Əsas Səhifə > Güney Press, Partiya > "Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir"
"Demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir"30-09-2024, 11:19 |
Bəzilər ölkənin zəngin və dinamik siyasi həyatını öz “kirli” niyyətlərini həyata keçirmək üçün fürsət hesab edirlər. AXCP sədri Əli Kərimlinin xarici mətbuatda məqaləsinin çıxdığını eşidəndə, açığı təəccüblənmiş və həm də sevinmişdim. Sevinmişdim ona görə ki, nəhayət və bəlkə 30 ildən sonra bu insanın hansısa sahənin gələcək inkişafı ilə bağlı konseptual fikri ilə tanış ola bilərəm. Ancaq bu sevinc hissləri çox çəkmədi. Elə məqalənin ilk cümlələrindən başlayaraq qərəz dolu demaqogiyanın “ətri” naşatır spirtinin qoxusu kimi elə vurdu ki, bəhs etdiyim intizar və hisslərdən əsər-əlamət qalmadı. Az qala bir qərinəyə “sığacaq” siyasi karyerasını yalnız demaqogiya üzərində qurmuş bu populist peşəkar siyasətçi və ya hansısa sahənin mütəxəssisi kimi hələ də ortalığa fərqli və ciddi iş qoya bilməyib. Bu illər ərzində yalnız emosional demaqogiya və qalmaqal hesabına siyasətdə qalmağı bacarmış Kərimlinin ritorikası ancaq və ancaq manipulyasiya xarakterli olubdur. Əgər bu şəxsin ixtisası demaqoqluqdursa, əminliklə deyə bilərik ki, o, öz peşəsinə sadiqdir. Görünən odur ki, demaqogiyanın “parlaq” dövrü hesab olunan ötən əsrin 80-ci illərindən “saralmış” mətnlə özünü “böyük” siyasətə atmağı bacarmış Kərimli hələ də oynadığı ənənəvi rolundan əl çəkə bilmir. İlk baxışda siyasi dəcəllik və ya şıltaqlıq kimi görünən demaqogiya daha sonra cəmiyyət üçün arzuolunmaz hesab olunan fəsadlar verə bilər. Məhz elə ona görə də milli maraqların qorunması kontekstində bu cür siyasi cığallıqlara göz yummaq və onları görməzdən gəlmək yolverilməzdir. Qərəzli siyasi demaqogiyanın zamanında susdurulmaması daha sonra arzuolunmaz ciddi fəsadlara gətirib çıxara bilər. Necə ki, xırda xuliqanlıqların cəzalandırılmaması daha sonra cəmiyyət üçün təhlükəli tendensiyaların yaranmasına səbəb ola bilər. Müxalifət lideri iddiasında olan hər bir şəxs anlamalıdır ki, siyasi fəaliyyət müxtəlif sahələrin inkişafı ilə bağlı olan fərqli yanaşmaların, alternativ ciddi baxışların cəmiyyətə təqdim olunması əsasında qurulur. Yalnız bu halda insanlar həmin adamın həqiqi siyasi simasını və peşəkarlığını görə bilər. Görəsən, 30 il öncə yazılmış eyni fonoqram altında çıxış edən bu siyasətçi cəmiyyətə heç bir faydası olmayan ritorikasını təkrarlamaqdan yorulmadımı? Mövcud haldan utanacağını isə heç ehtimal belə etmirik. Heçmi öz üzərində çalışmaq istəmir bu insan? Axı, hətta kəndlərdə mağar toylarının müğənniləri belə ara-sıra öz repertuarlarını dəyişdirirlər... Nə isə, qayıdaq Kərimlinin sonuncu dəcəlliyinə. 30 illik siyasi fəaliyyətdən sonra bu insanın məqaləsi xarici jurnalların birində (“The Economist”) dərc olunub. Sizə də təəccüblü gəldi, elədirmi? Ancaq hələlik hər hansı qənaətə gəlməyə əsla tələsməyin. Sözügedən məqaləni “böyük” hadisəyə çevirmək istəyənlər əslində yenə də sadəcə olaraq radikal təfəkkürün düşüncə tərzinin arxasınca getmiş olurlar. Bəli, məhz arxasınca, çünki radikal təfəkkür bilavasitə “ağılsız” və “şüursuz” fanatizminin təzahürdür. Əslində məqalənin ilk cümləsindən