Əsas Səhifə > Güney Press, Partiya > "Burada məntiq yoxdur, yanaşma da kökündən yalnışdır"
"Burada məntiq yoxdur, yanaşma da kökündən yalnışdır"30-10-2024, 10:20 |
Hazırda dünyanı narahat edən aktual problemlərdən biri də erkən nikahlardır. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, erkən nikah 18 yaşından kiçik oğlanların və qızların (məcburi) ailə qurması və birgə yaşamasıdır. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununa, həmçinin 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyaya görə, tam fəaliyyət qabiliyyəti olmayan şəxslər uşaq hesab edilir. Belə olan halda uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Bu gün təəssüf ki, bu gün bəzi valideynlər maddi vəziyyətin aşağı olmasını bəhanə edərək qızlarını təhsildən yayındırıb, erkən yaşda nikah qurmağa məcbur edirlər. Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, toxunulan mövzu aktual olmaqla yanaşı, təəssüf ki, həm də acı həqiqətdir: "Hesab edirəm ki, maddi durumu əsas gətirib qız övladlarını təhsildən kənarda saxlayan valideynlər haqlı deyillər. Sual meydana çıxır: qızlarını erkən nigaha məcbur edən valideynlər bəs cehiz almaq üçün maliyyə vəsaitini necə tapırlar? Yəni burada məntiq yoxdur, yanaşma da kökündən yalnışdır. Zənn edirəm ki, maariflənmə işini gücləndirməliyik. Qız övladlarını özlərinə yük hesab edən bu tip valideynlərə Azərbaycan qanunvericiliyi çərçivəsində güzəşt edilməməli, eyni zamanda ən müxtəlif platformalarda bu cür hallara qarşı təsirli tədbirləri həyata keçirməliyik. Əlbətdə ki, öz imkanları çərçivəsində bu qeyri-insani hərəkətlərə qarşı prinsipial mövqe tutmalı və öz töhfəsini verməlidir. Olduqca ibrətamiz bir məsələni xatırlatmaq istərdim. 1901 - ci ildə Zeynəlabdin Tağıyevin təşəbbüsü ilə Qızlar məktəbi yaradıldı. Zeynəlabdin Tağıyevdən məktəbin yaranmasının səbəbini soruşduqda o, çox tutarlı cavab verib: "Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə". Bu həqiqətən də belədir". Uşaqların tərbiyəsi ilə məşğul olmaqda daha çox yük anaların üzərinə düşür. Unutmayaq ki, fidanlarımızın həm tərbiyəsi, həm də təhsilinin ağırlığı anaların üzərinə düşür. Valideynlər bütün bu meyarları nəzərə alaraq qız övladlarını təhsildən yayınmasına imkan verməməli və erkən nigaha imkan verməməli, və gələcəyin övladlarını yüksək səviyyədə formalaşdıracaq qızlarının qayğısına qalmalıdırlar". Geri qayıt |