Əsas Səhifə > Güney Press > Şvabe bizi yeni “qarayanvar”la qorxudur
Şvabe bizi yeni “qarayanvar”la qorxudurBu gün, 10:58 |
Almaniya Bundestaqının üzvü və Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabenin anti-Azərbaycan isterikası bitmir. Onun xüsusilə də Azərbaycan və Türkiyə əleyhinə mövqeyi erməni lobbisinin “maddi təsiri” altında olduğuna şübhə yeri qoymur. Almaniyalı deputat bütün dünyanın diqqətinin Bakıda yüksək səviyyədə davam edən COP29-da olduğu vaxtda yenə ortaya düşüb. O, “X” sosial şəbəkəsində belə bir paylaşım edib: “Əgər Azərbaycan aydın siqnal verməz və əhəmiyyətli sayda siyasi məhbusları azad etməzsə, Azərbaycanın yanvarda Avropa Şurası Parlament Assambleyasına qayıtmasını təsəvvür edə bilmirəm.” Frank Şvabe Azərbaycanın daxili məsələlərinə müdaxilə edərək, ölkəmizi “siyasi məhbus” məsələsi ilə ittiham etməyə çalışıb. Halbuki bu “ittihamlar” konkret faktlara əsaslanmır və yalnız mücərrəd, populist yanaşmadır. Şvabenin indi Azərbaycanı hədəf alan əsassız tənqidlərdənsə, Almaniyada sosial-demokratların dağılan ittifaqında (ittifaqından) diqqət ayırsa, daha yaxşı olur. Almaniyada hazırda iqtisadi böhran, sağ radikal qüvvələrin yüksəlişi, siyasi sabitliyin pozulması və sosial-demokratların nüfuzdan düşməsi kimi ciddi problemlər mövcuddur. Xatırladaq ki, bu ilin yanvarında Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bu qərar AŞ PA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib. Yeni seçilmiş Milli Məclisdə AŞ PA nümayəndə heyəti formalaşdırılmayıb. Mövzu ilə bağlı politoloq Tofiq Abbasov “Yeni Müsavat”a danışıb: “Avropa Parlamenti, AŞ PA və sairə bu kimi beynəlxalq qurumlarda anti-Azərbaycan səviyyəsində formalaşmış bir "xor" var və bu “xorun” özünəməxsus solistləri var. Həmin solistlərdən biri Şvabedir. Deyərdim ki, Şvabe “sürüşkən” siyasətçilərdən biridir və onun müxtəlif ölkələrin kəşfiyyat orqanları ilə əlaqələri ifşa olunub. Yəni vaxtilə muzdlu şəkildə bir çox dövlətlərin xeyrinə təriflər yağdırıb və ya hansısa dövlətləri məzəmmət, tənqid edib, onlarla bağlı qarayaxma kampaniyaları reallaşdırıb, sifarişlərlə işlər görüb. Hazırda faktiki olaraq ermənipərəst lobbinin də Şvabenin fəaliyyətindəki xəttini görürük. Qeyd etdiyim kimi, Şvabe siyasi bizneslə məşğuldur. Həqiqətən də vicdanlı, təmiz dəqiq siyasətçi olsa idi, sifarişlərlə öz mövqeyini ifadə etməzdi. Bir müddət əvvəl Türkiyə onun tənqid obyektinə çevrilmişdi, indi isə Azərbaycan. Vaxtilə isə Rusiya ilə bağlı tərif kampaniyalarını inkişaf etdirirdi, sonradan məlum oldu ki, onun Rusiya kəşfiyyat orqanları ilə əlaqəsi olub. Bunların hamısı bir şeydən xəbər verir - bu adam riyakarlığı özü üçün bir peşəyə çevirib, muzdlu şəkildə fəaliyyət göstərir. Beləliklə, onun rəyi heç də o demək deyil ki, AŞ PA-dakı digər deputatlar, təmsil olunan nümayəndə heyəti üzvləri onunla həmrəydirlər və yaxud onun dediklərini qəbul edirlər. Sadəcə, Şvabe bu cür rəylərlə istəyir ki, meydanda populyarlıq qazansın, digər tərəfdən də potensial “klientlər” üçün də bir mesajlar versin ki, gələcəkdə hansısa ölkə ilə bağlı qara piar kampaniyası keçirə bilər. Bir sözlə, Şvabe satqın, qeyri-səmimi və riyakar siyasətçidir, əgər ona siyasətçi demək olarsa". Politoloq Elxan Şahinoğlu isə deyib ki, rəsmi Bakının AŞ PA-ya qayıtmaq planı yoxdur: “Buna görə də almaniyalı deputat Frank Şvabenin "dediklərimizi etməsəz, Avropa Şurasına qayıda bilməyəcəksiniz" təhdidinin mənası yoxdur. Halbuki hesab edirəm ki, Avropa strukturları ilə əməkdaşlıqdan imtina etmək olmaz. Əsas ticarət tərəfdaşlarımız da Avropadadır. Avropada Azərbaycana tərəfdaş olan xeyli ölkə var, elə Almaniyanın özü ölkəmizlə sıx tərəfdaşlığa üstünlük verir. Azərbaycanda siyasi, hüquqi və iqtisadi islahatların dərinləşdirilməsi birinci növbədə özümüzə lazımdır". “Biz Avropa Şurası Parlament Assambleyası ilə konstruktiv əməkdaşlığa hər zaman hazırıq”. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, AŞ PA-dakı hadisələr Azərbaycanın təşəbbüsü əsasında baş verməyib: "Onlar Azərbaycana qeyri-obyektiv münasibət bəsləyiblər”. S.Seyidov qeyd edib ki, Avropa Şurası yalnız AŞ PA-dan ibarət deyil: “Nazirlər Komitəsi, Avropa İnsan Haqları Məhkəməsi və digər başqa qurumlar var. Sevindirici haldır ki, AŞ PA-nın Baş katibi Azərbaycandadır. Onlar nə qədər tez dərk edəcək ki, onun içərisində ümumi bölüşdüyümüz dəyərləri sui-istifadə edib ölkələrə təzyiq göstərirlər, onlara qarşı qeyri-obyektiv addımlar atırlar, bir o qədər tez AŞ PA-nın içərisində böhran öz həllini tapa biləcək”. Deputatın sözlərinə görə, Azərbaycan bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır: “Bu, milli maraqlarımızı qoruyub saxlamaq şərtilə və qarşılıqlı hörmət əsasında olmalıdır və onlar çox sadə prinsiplərdir. Lakin təəssüf ki, müasir dünyada onları qorumaq, saxlamaq çox çətindir və bəzi təşkilatlar üçün işə çevrilib. AŞ PA-nın içərisində bəzi insanlar, qurumlar, dövlətlər məhz bu yolu tutublar. Ona görə də böhran içərisindədirlər. Azərbaycan da bu məsələlər həll olunsa, əməkdaşlıq etməyə, əlaqələr qurmağa hər zaman hazır olub və bundan sonra da belə olacaq”. Geri qayıt |