yazının əsl və yeganə təyinatı bəlli olur. Təkcə elə bu fakt məqalənin dərc olunmasına şərait yaratmış Qərb nəşrinin də həqiqi niyyətlərini ifşa edir. Heç bir ciddi analitik fikir, hansısa elmi yenilik, dərin məzmun və ya müəllifin müasir qlobal tendensiyalara baxışlarını əks etdirməyən bu yazı xalis təxribat xarakterli məzmunsuz demaqogiyadır. İlk növbədə prinsipial olaraq onu vurğulamalıyıq ki, özünə hörmət edən sanballı nəşr və ya redaksiya bu cür “sarı mətbuatçılığı” özünə yaraşdırmaz. Yazını oxuduqca, sözügedən “dəcəlliyin” niyyəti və təyinatı daha da aydınlaşır. Mahiyyət etibarilə məqalədən daha çox öz rəhbərliyinə edilmiş donosa bənzəyən Ə.Kərimlinin sözügedən yazısının həqiqi təyinatını və müəllifinin siyasi xislətini ifşa edən bir neçə cümləyə diqqət yetirək. Məsələn, “bəs, birdən-birə bu qlobal tədbirə ev sahibliyi etmək istəyi niyə ortaya çıxdı?” - sualı ucuz demaqogiyanın xalis nümunəsi sayıla bilər. Qərəz dolu bu sözlər o qədər səviyyəsiz yanaşma ilə təqdim olunur ki, onların şərh edilməsi ayaq üstə zorla dayanan sərxoş insanla mübahisə etmək kimidir. Müstəqilliyimizin ilk illərində o cümlədən AXCP-nin səriştəsiz və yarıtmaz idarəçiliyi səbəbindən, yumşaq desək, itirdiyimiz mövqeləri bərpa etmək və ölkəni dayanıqlı inkişaf yoluna qoymaq məhz bugünkü iqtidarın misilsiz səylərinin nəticəsidir. Bu həm də gələcəyə hesablanmış siyasətin nəticəsidir ki, bütövlükdə Azərbaycan və xüsusilə Bakı artıq nüfuzlu beynəlxalq, hətta qlobal tədbirlərin mütəmadi keçirildiyi, dünyanın təhlükəsiz ünvanlarından biridir. Bütün dünyanı narahat edən müasir çağırışların elmi və siyasi müstəvilərdə müzakirəsinə həsr olunmuş qlobal tədbirlərin Bakıda keçirilməsinin nəticəsidir ki, ölkəmizin beynəlxalq səviyyədə nüfuzu durmadan artmaqdadır. Azərbaycanın müxtəlif səpkili təşəbbüsləri ölkələrin, xalqların və millətlərin, nüfuzlu şəxsiyyətlərin, müxtəlif maraqlı dairələrin daim diqqət mərkəzindədir. Regionun və Avropanın enerji təhlükəsizliyini təmin edən layihələr, dünyada münaqişələrin sayının durmadan artması fonunda Azərbaycanın israrla sülhpərvər multikulturalizm kimi dəyərlərin təbliğinə həsr olunmuş qlobal təşəbbüsləri, dünyada barış və sağlam həyat tərzini tərənnüm edən ölkəmizdə təşkil olunan beynəlxalq idman yarışları və yüzlərlə, bəlkə də minlərlə digər təşəbbüslərin nəticəsidir ki, bu gün beynəlxalq ictimaiyyət COP 29 kimi qlobal tədbirin keçirilməsini məhz bizim ölkəmizə etibar edib. Bütün bu mürəkkəb prosesləri, böyük məsuliyyət, əmək və əziyyətlər hesabına əldə olunmuş nəticələri, habelə ciddi maliyyə yatırımlarını və riskləri görməzdən gələrək “birdən-birə bu qlobal tədbirə ev sahibliyi etmək istəyi” kimi ifadənin dilə gətirilməsi təkcə qərəz, yalan və “kirli” siyasi rəqabətin təzahürü deyil, bəlalı siyasətçinin bu sözləri həm də böyük insafsızlıq, vicdansızlıqdır. Aydındır ki, bu cür yanaşma radikal təfəkkürün məhsulu olaraq həm də xain xislətin təzahürüdür. Əslində, qeyd olunanları radikalların bayraqtutanı şəxsən özü sözügedən məqaləsində dolayısilə təsdiqləyir: “Cənab Əliyev üçün COP 29-a ev sahibliyi etmək beynəlxalq aləmdən qazanılan nüfuzu öz xeyrinə istifadə etmək üçün ideal fürsətdir, son illərdə neft