Əsas Səhifə > Güney Press > Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir?

Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir?


Bu gün, 09:40
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir?
İşçiləri maraqlandıran suallardan daha biri:
Ağır, zərərli və təhlükəli iş şəraitində işləyən işçilərin əmək haqqına əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir?
Qeyd olunan halda işçilərin əmək haqqlarına əlavələrin təyin olunması üçün müəssisədə mövcud olan bütün işyerlərinin attestasiyası keçirilməlidir. Bu iş yerlərinin attestasiyadan keçirilməsi həm işçilər,həm də işəgötürənlər üçün mühüm əhəmiyyət daşıyır.
İş yerlərinin attestasiyadan keçirilməsi həm işçi, həm işəgötürən üçün o mənada mühüm əhəmiyyət daşıyır ki, işəgötürən tərəfindən yaradılmış attestasiya komissiyasının gəldiyi nəticəyə əsasən işçilər və istehsalatlar üçün aşağıda göstərilən məsələlər qanuni və ya hüquqi yolla tənzimlənir:
Qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti ağır, təhlükəli və zərərli olan işlərdə məşğul olan işçilərə: əlavə ödənişlər, güzəşt və kompensasiyaların verilməsinin hüquqi tərəfdən əsaslandırılması.
İş yerlərində işçinin peşə xəstəliyinə tutulma ehtimalı, peşə xəstəliyi diapazonunun təyin olunması, eyni zamanda, bu mübahisələrin məhkəmə yolu ilə həll olunması, xəstəliyin peşə ilə bağlılığı məsələsinin həlli.
İş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını təmin etmək, sanitariya və gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq, əməyin məhsuldarlığının və işin səmərəliliyinin artırılması məqsədi ilə.
İş yerlərində: qüvvədə olan normativ hüquqi sənədlərə uyğun olaraq əmək şəraiti və mühafizəsi üzrə tədbirlərin planlaşdırılması və həyata keçirilməsi.
İşçilərin sağlamlığını və həyatını bilavasitə təhlükə altına qoyan sex, sahənin, istehsalat avadanlıqlarının istismarının dayandırılması və texnologiyanın dəyişdirilməsi məsələsinə baxılması,
İşçilərin əmək şəraiti ilə bağlı məsələlərin əmək müqaviləsinə daxil edilməsi.
Hamilə və ya bir yaşına çatmamış uşağı olan qadınların iş yerlərində təmasda olması qadağan olunan zərərli istehsalat amilləri olan iş yerlərinin müəyyən edilərək onların həmin iş yerlərinə buraxılmaması və digər yüngül işlərdə çalışmasının təmin edilməsi.
İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.
İş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli, qeyri obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.life)

Geri qayıt