Əsas Səhifə > Güney Press, Partiya > Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir

Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir


22-10-2024, 09:44
Vaşinqton Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir
Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib. Maykl Karpenter ABŞ-nin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu deyib. Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirib ki, ABŞ-nin bu prosesin irəli aparılmasında qəti dəstəyi var. Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən dövlət başçısı İlham Əliyev vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident qeyd edib ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərini 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müəyyən suallar doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımlarını davam etdirəcəyini vurğulayıb. Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Bu arada Amerika Birləşmiş Ştatlarının prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda qeyd olunub ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır: "Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək".

Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Sherg.az"a vurğulayıb ki, ABŞ-də fəaliyyət göstərən erməni lobbisi həddindən artıq fəaldır və daim öz imkanlarından istifadə edərək Amerika siyasətinə təsir göstərməyə çalışırlar. Məhz buna görə bəzən Konqresdən və digər amerikalı rəsmilərdən Azərbaycana qarşı addımların şahidi oluruq. Deputat vurğulayıb ki, hər şeyə rəğmən ABŞ-nin dövlət maraqları Azərbaycanla müsbət münasibətlər qurmaqda maraqlıdır:

"Azərbaycanla əlaqələrin normal olması ABŞ-nin milli təhlükəsizliyinə bilavasitə təsir göstərən amillərdən biridir. Cənubi Qafqaz bölgəsinin ən əsas və aparıcı dövləti Azərbaycandır. Bakı hər zaman Ağ Evin haqlı hesab etdiyi siyasətinə, xüsusən təhlükəsizlik məsələlərinə dəstək verib, enerji məsələlərində mühüm rol oynayıb. O baxımdan ABŞ Azərbaycan kimi müttəfiqini, tərəfdaşını itirməkdən çəkinir. ABŞ bölgə ölkələrinə münasibətdə obyektiv davranmalı, balansı gözləməlidir. Ağ Ev öz siyasətində əvvəlki səhvlərə yol verməməlidir. Azərbaycanla əməkdaşlığı normal səviyyədə saxlamaq üçün qərəzli münasibətə son verməlidir. Əks halda Azərbaycan-ABŞ münasibətlərinə böyük ziyan dəyə bilər. Azərbaycan müstəqil ölkədir. Biz öz xarici siyasətimizi qarşılıqlı tərəfdaşlıq, əməkdaşlıq əsasında qururuq. İstənilən ölkə ilə normal əməkdaşlığa hər zaman hazırıq. Amerika öz səhvlərini düzəltməlidir".
Geri qayıt