Əsas Səhifə > Güney Press, Manşet, Üçüncü sektor > Seçicilər Heydər Əsədovla görüşməkdən imtina etdi

Seçicilər Heydər Əsədovla görüşməkdən imtina etdi


23-08-2024, 13:14
Seçicilər Heydər Əsədovla görüşməkdən imtina etdi
Azərbaycan siyasətində bəzi deputatların Milli Məclisi şəxsi mülkləri kimi görmələri və parlamentdəki mövqelərini əbədiləşdirməyə çalışmaları uzun müddətdir müzakirə mövzusudur.

Seçkilər başladığı andan etibarən, bəzi namizədlərin mandatlarını təmin etmə cəhdləri və bu mövqeyi nəsildən-nəslə ötürmək istəkləri ortaya çıxır. Milli Məclisin xalqı təmsil etmək üçün nəzərdə tutulduğu halda, bəzi deputatlar bu vəzifəni şəxsi maraqlarına xidmət edən bir vasitəyə çeviriblər.

Təəssüf ki, bu tendensiya, demokratik institutların zədələnməsinə və vətəndaşların siyasətə olan inamının azalmasına səbəb olur. Millətin rifahına xidmət etmək yerinə, uzun müddət vəzifədə qalan və deputatlıq səlahiyyətlərindən şəxsi məqsədlər üçün istifadə edənlər cəmiyyətin inkişafına mənfi təsir göstərir.

Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə məqalələrin bugünkü qonağı 5 il Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik etmiş, hazırda isə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru olan, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 51 saylı Şirvan seçki dairəsindən verilən Heydər Əsədovdur.

Axtarış alətlərində sabiq nazirin barəsində apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, Heydər müəllim 5 illik nazir olduğu zamanda sözün əsl mənasında çalışdığı nazirliyi böyrü üstə qoyub. 2018-ci ildə vəzifəsindən azad ediləndən sonra o, həbs ediləcəyi ilə bağlı təşvişə belə düşmüşdü, hətta sakitləşdirici dərmanlar qəbul etdiyi haqda iddialar vardı.

Bununla bağlı yerli mətbuatda onun haqqında gedən yazını qısa şəkildə təqdim edirik:

“Belə bir vaxtda isə o, itirdiyi vəzifə, rahat kreslo axtarışına çıxmışdı. Və günlərin birində Heydər Əsədovu depressiyadan çıxaran qərar verilmişdi: O, 2019-cu ildə Dövlət Dənizçilik Akademiyasına rektor təyin olundu. Bundan sonra Əsədov düşünürmüş ki, xalqdan oğurladıqları yüz milyonların hesabını daha ondan soran olmayacaq, 5 illik talan dövrünü araşdırmayacaqlar.

Heydər Əsədov 2013-cü ildə nazir vəzifəsinə təyinat alandan sonra onun varidatı birə on artıb. Nazir postunu tutduğu dövrdə başçılıq etdiyi sahə Azərbaycan iqtisadiyyatının ən əsas prioritetlərindən biri olub. Ölkə rəhbərliyinin xüsusi önəm verdiyi bir sahəyə rəhbərlik edən Heydər Əsədovun da vəziyyəti heç də pis olmadı: hansı təkliflə çıxış etdisə, dəstək gördü. Məsələn, rayon şöbələrinin yaradılmasını istədi, yaradıldı. Artıq on ilə yaxın idi Kənd Təsərrüfatı Nazirliyinin bu istəyi reallaşmırdı. Daha sonra nazir şöbələrin əksəriyyətinə xüsusi inzibati bina istədi – tikildi. Heydər Əsədov 52 rayon şöbəsi üçün inzibati bina tikilməsini istəyirdi ki, buna da nail oldu.

Eyni zamanda, sabiq nazir Hökumət Evindəki ofisindən də narazıydı. Buna görə də KTN-in mərkəzi aparatına yeni binanın tikintisi üçün fəaliyyətlərə başlamışdı. Belə ki, 2017-ci ilin mayında binanın layihələndirilməsi, noyabrında isə artıq tikintisi üçün nazirlik tərəfindən tender elan edilib. Binanın 10 mərtəbəli olması nəzərdə tutulurdu.

Çoxsaylı binaların tikintisi ilə yanaşı, Heydər Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan milyardlarla manatı aşan büdcə vəsaiti aiddir.

Lakin nə baş verdi? Nazirliyin kənd təsərrüfatının idarə olunmasındakı rolunun artırılmasına, səlahiyyətlərinin genişlənməsinə rəğmən, Heydər Əsədov heç zaman kəndlinin, fermerin yanında olmadı, bunu özünə rəva bilmədi. Bir neçə il əvvəl bəzi yerli icra hakimiyyətləri maldar fermerləri kütləvi şəkildə otlaq-qışlaq yerlərindən məhrum edəndə nazir nəinki onları müdafiə etmədi, hətta yüz əziyyətlə qəbuluna düşən fermerlərə “mənim yanıma niyə gəlmisiniz, gedin məhkəməyə” deməkdən çəkinmədi. İş o yerə çatdı ki, cənub zonasında öz yerində taxıl deyil, daha çox gəlir gətirən sitrus ağacları əkmək istəyən sahibkarlar ölkə rəhbərliyinə üz tutmalı oldular”.

Qeyd edək ki, oxucularımızı yormamaq üçün Heydər Əsədov və onun ailə biznesləri ilə bağlı yazılan sözügedən məqaləni tam şəkildə vermədik.

İndi isə deputatlıq eşqinə düşən Heydər müəllim artıq özünü Şirvanın yiyəsi kimi aparır, rəqiblərinə qarşı hörmətsizlik etməkdən belə çəkinmir. Belə ki, Ümid Partiyasının təşəbbüsü ilə namizədliyini irəli sürən Peyman Sadıqov hakim partiyadan olan rəqibi, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədovu onun plakatlarını yararsız hala salmaqda ittiham edib. Heydər Əsədovu debata dəvət edən P. Sadıqov bu hərəkətləri çirkin bir mübarizə saydığını da qeyd edib.

Heydər müəllimin macəraları bununla da bitmir. Belə ki, bundan 3 gün əvvəl Heydər Əsədov seçicilərlə görüş keçirmək qərarına gəlsə də, onun növbəti görüşünə nəzərdə tutulan sayda vətəndaş gəlməyib. Bundan sonra Heydər Əsədov görüşə adam toplaya bilmədiyi üçün yaşlı nəslin nümayəndələrinə yaxınlaşaraq, onlarla fotolar çəkdirib. Bildirilir ki, o, vətəndaşlara yaxınlaşaraq, onlara əl uzadıb, ancaq sözügedən şəxslərdən bir neçəsi Heydər Əsədovla görüşdən imtina ediblər. Nəticədə rektor namizəd pərt olaraq, görüşünü yarımçıq bitirib.

Hər dəfə dediyimiz kimi, bu dəfə də sözümüzün üstündə duraraq təkrar edirik ki, bu xalqın gözü tərəzidir və bu millət mütləq ki, ağı qaradan seçə bilir. İnsanlar tərəfindən sevilməyən, KTN-dəki 5 illik hakimiyyəti dövründə nazirliyin bütün strukturlarını çapıb talayan cənab Əsədov bu dəfə deputat kimi qayıtmaq niyyətindədir…

Mövzunu davam etdirəcəyik…

www.yenicag.az

Geri qayıt