Əsas Səhifə > Güney Press, Partiya > “Avtoqol”la uduzanlar…
“Avtoqol”la uduzanlar…25-10-2024, 11:26 |
Erməniləri müdafiə edənlərin Azərbaycana qarşı “səlib yürüşü” davam edir. Bu yürüşün iştirakçılarının əsl niyyətlərini bilirik. Bəhanələri insan haqları, demokratiya və s. kimi məsələlər olsa da, onları maraqlandıran Azərbaycana qarşı qətliam törətmiş erməni cinayətkarları qəbul etdikləri kağız parçaları ilə alacaqları cəzadan qorumaq istəyidir. Vardanyana, Arayikə və digər cinayətkarlara, əli xalqımızın qanına batanlara mələk donu geyindirməklə Azərbaycanın torpaqlarına qəsd edən, azərbaycanlıları soyqırım edənləri müdafiə etməyə çalışırlar. Avropa Parlamentinin son qətnaməsi bunun sübutudur. Bütün bunlar Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq tədbir - COP29 ərəfəsində növbəti təzyiqlərdən biridir. Azərbaycanın özünün milli və dövlət maraqlarını sonuna qədər qoruyacağını və bu təzyiqlərə baş əyməyəcək qədər güclü olduğunu da yaxşı bilirlər. Dövlətin qüdrəti, Prezidentin iradəsi və qətiyyəti, ölkə daxilində siyasi həmrəylikdən milli birliyə qədər keçilən yol, xalqın mövqeyi, siyasi qüvvələrin bu təzyiqlərə qarşı birgə müqaviməti dediyimizin əyani sübutudur. Amma içimizdə bu kağız parçalarını bəh-bəhlə tərifləyib göylərə qaldıran, onu özlərinin siyasi diriliyi kimi qəbul edən “şeytanlar “ın olacağı istisna deyil. Əli Kərimli, Cəmil Həsənli və yaxud xaricdə oturub kimlərinsə sifarişini yerinə yetirən buqələmunlar öz şeytan xislətlərini ortaya qoymağa başlayacaqlar. COP29 iqlim sammiti ərəfəsində Azərbaycan dövlətinin və xalqının maraqlarının əksinə olan istənilən sənəddən, adi kağız parçası olsa belə, ümidlənənlər çox olacaq. Bu adamlar dərk etmirlər ki, o kağız parçalarını hazırlayanların və qəbul edənlərin yadına illərlə nə insan hüquqları, nə də insan azadlıqları düşürdü. İndi sadəcə, əllərində bəhanə bu, məqsəd isə Azərbaycanın ərazi bütövlüyünə qəsd edərək, ermənilərdən ibarət qanunsuz silahlı birləşmələr yaradaqaraq azərbaycanlıları doğma yurd-yuvalarından qovan, sərvətlərimizi talayanları müdafiə etməkdir. Azərbaycana qarşı təzyiqlərin indiki durumunun başqa izahı yoxdur. Azərbaycanın öz suverenliyini tam təmin etməsini, torpaqlarının işğaldan azad olunmasını qəbul edə bilməyənlər bütün imkanlarından istifadə edərək fəaliyyətə başlayıblar. Əli Kərimli və eləcə də, onun kimi xaricdən oxunan mahnıların nəqaratçıları üçün bütün bunların “niyəsi” maraqlı deyil. Onlar üçün maraqlı olan ancaq öz çıxarları və aldıqları təlimatları icra etməkdir. "The Guardian" qəzetində Azərbaycan əleyhinə dərc olunan məqaləni sevincək paylaşmaq da həmin təlimatın icrasından bir mərhələsidir. Öz imzası ilə, əslində isə başqalarının hazırladığı və “The Economist”-də dərc olunan məqalədən sonra "The Guardian"da Azərbaycan əleyhinə yazılan növbəti məqaləni də ona görə belə sevincək paylaşır. Bu nəşrlərin humanistliyi, insansevərliyi, azadlığa sədaqəti bəs nə qədərdir? Doğrudanmı bu nəşrlər insan hüquqlarına bu qədər sayğı göstərir, onu müdafiə edirlər? Bunlar o nəşrlərdir ki, onlar üçün hansısa ölkədə insan hüququ, azadlığı ən sonuncu pillədə dayanır. Belə olmasaydı, 30 il Azərbaycan torpaqlarının işğalda qalmasına, insanların qətlə yetirilməsinə, Xocalı soyqırımına, Ermənistandan qovulan soydaşlarımızın hüquqlarına da bir dəfə diqqət göstərilər, məqalə hazırlanardı. Belə olmasaydı, Azərbaycanda ekologiyanın bərbad vəziyyətindən məqalə hazırlayan həmin o müəllif bircə dəfə ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri ekoloji terrordan da yazardı. Hər şey və yanaşma göz qabağndadır. Azərbaycanla bağlı bütün məsələlərə həmişə göz yumulub. Bunu hər kəs bilir və Əli Kərimli də bunu bilməmiş deyil. Elə isə Azərbaycanın öz torpaqlarını azad etməsinə, suverenliyinin bərpasına, ermənilərdən ibarət qanunsuz silahlı birləşmələr yaradaraq illərlə torpaqlarımızda məskunlaşıb cinayət törədən və həbs olunan ermənilərə görə dövlətimizə qarşı çirkin kampaniya aparanlarla niyə eyni sırada durur? Belə müxalifətçilik olurmu? Müxalifətçilik dövlətə və xalqa qarşı olmur. Dövlətə və xalqa yönələn addımlara dəstək vermək müxalifətçilik yox, düşmənçilikdir. Təbii ki, biz bu təzyiqlərin müddətli və kampaniya xarakterli olmasını da bilirik. Azərbaycan qazına ehtiyacın soyuq otaqlarda hiss ediləcəyi anlarda o kağız parçaları unudulacaq. Əli Kərimli, Cəmil Həsənli və onlar kimi düşünənlər, xarici qüvvələrin əlinə baxan bloqerlər Azərbaycana qarşı isə o zaman indi çıxışlarını diqqətlə dinləyib “Facebook” statusuna çevirdikləri o konqresmenləri, parlamentariləri, nəşr orqanlarını ittiham edəcək. Bunun da dəfələrlə şahidi olmuşuq. Hələlik tərəflər bir-birinə “pas” ötürür. Sonunda avtoqol olacağını bilə-bilə... Rəfail Becanov “Cebheinfo.az” Geri qayıt |