Əsas Səhifə > Güney Press, Partiya > "Təəssüf ki, insanlar neqativ tipli xəbərlərə daha çox meyl göstərir..."

"Təəssüf ki, insanlar neqativ tipli xəbərlərə daha çox meyl göstərir..."


29-10-2024, 01:27
"Təəssüf ki, insanlar neqativ tipli xəbərlərə daha çox meyl göstərir..."
Mediada kriminal yönümlü, cəmiyyətə aqressiv mesajlar ötürən xəbərlər daha çox oxunur. Bu, hətta onunla nəticələnir ki, ölkənin ən öndə gedən informasiya agentliklərinin xəbər lentində arxa-arxaya 10-15 eyni tipli xəbərlər sıralanır.

Neqativ informasiyaların yayılmasında medianın da rolu danılmazdır. Bu tipli xəbərlərin oxunma sayı, saytların IP qazanmaq yarışı cəmiyyəti neqativ xəbərlərdən uzaq tutmaq istəyinin önünə keçir.

Bu məsələ ilə bağlı çox müzakirə aparılsa da, nəticələri ürəkaçan deyil.

Nə üçün oxucular kriminal məzmunlu informasiyalara daha çox maraq göstərirlər?

TNS mövzu ilə bağlı Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidin fikirlərini öyrənib.

Oxucuların kriminal informasiyalara, bəd xəbərlərə daha çox meyl etməsindən, baxmasından təəssüfləndiyini deyən sədr bunun insanların keçmişdən gələn xüsusiyyəti ilə bağlı ola biləcəyini düşünür: “Təəssüf ki, insanlar neqativ tipli xəbərlərə daha çox meyl göstərir. Hətta mən bir dəfə feysbukda amerikalı milyarder İlon Maska istinadla belə bir status görmüşdüm ki, keçmişdə kimsə ildırım çaxması, təbiət hadisələri ilə bağlı hadisələri tez haraylayıb bir-birlərinə xəbər edirdilər, amma tutaq ki, meyvə ilə dolu ağac barəsində heç kim xəbər vermirdi. Ola bilsin ki, bu, insanın alt yaddaşında var. Xoş xəbəri yaymağa tələsmir, çatdırmaq istəmirlər, amma neqativ xəbərlər daha tez duyurulur, bu cür olaylara daha çox yer verilir. Bu məsələ ilə bağlı dəfələrlə söhbətlər olub. Hətta vaxtilə Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyəti ilə görüşdüyü zaman neqativ xəbərlərin çox yayıldığını söyləmişdi. Bununla bağlı fikirlərimi bildirmişdim. Qeyd etmişdim ki, bizim yeni saytlar, xüsusilə də diqqət cəlb etmək üçün məhz bu cür xəbərlərə üstünlük verirlər”.

Rəşad Məcid saytların hətta sağ adamın ölüm xəbərini verməsi probleminə toxunub: “Dəfələrlə olub ki, sağ adamın ölüm xəbəri yayılıb. Mən hər zaman demişəm ki, bəd xəbərləri yaymağa tələsməyin. Bu gün də diqqət cəlb etmək üçün sosial mediada bu cür xəbərləri tez-tez görürük. Özünə hörmət edən media bu tipli xəbərlərlə IP qazanmaq, hörmət qazanmaq niyyəti güdürsə, bu, səhv yoldur və bundan heç bir media etibarlılığı yarana bilməz”.
Geri qayıt