Əsas Səhifə > Güney Press, Partiya > "Müstəqilliyimizi bərpa etmişik, amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir...”

"Müstəqilliyimizi bərpa etmişik, amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir...”


19-10-2024, 00:10
"Müstəqilliyimizi bərpa etmişik, amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir...”
“Bir qərinədir ki, müstəqilliyimizi bərpa etmişik, amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir... Müstəqilliyimizə təhdidlər var... Təhdidlər - savadsız, bilgisiz adamları qorxudar. Təhdidlər - qorxaqların silahıdır. ALLAH qanı təmiz, yolu, idealı aydın, məqsədi müqəddəs, inamlı, imanlı olanları tək qoymaz! Biz əzəldən Qalib idik! Yenə də, Qələbə bizim olacaq! Xalqımız, Millətimiz Qalib olacaq”.

Bu fikirləri Moderator.az-a açıqlamasında 1988-1992-ci illərdəki milli azadlıq hərəkatının liderlərindən biri olmuş, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktına imza atmış istiqlalçı deputat, KXCP sədri Mirmahmud Mirəli oğlu dilə gətirib.

“ “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsi rəhbər tutularaq, Azərbaycan Respublikasının Müstəqillik haqqında Konstitusiya Aktının qəbul olunmasından 33 il – bir qərinə keçir. 1920-1930-cu illərdə də Sovet-bolşevik-kommunist imperiyasına qarşı açıq üsyanlar qaldıran və amansız qətllər və repressiyalarla üzləşən Azərbaycan xalqının müstəqilliyimizin bərpasına doğru aparan hərəkatı gizli, bəzən də yarımgizli şəkildə həmin sovet dövründə - XX əsrin 40-60-cı illərində də davam edərək 1988-ci ildən açıq şəkildə üzə çıxdı və nəhayət, 1991-ci ilin oktyabrın 18-də - o şərəfli gündə öz əsas hədəfinə çatdı. Müstəqilliyimizin bərpasına doğru gedən yolda bizlər bir xalq, millət olaraq ŞƏHİDLƏRLƏ iştirak etdik, Qazilərlə iştirak etdik, Azərbaycan Xalq Cəbhəsi olaraq iştirak etdik... Milli Azadlıq Hərıkatının lideri Azərbaycan xalqıdır”- deyən Liderimiz ilə iştirak etdik”, -davamında bunları söyləyən partiya sədri hələ də müstəqilliyimizə təhdidlər olduğunu, lakin sonda yenə də Azərbaycan xalqının qalib olacağını diqqətə çatdırıb.

“Bu gün mən çox qürurluyam və çox xoşbəxtəm ki, ALLAH Müstəqilliyimizin Bərpası Gününün yetişməsi uğrundakı o müqəddəs Hərəkatda bir fərd olaraq iştirakı, o Müstəqillik haqqında Konstitusiya Aktının altında imza qoymağı mənə də nəsib etdi…

Biz müstəqilliyimizi bərpa etməklə qanlı, qırmızı rus - sovet imperiyasına son verdik. Xalqlar həbsxanası olan – “sovet sosialist respublikaları ittifaqı” adlanan şər imperiyası, tarixin arxivinə göndərildi... Və o ittifaqın guya könüllü üzvü olmuş “Azərbaycan ssr”-in əvəzində yeni, müstəqil dövlətçiliyimizin əsasını qoyduq... Fəqət, nə yazıqlar ki, qırmızı, çar - rus - sovet imperiyasının yerində, özünü qanlı sovet imperiyasının varisi elan edən "yeni" rusiya peyda oldu... Və əslində çar-rus-sovet imperiyasının varisi demək həm də “Kürəkçay”, “Gülüstan”, “Türkmənçay”, “28 Aprel”, 20 Yanvar qətliamı, Xocalı soyqırımının varisi olmaq deməkdir... Təzadlıdır ki, Vətənimizi xalqımızı parçalayıb iki şaqqaya ayıran mənfur Gülüstan müqaviləsi də oktyabrda imzalanmışdı... Bu günlər 211 ili tamam oldu... Bir vaxtlar o müdhiş 70 il boyu – bir "böyük oktyabr sosialist inqilabı" deyilən "bayram" da var idi... Allah bu xalqın taleyini elə yazdı ki, Müstəqilliyimizin Bərpası da məhz oktyabrda baş tutdu...

Bir qərinədir ki, müstəqilliyimizi bərpa etmişik... Amma yenə də, Şimal - Quzey küləkləri əsməkdədir... Müstəqilliyimizə təhdidlər var... Təhdidlər - savadsız, bilgisiz adamları qorxudar. Təhdidlər - qorxaqların silahıdır. ALLAH qanı təmiz, yolu, idealı aydın, məqsədi müqəddəs, inamlı, imanlı olanları tək qoymaz! Birdəfəlik bilməliyik ki, qarı düşmən dost olmaz. Düşməni dost tutanlar - kim olur olsun, bilərəkdən - bilməyərəkdən - daxili düsmənimizdir... Amma biz əzəldən Qalib idik! Yenə də, Qələbə bizim olacaq! Xalqımız, Millətimiz Qalib olacaq... Odur ki, bu müqəddəs bayram münasibətlə xalqımızı təbrik edir, ona yeni-yeni qələbələr diləyirəm... Müstəqilliyimizin bərpasının 33 - cü ili mübarək olsun! Müstəqilliyimiz dünya durduqca əbədi olsun! Allah şəhidlərimizin qisaslarını almaqla ruhlarını şad etməyi nəsib etsin bizlərə! Allah qazilərimizə şəfa versin! Ordumuz, Müzəffər Əsgərimiz daim Qalib olsun! İnşallah, Bütöv Azərbaycan vətəndaşı olmaq da nəsibimiz olsun!”, - deyə sonda istiqlalçı deputat arzularını ifadə edib.

Geri qayıt