Əsas Səhifə > Güney Press, Partiya > “O qadının anti-Azərbaycan fəaliyyətinə qarşı qanuni tədbirlər görülsün”

“O qadının anti-Azərbaycan fəaliyyətinə qarşı qanuni tədbirlər görülsün”


Bu gün, 08:43
 “O qadının anti-Azərbaycan fəaliyyətinə qarşı qanuni tədbirlər görülsün”
Özünü isveçli iqlim fəalı kimi təqdim edən, əslində isə Soros kimi ermənipərəst təşkilatların əlində oyuncaq olan Qreta Tunberq bir müddətdir ki, COP29 əleyhinə fəal təbliğata qoşulub. Yaşından və başından böyük danışan 21 yaşlı Qreta Azərbaycan haqda yalan məlumatlar yayaraq, siyasi bəyanatlar verir, həbsdə olan hansısa “fəalların” azadlığını tələb edir. Qeyd edək ki, o, Tiflisə müxalifətin mitinqinə dəstək üçün göndərilib, oradan Ermənistana da gedib.

Noyabrın 12-də Tiflisin mərkəzindəki Azadlıq meydanında anti-Azərbaycan aksiyası keçirilib. Bakupost.az xəbər verir ki, sözügedən aksiyaya bəzi gürcü və özünə azərbaycanlı deyən “ictimai fəallar”, əslində isə dönüklər də qatılıb. Onların arasında son parlament seçkilərində 70 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizəd Vəfa Nağı da olub.

Maraqlısı isə odur ki, Vəfa Nağı yalnız “Azərbaycan COP29-u saxta yaşıl gündəm altında təsir dairəsini möhkəmləndirmək, nəzarətini gücləndirmək və regional gərginliyi artırmaq üçün istifadə edir” deyən Qreta Tunberqlə deyil, ermənilərlə də həmrəylik nümayiş etdirib. Belə ki, o, sözügedən aksiyada “We - azerbaijan is stand with karabakh armenia” (“Biz azərbaycanlılar Qarabağ ermənilərinin yanındayıq”) şüarını qaldırıb.

Başqa sözlə, ekoloji məzmunlu aksiyada Vəfa Nağı dövlətə və xalqa dönüklüyünü ortaya qoyub. Onun bu addımı bu dəfə öz tərəfdarları arasında da birmənalı qarşılanmayıb. Belə ki, vaxtilə Vəfa Nağını müdafiə edənlər bu aksiyadan sonra sosial şəbəkələrdə onun ünvanına kəskin tənqidi fikirlər səsləndiriblər. İddialara görə, V.Nağı xaricdən sığınacaq almaq üçün bu cür əxlaqsız mövqe ortaya qoyub.

Onu da qeyd edək ki, Vəfa Nağı sonuncu parlament seçkilərində deputatlığa namizəd olub və seçki kampaniyası boyunca da qalmaqallar yaratması ilə gündəmdə olub.

Millət vəkili Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Vəfa Nağının hərəkətləri Azərbaycan dövlətinə, xalqına qarşı xəyanətdir. Onun bu xəyanətkarlığı ilə bağlı hüquqi addımlar atılmalıdır: “Seçki kampaniyası dövründə də bu qadın bütün qanunları ayaqlar altına almışdı. Lakin namizəd olduğu üçün toxunulmazlığı var idi və buna görə onun hərəkətləri ilə bağlı ölçü götürülmədi. O, neçə illərdir Azərbaycan əleyhinə fəaliyyət göstərir, Azərbaycana açıq-aşkar düşmən mövqedə olan xarici qüvvələrin sifarişlərini yerinə yetirir. Onun barəsində müvafiq dövlət orqanları hüquqi tədbirlər görmədikcə anti-Azərbaycan fəaliyyətini daha da genişləndirir.

Onun Azərbaycanın milli maraqlarına qarşı hərəkətləri hətta 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı da var idi. Vətən müharibəsi başlayanda və bütün Azərbaycan xalqı bir yumruq kimi birləşəndə Vəfa Nağı bu savaşın əleyhinə bəyanatlarla çıxış edirdi. Ermənistan Gəncə şəhərini dinc əhalimizi raketlə vuranda bu qadın Azərbaycan dövlətini qınayan bəyanatlar paylaşırdı. Bu xəyanətkar qadın şəhidlik mərtəbəsi kimi müqəddəs məqamı belə qəbul etməyən fikirlər yazırdı.

2023-cü ilin sentyabrında Azərbaycan öz ərazisində antiterror əməliyyatı həyata keçirən zaman bu adam həmin əməliyyatın əleyhinə çağırışlar edib. İndi isə Azərbaycan üçün daha bir vacib dövrdə-COP29 kimi mötəbər beynəlxalq tədbirin Bakıda keçirildiyi bir zamanda dövlətə qarşı xain kampaniya aparır.

Vəfa Nağı təkcə Azərbaycana və azərbaycanlılara nifrət etmir, həmçinin insanlığa, bütün türk millətinə nifrət edir. Seçki zamanı Türkiyədə bu qadını “Agost” adlı qəzetin Arzu Qeybulla adlı bir yazarı müdafiə edirdi. Həmin qəzet ermənilərin marağına xidməti ilə seçilir.

Vəfa Nağı cahilin öndə gedənidir, necə olur belə bir cahil üçün BBC günlərlə gəlib Neftçalada otururdu? Başqa yerdə seçki yox idi? Məqsəd o idi ki, bu cahilin əli ilə Azərbaycanda seçkilərə kölgə salınsın. Vəfa Nağı Neftçala əhalisinə ən böyük pisliyi eləyən üz qarasıdır. Vəfa Nağı seçkidən Azərbaycana qarşı istifadə etmək, ölkəni qarışdırmaq üçün pilot layihə idi. O qızın bütün fəaliyyəti vətənə xəyanətdir".

Deputat qeyd etdi ki, Vəfa Nağı vətənə xəyanət ittihamı ilə məsuliyyətə cəlb olunmalıdır: “O özünü cinsi azlıq, feminist və demokratiya pərdəsi altında gizlədərək Azərbaycanın əleyhinə olan müxtəlif tədbirlərdə iştirak və çıxışlar edir. Heç kim ona Azərbaycan xalqı adından danışmaq hüququ verməyib, amma o, gedib Gürcüstanda erməniləri müdafiə eləyir və azərbaycanlılar adından fikirlər səsləndirir.

Onun arxasında "Soros" Fondu kimi, “FETO” kimi anti-Azərbaycan, anti-Türkiyə qüvvələr dayanıb. Onun arxasında Azərbaycana qarşı düşmənçilik eləyən erməni fondları dayanır, onu maliyyələşdirirlər. Fəfa Nağının vəkillərinin hamısı “FETO” məktəblərində hüquq oxumuş vəkillər idi.

Mən hüquq-mühafizə orqanlarımıza müraciət edirəm ki, Vəfa Nağının anti-Azərbaycan fəaliyyətinə qarşı qanuni tədbirlər görülsün".

Geri qayıt