Əsas Səhifə > Güney Press, Reklam > “Azərbaycan Hava Yolları” yeni ekoloji layihəyə start verib

“Azərbaycan Hava Yolları” yeni ekoloji layihəyə start verib


29-07-2024, 10:54
“Azərbaycan Hava Yolları” yeni ekoloji layihəyə start verib
“Azərbaycan Hava Yolları” QSC və “Azərsun Holdinq” MMC Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində davamlı inkişaf təcrübələrinin təkmilləşdirilməsi və ətraf mühitin mühafizəsi üçün “Daha təmiz dünya-daha parlaq səma!” adlı birgə layihəyə start verib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, “Yaşıl Dünya naminə Həmrəylik İli” çərçivəsində keçirilən bu təşəbbüsün əsas məqsədi kağız resurslarından istifadənin azaldılmasına, tullantıların təkrar emalının təşviqinə və ətraf mühitə zərərli təsirlərin minimuma endirilməsinə yönəlmiş tədbirlər tətbiq etməklə yaşıl, ekoloji cəhətdən məsuliyyətli gələcəyin yaradılmasına töhfə verməkdir.

İlkin olaraq Bakı hava limanında kağız tullantılarının yığılması üçün xüsusi qablar quraşdırılıb ki, bu da daha təmiz və dayanıqlı ətraf mühitin yaradılması istiqamətində növbəti addımların başlanğıcıdır. Layihə çərçivəsində toplanmış tullantı kağızlar Azərbaycan Kağız və Karton İstehsal Kombinatı tərəfindən təkrar emal ediləcək.

Qeyd edək ki, təkrar emal olunmuş kağız istehsalı havanı ilkin xammaldan istehsal ediləndən 73% -ə qədər daha az çirkləndirir. Bundan əlavə, hər ton təkrar emal edilmiş kağız təxminən 17 ağacı xilas etməyə və 3.3 m3 tullantının azalmasına kömək edir.

“Hər kəsi planetimizin gələcək nəsillər üçün qorunmasında şübhəsiz bəhrəsini verəcək bu mühüm təşəbbüsə ümumi iştiraka və dəstəyə çağırırıq!”, - məlumatda qeyd olunur.

Geri qayıt