Əsas Səhifə > Güney Press, Partiya > “Nemət Pənahlının dediyindən belə çıxır ki, onunla görüşən həmin üç yəhudi bütün dünyanı idarə edirmiş”
“Nemət Pənahlının dediyindən belə çıxır ki, onunla görüşən həmin üç yəhudi bütün dünyanı idarə edirmiş”12-10-2024, 11:06 |
Milli Azadlıq Hərəkatının tanınmış simalarından biri olan Nemət Pənahlı “Tv Müsavata”ın canlı efirinin qonağı olub. Musavat.com xəbər verir ki o, Sevinc Telmanqızının “Canlı Debat” verilişində sualları cavablandırıb. Nemət Pənahlı verilişdə sensasion açıqlamalar verərək, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin hakimiyyətə gətirilməsində yəhudi lobbisinin, sionistlərin rol oynadığını iddia edib. O, bu iddiaya əsaslanan uzaq keçmişə aid bir hekayəni danışıb və bu hadisənin sensasiya xarakterli olduğunu bildirib: “Üç nəfər Beynəlxalq yəhudi icmasının üzvü 1989-cu ildə Xalq Cəbhəsi rəsmi yaranandan cəmi 15 gün sonra mənimlə görüşdü. Bizə maliyyə və mediada təbliğat dəstəyi təklif etdilər, həmçinin dedilər ki, bizimlə əməkdaşlıq etsəniz sizi KQB-dən qoruyarıq. Mən onlara dedim ki, siz kimsiniz KQB-dən məni qoruyasınız. Gülümsədilər və dedilər ki, bizim-sionistlərin razılığı olmadan nə KQB, nə MİT, nə Mərkəzi Kəşfiyyat İdarəsi addım atmaz. Mən razılaşmadım. Sonra onlar yeni-yeni tanınmağa başlayan Əbülfəz bəylə (Əbülfəz Elçibəy) görüşdülər və razılığa gəldilər. Məhz bundan sonra Əbülfəz bəyin ölkə və dünya miqyasında təbliğatı başlandı. Elçibəy adı da bundan sonra meydana gətirildi və bu ad beynəlxalq səviyyədə təbliğ edildi. 20 yanvar hadisələrində Əbülfəz bəy başda olmaqla onun ətrafındakılardan bir nəfərin burnu belə qanamadı, bir nəfər belə həbs edilmədi. Sonrakı hadisələr isə məlumdur, Elçibəy hakimiyyətə gətirildi”. Bu iddialarda həqiqət payı varmı? Yoxsa uydurmadır? Mərhum eks-prezident Əbülfəz Elçibəyin sabiq köməkçisi Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, Nemət Pənahlının bu cür açıqlamaları sağlam düşüncəyə əsaslanan düşüncənin məhsulu deyil. Adətən bu cür iddialar qeyri-adekvat düşüncə tərzinin sahiblərinin iddiaları kimi qəbul olunur. Nemət Pənahlı da bu günə qədər bu və ya digər məsələlərlə bağlı iddialar irəli sürüb və bu iddiaların heç birinin hansısa bir əsası olmayıb: “Bu iddiası da o cür əsassız, bir az da qeyri-normal düşüncənin məhsulu kimi qəbul olunmalıdır. Çünki həmin iddialarla baş verən proseslər arasında hansısa bir əlaqənin olduğunu söyləmək imkansızdır. Belə çıxır ki, Nemət Pənahlının dediyinə görə, onunla görüşən həmin üç yəhudi bütün dünyanı idarə edirmişlər və bütün proseslər onların düşündüyü istiqamətdə cərəyan edirmiş. Əgər elədirsə, nədən həmin şəxslər məhz Azərbaycanda prosesləri fərqli yönə yönləndirmədilər, əgər onlar doğrudan da Nemətin iddia etdiyi kimi Əbülfəz Elçibəyi və komandasını guya razılaşma ilə hakimiyyətə gətirmişdilərsə ”dünyanı idarə edən" həmin adamlar nədən Əbülfəz Elçibəyin hakimiyyətini qorumadılar? Əvvəla, Nemət Pənahlı çox yaxşı deyir ki, Əbülfəz Elçibəy 1960-1970-ci illərdən müstəqillik ideyasının daşıyıcısı olub, gizli təşkilatlar qurub. Əbülfəz bəy Nemət Pənahlıdan fərqli olaraq məhz bu fəaliyyətinə görə də həbs olunub. Və həmin Nemət Pənahlı məhz o dövrlər Əbülfəz Elçibəyə özünün mənəvi atası deyə xitab edirdi. İndi Nemət Pənahlının əsilsiz iddiaları Əbülfəz Elçibəy və onun ideyalarına kölgə sala bilməz". Oqtay Qasımovun dediyinə görə, bu cür iddialar Azərbaycan xalq hərəkatı və onun mahiyyətini ucuzlaşdırmaq və ona kölgə salmaq məqsədi daşıyır ki, Nemət Pənahlı bunu ya bilərəkdən, ya bilməyərəkdən edir: “Amma bir daha qeyd edirəm bu cür iddiaların heç bir əsası yoxdur. Yəni Azərbaycan cəmiyyəti və Azərbaycanda baş verən proseslər tamamən Nemət Pənahlının iddialarının əksinə olub. O baxımdan bu cür məsələləri mən şərh etməyin əslində ümumiyyətlə tərəfində deyiləm. Sadəcə olaraq Nemət Pənahlı ən azından Azərbaycan mentalitetinə, adət-ənənələrinə hörmət etmir, 24 ildir dünyasını dəyişmiş adamdan əl çəkmir. Bu da bizim milli əxlaq və mənəviyyatımıza zidd olan bir davranışdır. Azərbaycan xalqının belə bir gözəl milli xüsusiyyəti var ki, vəfat etmiş şəxsin haqqında ya yaxşı danışır, ya da ümumiyyətlə danışmır. Amma Nemət Pənahlı zamanında o iddiada olub ki, Azərbaycan xalq hərəkatının lideri o olmalı imiş, lakin ola bilməyib. Bu da bir yarımçıqlıq və natamamlıq kompleksidir ki, məhz Nemət Pənahlı daxil olmaqla vaxtıilə xalq hərəkatında iştirak eləmiş bir çox şəxslərdən hələ də əl çəkmir. O səbəbdən də onlar Əbülfəz Elçibəy haqqında bu gün də ağızlarına gələni danışırlar. Bu da cəmiyyətimiz tərəfindən olduqca neqativ qarşılanır”. Geri qayıt |