Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > Leytidə yaşamaq müşkülə çevrilib...

Leytidə yaşamaq müşkülə çevrilib...


1-08-2024, 12:14
Leytidə yaşamaq müşkülə çevrilib...
Xüsusilə yay aylarında bölgələrdə susuzluq əsas problemə çevrilir. Ucqar kəndlərdə yaşayanlar əsl cəhənnəm əzabı yaşayırlar. İçməli su əldə etmək üçün müxtəlif mənbələrə üz tutmaq lazım gəlir. Hələ də kəndlərdə uzunqulaqla su daşınmasını görmək mümkündür. Su Ehtiyatları Agentliyi ortada gözə dəymir. Paytaxtda indiyə qədər evlərə saatla su verilirsə, bölgələrin dərdinə çarə tapılacağını gözləməyə dəyməz.
Bizimyol.info xəbər verir ki, Şabranın kəndləri susuzluqdan çox əziyyət çəkir. Bunun nəticəsidir, xüsusilə ucqar kəndlər boşalır. Məsələn, Çuxurazəmi bu tale ilə üzləşib. Əhali illərdir su problemini həll edə bilmir. Məsul qurumlara çox üz tutsalar da, kənd sakinlərinin səsini eşidən yoxdur. Buna görə də adamlar ən yaxşı halda rayon mərkəzinə pənah aparırlar. Qubaya, Xaçmaza köçənlər də var.

Leyti neçə illərdir susuzluqdan yanır. İndi burada tərk edilmiş evlər yan-yana düzülüb. Kənd sakinlərindən Nüsrətdin Abdullayev də Leytidə yaşamağın çox çətin olduğunu deyir. Onsuz da qaz, işıq problemləri sakinləri əldən salmışdı. Susuzluq kənddə qalmağa əsas qoymur. Leytidə insanları içməli su ilə təmin edə biləcək yalnız bir bulaq gözə dəyir. Qadınlar burada saatlarla növbə çəkməli olur.

Qazbabalıda susuzluq həmişə problem olub. Uzunqulaqlarla su daşınmasını görmək istəyirsinizsə, məhz bu kəndə getməlisiniz. Yayda vəziyyət bir az da ağırlaşır. Az-çox su verən bulaqların gözü tutulur. Qazbabalıdan da gedənlər az deyil.

Ləcədi hamının yadından çıxıb. Kəndin problemləri azalmaqdan yalnız artır. Su yoxdursa, həyatın davam etdirilməsindən də danışmağa dəyməz. Buna görə də əhali azalır.

Şabran susuzluqdan ən çox əziyyət çəkən rayonlardandır. Hətta rayon mərkəzində də bu istiqamətdə ciddi problem nəzərə çarpır. Şabranda insanlar hətta ağacları sulamaq üçün də su tapmırlar. Amma necə vədlər verilmişdi! Guya kəndləri içməli su ilə təmin etmək üçün ciddi işlər görülür. Söz olaraq qaldı. Problem bir az da böyüdü. Susuzluq o həddə çatıb ki, kənd camaatı Şabranın özünə yox, daha çox qonşu rayonlara köçməyə üstünlük verirlər. Bakıda rahat kabinetlərlə əyləşənlərin isə belə şeylər vecinə deyil. Onların içməyə suyu var.

Geri qayıt