pulları hesabına təmir-tikinti bumu yaşayan Bakını dünyaya müasir şəhər, Azərbaycanı sürətlə inkişaf edən ölkə kimi təqdim etmək şansıdır.” Görünən odur ki, 30 il ərzində yalnız böhtan, manipulyasiya və təxribatlarla məşğul olan, habelə fani dividentlər naminə milli maraqları sataraq “marionet kukla” rolunu oynayan bu bəlalı demaqoq unudub ki, ölkənin beynəlxalq nüfuzunun artırılması və infrastrukturunun inkişaf etdirilməsi dövlət siyasətinin əsas və prinsipial istiqamətləridir. Bu siyasətşivənə onu da xatırladaq ki, qlobal tədbirlərin ölkəmizdə keçirilməsi eyni zamanda dünyaya inteqrasiya olunmaq deməkdir. Əlbəttə ki, hətta ölkənin daxilində siyasi dialoqdan hər vəchlə qaçan və həmrəyliyi israrla inkar edən radikal təfəkkür sahibi inteqrasiyanın əhəmiyyətini anlaya bilməz. Populist müəllifin sözügedən məqaləsində öz əksini tapmış digər sözlər də yazının Qərbin açıq sifarişi olduğunu ortaya qoyur: “Qərb Azərbaycan və Ermənistan arasında sülhü təmin etməkdə maraqlıdır.” Axı, bu cür sözləri necə dilə gətirmək olar? Başına Qərbin “yaylığını” atmış beynəlxalq təşkilatlar sülhü istəmiş olsalardı, məgər onların qətnamələri 30 il ərzində icra olunmadan kağız üzərində qala bilərdimi? Məgər, Qərb sülhün səmimi tərəfdarı olsaydı, bu gün Ermənistanın silahlandırılması prosesi davam edərdimi? Cavabları bəlli olan bu cür sualları sonsuza qədər artıra bilərik. Məhz elə bütün bunlara görə Kərimlinin bu cür mövqeyinin sifarişli olduğunu çəkinmədən deyə bilərik. Bu tükənmiş demaqoqun növbəti sözləri isə öz xidmətlərini Qərbə daha böyük paraya satmaq cəhdi kimi dəyərləndirilməlidir: “... cənab Əliyev son vaxtlar Kremllə daha yaxın əlaqələr qurmağa üstünlük verib...” Əslində, bu sözlərlə adını çəkdiyimiz zavallı şöhrətpərəst Qərbə mesaj verir ki, mən bütün növ əməkdaşlığa açığam. Yetər ki, məni dəstəkləyin və Azərbaycan sizin olsun. Sərgilənən bu cür mövqe başqa mənalarda anlaşıla bilməz. Bu “siyasətcığazın” siyasi cılızlığı və dəcəlliyi bununla da bitmir. Qərbə edilən yalvarışlar kontekstində onun digər sözlərinə diqqət yetirin: “Təşkilatlanmış müxalifətin olmaması isə Azərbaycanda siyasi qeyri-sabitlik riskini artırır.” Açıq şəkildə Qərb ilə siyasi alverlə məşğul olan Kərimlinin bu sözlərinin açıqlaması budur: “Azərbaycanda siyasi sabitliyi risk altına salmaq istəyirsinizsə, daha çox maliyyə ayrılmalıdır ki, radikallar təşkilatlansın”. Heç bir əlavə şərhə və izahata ehtiyac yoxdur, demaqoqun xain mövqeyi növbəti dəfə göz önündədir. Əslində düşündürücü əsas və başlıca sual odur ki, bu insan niyə məhz indi, 30 ildən sonra qələmi əlinə alıb Məşədi İbadın oxuduğu “Tarix-Nadiri” özü yazmaq həvəsinə gəldi? Bu təbii yaranan sualın cavabı əslində elə həmin yazının içindədir: “Bu ilin avqust ayından isə mənə qarşı qondarma böhtan ittihamı ilə cinayət işi başladılıb. 2 aydır ki, məhkəmə davam edir.” Vay-vay, deməli “quyruğu” qapı arasında qalan kimi demaqoqların bayraqtutanı Qərbə SOS siqnalı ötürür?! Beləliklə, 30 illik siyasi fəaliyyətindən sonra siyasi Məşədi İbadın bu yeni “Tarix-Nadiri” Azərbaycan ictimaiyyətinə xain xislətin və radikal təfəkkürün mahiyyətini bir daha açıb göstərmiş oldu. Asif Adil - Musavat.Com Geri qayıt |