Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Azı 14 milyon manat xərclənən “Ağalı” hotelini hansı YAP-çının oğlu tikib?
Azı 14 milyon manat xərclənən “Ağalı” hotelini hansı YAP-çının oğlu tikib?30-07-2024, 13:37 |
18 mayda Zəngilan rayonunun Ağalı kəndində İlham və Mehriban Əliyevalar “Ağalı” hotelinin açılışında iştirak ediblər. Bu hotelin açılışı hələ 2022-ci ilin sonlarına planlaşdırıldı. Tikinti məlum olmayan səbəbdən 2022-ci ilin oktyabrından sonra dayanır, layihəni icra edən şirkətin sosial media hesabındakı paylaşım isə onun 2023-cü ilin oktyabrında yenidən davam etdirildiyini göstərir. Hotelin tikintisinin birinci mərhələsinə nə qədər pul xərcləndiyi məlum olmasa da onun açılışından 2 ay əvvəl hotelin tam təchizatlı təmir və tamamlanma işləri ilə bağlı Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tender keçirir. Tenderdə “Crystal İnşaat” ASC qalib gəlir. Bunun üçün şirkətə 14 milyon 192 min manatdan artıq pul verilir. Hotelin tikintisinin bu mərhələsini həyata keçirən “Crystal İnşaat” kimindir? İndiyədək hansı böyük tenderlərin qalibi olub? Bu şirkəti hazırda deputat olan YAP-çı ilə nə bağlayır? Araşdırmışıq! Hotellə bağlı nə məlumdur? Zəngilanın Ağalı kəndində yerləşən hotel tikintisi barədə ilk informasiyanı Prezident İlham Əliyevin 26 Aprel 2021-ci ildə Cəbrayıl və Zəngilan rayonlarına səfəri zamanı görmək mümkündür. İlham Əliyevə yaradılan süni göl üzərində “Ağıllı kənd”in bütün daxili elektrik enerjisi ehtiyacını ödəyəcək “Arximed” qurğusu barədə məlumat verilərkən ərazidə hotel olacağı da sözarası deyilir. Bundan sonra həmin hotel barədə düz 1 il sonra “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində danışılır. İlham Əliyev hotelin tikintisi ilə maraqlanır və ona bildirilir ki, hotel 62 nömrədən ibarət olacaq. 2021-ci ildən tiklməkdə olan və ehtimallara görə 1 il fasilə verilən hotelin tikintisi cəmi 2 ay ərzində yekunlaşır. 2024-cü ilin 4 martında hotelin təmir və tamamlanmasına 14 milyon 192 min 628 manat 20 qəpik pul ayrılır və 18 mayda İlham Əliyevlə həyat yoldaşı hotelin açılışını edir. Əvvəlcə 62 nömrədən ibarət olacağı deyilən hotelin açılış günü 117 otaqdan ibarət olduğu məlum olur. Hotelin həcminin necə və niyə genişləndirilməsi ilə bağlı açıq mənbələrdə məlumat yoxdur. Yeri gəlmişkən, şirkətin Facebook hesabında hoteldə gedən tikinti işləri ilə bağlı paylaşımlarda “Crystal İnşaat”ın hoteldə təmir və tamamlanma işləri aparması yox, tikinti işi gördüyü qeyd olunur. İndiyədək “Crystal İnşaat” nə iş görüb? “Crystal Group” şirkətlər qrupuna aid olan “Crystal İnşaat” 2018-ci ilin dekabrında dövlət qeydiyyatına alınıb. “Crystal İnşaat”ın indiyədək icrasında iştirak etdiyi və ya bütün tikintisini həyata keçirdiyi layihələrin bəzisi: Zəngilan Beynəlxalq Hava Limanının tikintisində iştirak Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisində iştirak Şəki Prokurorluğunun inzibati binasının tikintisi Kürdəmir Prokurorluğunun inzibati binasının tikintisi Pirallahı Prokurorluğunun inzibati binasının tikintisi Şəki, Kürdəmir və Pirallahıdakı tikintilərə görə şirkət ümumilikdə 7 milyon 610 min manatdan artıq dəyəri olan tenderin qalibi olub. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinə isə ümumilikdə nə qədər vəsait ayrıldığı məlum deyil. Bu yolun tikintisi ilə bağlı yalnız işlərin davam etdirilməsi üçün İlham Əliyevin Avtomobil Yolları Dövlət Agentliyinə 14 milyon manat ayırdığı məlumdur. Bu məbləğin də nə qədərinin “Crystal İnşaat”a ödənildiyi bilinmir. “Crystal İnşaat” kimindir? Şirkətin Müşahidə Şurasının sədri Pərviz Vəliyevdir. O, hazırda Milli Məclisin YAP-dan olan deputatı Ağalar Vəliyevin oğludur. Ağalar Vəliyev özü də biznesmen deputat kimi tanınır. Meydan TV-nin 2015-ci ildə yayımladığı araşdırmaya görə, Ağalar Vəliyev 1996-cı ildən “Azəraqrartikinti” Dövlət Şirkətinin rəhbəri olub. 1997-ci ildə şirkət ləğv edilərək bazasında “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Araşdırmada qeyd olunur ki, cəmiyyətin bütün mülkiyyəti Ağalar Vəliyevə “hədiyyə” edilib. Hələ 2015-ci ildə “Azəraqrartikinti” ASC-nin 40 filialı var idi. Satınalmalar portalında bu ASC-nin yer aldığı və qalib gəldiyi cəmi 2 tender tapa bildik. Bunların da ümumi dəyəri 12 milyon manata yaxındır. Meydan TV-nin əldə etdiyi və 1998-2014-cü illər aralığında baş tutmuş tenderlərə əsasən, Ağalar Vəliyevin rəhbəri olduğu ASC 85 milyon 634 min manatdan çox dəyəri olan layihələri icra edib. Müəllif: Cavid Abdullayev mikroskopmedia.com Geri qayıt |