Əsas Səhifə > Güney Press, Partiya > “Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi”

“Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi”


23-10-2024, 01:22
“Baydenin mövqeyi ölkəmizə qarşı təxribatçı davranışların üstündən xətt çəkdi”
“Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubdan bu qənaətə gəlmək olar ki, rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının məntiqi sonluğunun olmasında son dərəcə maraqlıdır”.

Bunu TNS-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, ABŞ Prezidentinin budəfəki məktubunda başqa bir mövzu yoxdur, yalnız Azərbaycan-Ermənistan sülh danışıqları və onun yekunlaşması ilə bağlı rəsmi Vaşinqtonun istəyi ortaya qoyulub: “ABŞ-nin dövlət başçısı vurğulayır ki, danışıqlar prosesindəki tərəqqidən məmnundur, sülh prosesinin yekunlaşmasına öz dəstəyini verməyə hazırdır. Cozef Bayden bildirib ki, onun köməkçisi sülh danışıqları ilə bağlı Azərbaycan Prezidentinə məlumat verəcək. ABŞ Prezidenti etiraf edir ki, sülh sazişinin imzalanması bütün regionda çox ciddi transformasiyaya gətirib çıxara biləcək və eyni zamanda, Avropa və Mərkəzi Asiya arasında ticarət əlaqələrinin, investisiya qoyuluşunun yüksəlişini təmin edəcək. Bununla Bayden həm də Cənubi Qafqaz regionunun necə mühüm əhəmiyyət kəsb etdiyini, Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin inkişafında körpü rolunu oynadığı məsələsinə diqqət ayırıb. Bu məktubda diqqətçəkən məqamlardan biri də odur ki, ABŞ Prezidenti Bakıda keçiriləcək COP29 tədbirinin dünyanın diqqət mərkəzində olduğu faktını vurğulayır. Hesab edirəm ki, bu, çox ciddi fikirdir. Yəni bütün dünyanın "ürəyi" iki həftə ərzində Azərbaycanın paytaxtı Bakıda döyünəcək. Buradan yaranan bir qənaət də budur ki, ABŞ COP29 tədbirinə dəstək vermək niyyətini gizlətmir”.

Deputatın sözlərinə görə, Azərbaycanı istəməyən qüvvələr maraqlıdırlar ki, COP29 tədbirinə qarşı böyük dövlətlərin boykot siyasəti reallaşsın, amma Cozef Baydenin bu mövqeyi təxribatçı davranışların hamısının üstündən xətt çəkmiş oldu: "Bayden qeyd edir ki, Azərbaycanın dünyanın diqqət mərkəzində olduğu reallıqda sülh prosesinə tövhə vermək üçün misilsiz bir şansı var. Bu da Azərbaycanın sülh prosesinə verə biləcəyi töhfənin nə qədər böyük, ölkəmizin necə aparıcı rola malik, lider dövlət olduğunun Bayden tərəfindən etirafıdır. Ölkəmizi bu məsələdə hər hansı güzəştə getməyə məcbur etmək faydasızdır. Azərbaycanın Ermənistanla danışıqlara getməsi, ölkəmizin 5 baza prinsipini irəli sürməsi, sülh müqaviləsinin layihəsini hazırlaması özü bir göstəricidir ki, biz sülh müqaviləsinin imzalanmasını istəyirik”.

E. Nəsirovun fikrincə, ABŞ dövlət başcısı böyük ehtimalla güzəşt deyərkən, onu nəzərdə tutur ki, Azərbaycanın bu məsələ ilə bağlı prinsipial mövqeyi var: "Həmin mövqeyi cənab Prezident İlham Əliyev dəfələrlə qeyd edib: "Bəli, biz sülh müqaviləsini imzalamağa hazırıq, amma Ermənistan konstitusiya səviyyəsində Azərbaycana qarşı ərazi iddialarını dayandırsın və erməni xalqı bunu referendumla təsdiq etsin”. Görünür, Baydenin niyyəti odur ki, referendum olmadan sülh sazişi imzalansın. ATƏT-in Minsk qrupunun buraxılması məsələsi də Azərbaycanın əsas tələblərindən biridir. Bayden ATƏT-in Minsk qrupu məsələsində də gözləmə mövqeyində dayanır və hesab edir ki, bunun vaxtı çatmayıb. O, güzəşt deyərkən, bu tip məsələləri nəzərdə tuta bilər. Düzdür, Bayden güzəştin mahiyyətini açıqlamır, konkretləşdirmir, amma təhlil zamanı ilk düşünülən məsələ bu olur. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan sülh müqaviləsini imzalamağa hazırdır.

Ümumilikdə Baydenin bu məktubu onu göstərir ki, ABŞ sülh prosesində son dərəcə maraqlıdır və COP29 tədbiri ilə bağlı Azərbaycanın rolunu yüksək qiymətləndirir, bu istiqamətlərdə onu dəstəkləmə prinsipinə sadiqdir”.
Geri qayıt