Əsas Səhifə > Güney Press, Partiya > Partiyalar dövlətdən aldıqları pulu nəyə xərcləyəcək?

Partiyalar dövlətdən aldıqları pulu nəyə xərcləyəcək?


23-10-2024, 09:09
Partiyalar dövlətdən aldıqları pulu nəyə xərcləyəcək?
Bu il keçirilən növbədənkənar parlament seçkilərində iştirak etmiş siyasi partiyaların dövlət büdcəsindən maliyyələşəcəyi açıqlanıb.

Belə ki, Müsavat Partiyası, Ağ Partiya, Ümid Partiyası, Azərbaycan Xalq Partiyası (AXP), Azərbaycan Demokrat Partiyası (ADP), Ədalət Partiyası (ƏP), Müasir Müsavat Partiyası (MMP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP), Yeni Zaman Partiyası (YZP), Gələcək Azərbaycan Partiyası (GAP), Haqq Ədalət Partiyası (HƏP), Azad Vətən Partiyası (Azad Vətən) maliyyə yardımı alacaq.

Bəs, onlar ayda nə qədər vəsait alacaq və o pulu nəyə sərf edəcəklər?

Globalinfo.az-a danışan Müsavat Məclisinin sədri Arif Hacılı deyib ki, Maliyyə Nazirliyinin verdiyi məlumata görə, ilin son 3 ayı və 8 gün üçün Müsavat Partiyasına 9 min 200 manat vəsait ayrılıb.

O, bu məbləğin müxtəlif istiqamətdə sərf ediləcəyini bildirib:

“Bu vəsait Müsavat Partiyasının qərargahının saxlanması, kommunal ödənişlərin, kirayə haqqının verilməsi və s. kimi məsələlərə xərclənəcək. Vəsait kifayət qədər minimal bir məbləğdədir. Təbii ki, belə vəsaitlə ciddi struktur fəaliyyəti göstərmək mümkün deyil. Amma bütün məsələlər yəqin ki, partiyada müzakirə olunacaq və bundan sonra müvafiq qərarlar qəbul ediləcək”.

Ağ Partiya sədri Tural Abbaslı deyib ki, il ərzində partiyalara büdcədən ayrılan vəsait 5 milyon manat təşkil edir:

“Bu məbləğin 90 faizi parlament partiyalarına xərclənilir. Cəmi 5 faizi seçkilərdə iştirak edib, lakin parlamentə düşməyən partiyalar arasında bölünəcək. Biz parlamentə düşməyən partiyalar arasında ən çox səs yığan ikinci partiyayıq. Ödənişlər 3 aydan bir həyata keçirilir. Orta hesabla aylıq ödəniş hardasa 1400-1500 manat civarındadır. Onun nə dərəcədə və hara xərcləmək mümkündür, bilmirəm (gülür). Ən azından bir mühasib lazımdır ki, dövlət büdcəsindən ayrılan vəsaitlərlə bağlı haqq-hesab aparsın. Bunları hesablayın, görün, bizmi o pulun üzərinə pul qoyacağıq, yoxsa o pul bizə bəs edəcək?!”

T.Abbaslının bildirib ki, istənilən halda, məbləğ simvolik də olsa, bunu faydalı hesab edirlər:

“Gələcəkdə bu məbləğin artırılacağını güman edirik. Çünki partiyaların normal fəaliyyət göstərə bilməsi üçün çox pul lazımdır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə onlara nə qədər vəsait ayrıldığından məlumatsız olduğunu qeyd edib:

“Vallah, ayrılan vəsaitin dəqiq nə qədər olması barədə məlumatım yoxdur. Necə deyərlər, kənddə ipək yoxdur, yanında da barama. Hələ bizə pul verən varmı ki, onu da harasa xərcləyək?”
Geri qayıt