Əsas Səhifə > Güney Press, Partiya > COP29-a kölgə salmaq istəyənlər kimlərdir?

COP29-a kölgə salmaq istəyənlər kimlərdir?


7-10-2024, 13:10
COP29-a kölgə salmaq istəyənlər kimlərdir?
“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının (COP29) dünya üçün həddindən artıq böyük əhəmiyyəti var”.

Bu sözləri Böyük Azərbaycan Partiyasının (BAP) sədri, deputat Elşad Musayev “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, COP29 qarşıdakı günlərdə beynəlxalq səviyyədə keçiriləcək ən böyük tədbirdir:

“COP29 iqlim dəyişikliyi ilə bağlı dünyada gedən prosesləri təhlil etmək və qərarlar qəbul etmək üçün təşkil olunan tədbirdir.

Üstəlik, COP29-un payızda ölkəmizdə keçirilməsi də çox önəmlidir.

Nəzərə almaq lazımdır ki, bu tədbir çərçivəsində təqribən 80 min qonağın Azərbaycana gəlməsi gözlənilir.

Ümumiyyətlə, Azərbaycanın beynəlxalq səviyyədə daha da tanınması, dünyada imicinin bir qədər də yüksəlməsi və yeni əlaqələrin qurulması baxımından COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti çox böyükdür”.

Partiya sədri qeyd edib ki, son zamanlarda ABŞ, Fransa başqa olmaqla, bəzi Qərb dövlətləri ölkəmizə qarşı təzyiq mexanizmini işə salıb:

“Son zamanlarda xarici qüvvələrin Azərbaycana qarşı təzyiqi var.

Ölkəmizin COP29-a ev sahibliyi etməsi bəzi qüvvələri qıcıqlandırdığı üçün belə addımlar atılır.

Onlar bu böyük beynəlxalq tədbiri keçirməyimizə kölgə salmağa çalışırlar. Ona görə də COP29-un ən yüksək səviyyədə keçirilməsi üçün ölkənin hakimiyyəti, siyasi cameəsi, media və vətəndaşları olaraq biz də böyük məsuliyyət daşıyırıq. Hesab edirəm ki, COP29-a da keçirdiyimiz digər beynəlxalq tədbirlər kimi ən yüksək səviyyədə ev sahibliyi edəcəyik”.

Millət Vəkili vurğulayıb ki, ölkəmizin beynəlxalq imicini yüksəltməsi, hərbi gücünü artırması və ərazi bütövlüyünü bərpa etməsini də həzm edə bilməyən qüvvələr var:

“Üstəlik, Ermənistan həmin qüvvələrin dostudur. Ona görə də müttəfiq olaraq rəsmi İrəvanın arxasında dayanırlar. Azərbaycana qarşı isə indiyə kimi ədalətsiz siyasət həyata keçiriblər.

Ümumiyyətlə, ABŞ və bəzi Qərb ölkələri Ermənistanı heç vaxt işğalçı kimi tanımayıblar.

Əksinə, 1992-ci ildə ərazilərimiz işğal olunanda Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdilər. Ondan sonrakı mərhələdə də mütəmadi şəkildə Ermənistana və qondarma quruma yardım ediblər.

Eyni zamanda, torpaqlarımızı işğaldan azad edə bilməməyimiz üçün ölkəmizə təzyiq göstəriblər.

İkinci Qarabağ və bir günlük antiterror əməliyyatından sonra yenidən bənzər təzyiqləri görürük. Çünki COP29-un Bakıda yüksək səviyyədə keçirilməsi Ermənistanı və onun arxasında duran qüvvələri çox narahat edir”.

Həmsöhbətimiz əlavə edib ki, sözügedən qüvvələrin digər məqsədi isə Ermənistanın işğal altında saxladığı digər əraziləri geri qaytarması və Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqdır:

“Ermənistan hələ də Azərbaycanın ərazilərini işğal altında saxlayıb. Qazaxın 3 kəndi və Naxçıvanın Kərki kəndi işğal altındadır. Lakin Ermənistan onları qaytarmaq məcburiyyətindədir.

Həmçinin, Zəngəzur dəhlizi də açılmalıdır. Bütün bunların qarşısını almaq üçün isə ölkəmizə təzyiq göstərirlər.

Amma bunların heç bir xeyri olmayacaq. COP29-u yüksək səviyyədə keçirəcəyik, ondan sonrakı mərhələdə isə Zəngəzur dəhlizinin açılması və digər məsələlər öz həllini tapacaq”.

Geri qayıt