Əsas Səhifə > Güney Press, Partiya > “Bu format bölgədə dayanıqlı sülh üçün vacibdir”

“Bu format bölgədə dayanıqlı sülh üçün vacibdir”


20-10-2024, 01:22
“Bu format bölgədə dayanıqlı sülh üçün vacibdir”
“Cənubi Qafqazda “3+3” əməkdaşlıq formatı Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdən dərhal sonra ideya kimi irəli sürülüb. Bu ideyanın müəllifi Türkiyə və Azərbaycanın liderləridir”.

Bunu TNS-ə siyasi elmlər doktoru Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar fonunda daha uğurlu, perspektivli əməkdaşlıq qurmaq üçün real imkanlar yaranıb: “Region ölkələri arasında keyfiyyətcə tamam fərqli bir dialoq mühiti formalaşa bilər.

Bu da regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması baxımından çox əlverişlidir. Region ölkələri arasında yeni əməkdaşlıq platforması istənilən məsələlərin operativ müzakirə edilərək, həll olunması imkanlarını ortaya qoyur. "3+3" əməkdaşlıq formatı ticari-iqtisadi, ticarət-logistika, humanitar, mədəni sahələrdə region ölkələri arasında sıx, qarşılıqlı maraqlara verəcək əməkdaşlıq və dialoq mühitini təqdim edir”.

O bildirib ki, bu, çox uğurlu ideyadır: “İstanbulda region ölkələrinin xarici işlər nazirlərinin görüşü baş tutdu. Bu görüş bir daha "3+3" əməkdaşlıq formatının yaxşı perspektivlərinin olduğunu göstərdi. Bu format çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsi ətrafında müzakirə aparıldı. Ölkəmiz bu platforma çərçivəsində bir daha öz mövqeyini aydın ifadə etmiş oldu ki, bizə açıq məsələlərin qalmadığı sülh sənədi lazımdır. Ermənistan sülh sazişinin imzalanmasını istədiyini bildirir. Azərbaycanın mövqeyi isə ondan ibarətdir ki, bizim qoyduğumuz ədalətli şərtlər mütləq nəzə alınmalıdır və yalnız bundan sonra sülh müqaviləsi imzalana bilər. Bu, Azərbaycanın bir daha öz mövqeyini ortaya qoyduğu bir görüş oldu”.

Elşad Mirbəşir oğlu qeyd edib ki, bu görüşdə Türkiyə-Ermənistan münasibətləri də müzakirə olunub: “Ermənistan həyata keçirdiyi işğalçılıq siyasəti ilə özünü regiondakı mühüm enerji layihələrindən, nəqliyyat- kommunikasiya əlaqələrindən kənarda qoyub. Bu görüş Ermənistan üçün də yaxşı imkan yaradır. "3+3" yeni əməkdaşlıq ideyasının reallaşdırılması fonunda keçirilən görüşlər zamanı müxtəlif məsələlərlə yanaşı, nəqiliyyat-kommunikasiya xətlərinin açılması məsələsi də müzakirə olunmaqdadır. Hesab edirəm ki, "3+"3 yeni əməkdaşlıq formatı bütün region ölkələri üçün çox maraqlıdır və bu müxtəlif sahələrdə keyfiyyətli əməkdaşlıq sisteminin qurulması ilə birlikdə gələcəkdə də regionda dayanıqlı sülhün və etibarlı təhlükəsizlik mühitin yaradılması baxımından çox unikal imkanlar təklif edir".
Geri qayıt