün, "Balaxanı Operating Kompani LTD Şirkətinə göndərilir." Əmlak Məsələləri Dövlət Xidməti də "cavab"ında bildirir ki, tədbir görülməsi üçün Daxili İşlər Nazirliyinə göndərib. "SOCAR" neft şirkətindən başqa, adı çəkilən hər üç qurumun cavabı adamda, sanki tikintini aparan sahibkara "işi başa çatdırması üçün vaxt qazandırmaq" təsəvvürünü yaradır. Və budur, sözügedən obyekt tikintisi yekunlaşmaq üzrədir. Aidiyyatı qurumlar isə, bu qanunsuzluq faktı barəsində tədbir görmək yerinə, bir-birinə ötürə-ötürə hərəsi öz yaxasını məsuliyyətdən kənara çəkir. Deyilənə görə, sözügedən tikintini aparan sahibkar özü də,"Mən işimi yuxarı ilə görürəm", deyə arxayınçılığını ifadə edib. O, zaman sual yaranır, bəs qanunsuzluq hallarına aidiyyatı qurumlar müdaxilə etməyəcəksə, bütün qanunsuz hallarını öz mənfəətlərinə çevirəcəklərsə, bu dövlət qurumları nə üçün var? Niyə dövlət büdcəsindən maaş alıb, büdcəni israf edirlər? Geri qayıt |