Əsas Səhifə > Güney Press, Partiya > "Elə bir görüntü yaradırlar ki, guya Azərbaycan saxta informasiyalarla silahlanıb kampaniyalar aparır"
"Elə bir görüntü yaradırlar ki, guya Azərbaycan saxta informasiyalarla silahlanıb kampaniyalar aparır"4-11-2024, 10:17 |
Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya və Medianın İnkişafı Agentliyi “X” sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanması ilə bağlı birgə açıqlama yayıb. Bildirilir ki, saxta profillər #COP29 həştəqi altında saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması ilə bağlı illüziya yaratmaqdır. Media eksperti Azər Həsrət Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycana qarşı çox böyük və geniş bir cəbhəboyu hücuma keçilib, dezinformasiya yayılır: “Saxta hesablardan antiazərbaycan kampaniyası aparılır və təəssüflər olsun ki, bu kampaniyaya “Washington Post” kimi, “Guardian” kimi dünyaca məşhur qəzetlər də qoşulub, onların jurnalistləri də könüllü şəkildə bu kampaniyanın alətinə çevriliblər. Bu səbəbdən də, sözügedən komissiya və Media Agentliyi birgə açıqlama ilə çıxış edib. Hər bir vətəndaşımız, hər bir insanımız bu məsələ ilə bağlı diqqətli olmalıdır. Eyni zamanda kimin hara sözü səsi çatırsa, o səviyyədə bu məsələlərə işıq tutmalıdır, aydınlıq gətirilməsinə çalışmalıdır. Dezinformasiya ilə bağlı narahatlığını ifadə etməlidir. Şəxsən mən bunu edirəm. Hər bir fəalımız - istər jurnalistlər, istər vətəndaş cəmiyyəti təmsilçiləri, istər siyasətçilər, deputatlar, vəzifəli şəxslər... səlahiyyətləri çərçivəsində bu məsələlərlə məşğul olmalıdırlar. Eyni zamanda biz müvafiq beynəlxalq qurumlara gərəkli müraciətlər göndərməliyik. Onlarla bu cür məsələlərlə bağlı mövqe almağa çalışmalıyıq və həmin dezinformasiyaları yayanlara qarşı tədbirlər görülməsinə çağırışlar etməliyik. Yeri gəlmişkən deyim, bir neçə gün öncə “Washington Post” və “Guardian” qəzetlərində guya Azərbaycanın 1800 saxta hesab üzərindən hansısa kampaniyalar aparması ilə bağlı “araşdırma” yayımlanmışdı. Məsələn; “Washington Post” da mən yazını oxudum, bir fakta rast gəlmədim ki, konkret desinlər ki, bu hesablardan bu kampaniya aparılır. Eləcə də “Guardian” qəzetində yayımlanmış yazıda ciddi faktlar yox idi. Amma elə bir görüntü yaradırlar ki, guya Azərbaycan saxta informasiyalarla silahlanıb kampaniyalar aparır. Saxta informasiyanın hədəfi olaraq, qurban kimi Azərbaycan seçilib”-deyən ekspert bildirib ki, bu sahədə hər kəs əlindən gələni etməlidir. Geri qayıt |