Əsas Səhifə > Güney Press > Müharibə ilə bağlı bədbin proqnoz:
Müharibə ilə bağlı bədbin proqnoz:Bu gün, 17:16 |
“Donald Trampın ABŞ prezident seçkilərində qalib gəlməsindən sonra üç ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsinin olacağı gözlənilir”. Bu sözləri Globalinfo.az-a politoloq Aytən Qurbanova Almaniya kansleri Olaf Şolts və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan son telefon danışığını şərh edərkən deyib. Politoloq bildirib ki, seçkiqabağı təşviqat dövründə Tramp mövzu ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib: “Onun müharibəni qısa müddətdə bitirəcəyi ilə bağlı açıqlamaları bu istiqamətdə gözləntiləri artırıb. Amma bir ritorik sual ortaya çıxır: Tramp həqiqətən də bunu bacara bilərmi? Düşünürəm ki, Almaniya kansleri Olaf Şoltsun Vladimir Putinlə telefon danışığının arxasında dayanan əsas səbəblərdən biri də məhz bu suala cavab axtarışıdır. Əgər Rusiyanın mövqeyində heç bir dəyişiklik müşahidə edilmirsə, onda Tramp hansı şərtlərlə müharibəyə son qoya bilər? Bu səbəbdən Şoltsun telefon danışığını şərh edərkən paylaşdığı fikirlərdə müharibənin indiki şəraitdən irəli gələn şərtlər daxilində dayandırılmasının mümkünsüzlüyünü ifadə edən “narahatlığı” açıq şəkildə görmək olar”. A.Qurbanova Şoltsun Putinlə telefon danışığı barədə açıqlamasının həm də Trampa mesaj olduğunu qeyd edib: “Yəni Trampa deyirlər ki, bu məsələdə təkbaşına qərar vermək səlahiyyətinə və gücünə sahib deyil. Hazırda ikiqütblü dünya nizamında yaşamadığımızı və ya ABŞ ilə Rusiya arasında qüvvələr balansının olmadığını nəzərə almaq lazımdır. Deməli, Qərbin fərqli siyasi dairələri arasındakı fikir ayrılıqları hələ bir müddət Rusiya-Ukrayna müharibəsində həlledici addımın atılmasına mane olacaq”. Xatırladaq ki, Olaf Şolts ABŞ və Rusiya arasında baş tuta biləcək danışıqlarda Avropa liderlərindən birinin mütləq iştirak etməli olduğunu deyib. O, Vladimir Putinin müharibə ilə bağlı fikirlərində çox az dəyişikliyin olduğunu bildirib. Geri qayıt |