Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Yasamal İcra Hakimiyyətinin ilginc «Sovetski» maxinasiyası

Yasamal İcra Hakimiyyətinin ilginc «Sovetski» maxinasiyası


27-03-2014, 14:18
Yasamal İcra Hakimiyyətinin ilginc «Sovetski» maxinasiyası
DİA.AZ bildirir ki, Yasamal rayonu ərazisində, «Sovetski» məhəlləsində yaşayan bir qrup məcburi köçkün GUNDEMİNFO.AZ-a müraciət ünvanlayıb. Müraciət edən məcburi köçkünlər bildirirlər ki, onlar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən aldadılıblar. Şikayətçilər iddia edirlər ki, icra başçısı İbrahim Mehdiyev iki həftə əvvəl onları qəbul edib və hamısından razılıq ərizəsi alıb. «Bizimlə görüşən icra başçısı və köməkçisi dəfələrlə soruşdular ki, hər bir kvadrata görə, 1500 manat konpensasiyaya razıyıqmı. Biz də razılıq ərizəsi verdik. Bundan sonra bizə bankdan pullarımızı almaq üçün kod da verdilər. Gedib yeni mənzil almaq üçün hətta beh də verdik. Lakin banka gedəndə məlum oldu ki, pullarımızı İcra Hakimiyyəti köçürməyib» deyə şikayətçilər bildirdilər.

Şikayətçilər deyirlər ki, onlar yaranmış problemlə əlaqədar olaraq Maliyyə Nazirliyinə və baş nazirin müavini Abid Şərifava dəfələrlə müraciət ediblər. Maliyyə nazirinin və baş nazirin müavinin köməkçiləri köçkünlərə deyib ki, gedin pulunuzu Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindən alın. Lakin köçkünlər ora gedəndə bəlli olub ki, əslində «Qaçqınkom»la bağlı ortada heç bir məqam yoxdur. Komitədən şikyətçi olan «Sovetski» sakinlərinə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət etmək tövsiyyə edilib.

Maraqlıdır ki, Bakı Şəhər İcra Hakimiyyəti də şikayət edən köçkünlərə ünvan kimi «Qaçqınkom»u göstərib. Dövlət idarələrinin qapılarında qalan şikayətçilər deyir ki, onlara problem yaradan Yasamalın icra başçısı İbrahim Mehdiyevdir. «Bizim adımıza olan şəxsi mülkiyyəti, köçkün olduğumuza görə söküb, kompensasiyanı da icra hakimiyyətində mənimsəmək istəyirlər. Bununla bağlı olaraq dövlət başçısına kollektiv olaraq müraciət etmək niyyətindəyik. Bizim köçkün statusumuzun olmasının şəxsi mülkiyyətimizin toxunulmazlığına aidiyyatı varmı. Bizim əsas şəxsi mülkiyyətimizi ermənilər əlimizdən alıb. Bakıda da illərdir ki, özümüzə düzəltdiyimiz bu şəxsi mülkiyyəti Yasamalın icra hakimiyyətində əlimizdən almaq, yağmalamaq istəyirlər» deyə şikayətçilər bildirdilər.

Onu da əlavə edək ki, müraciət edən məcburi köçkünlər bu gün Maliyyə Nazirliyindən müsbət cavab alacaqlarını gözləyirlər. Əks təqdirdə hələ ki, adlarının çəkilməsini istəməyən vətəndaşlar mətbuat konfransı və etiraz aksiyası keçirəcəklərini bildirdilər.

Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edəcək.

Geri qayıt