Əsas Səhifə > Güney Press > Həyatımızı kabusa çevirən dönərlər

Həyatımızı kabusa çevirən dönərlər


Bu gün, 14:20
Həyatımızı kabusa çevirən dönərlər
Ölkədə müxtəlif qidalardan, xüsusilə dönərdən zəhərlənmə halları tez-tez baş verir.

Ötən gün Zaqatalada daha 3 nəfər dönərdən zəhərlənib. Belə hallar niyə çox olur? Qarşısını almaq üçün hansə tədbirlər görülməlidir?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov TNS-in suallarına cavab olaraq bildirib ki, dönərdən zəhərlənmələrin səbəbləri çoxdur.

O təəssüflə qeyd edib ki, bu sahəyə məsul qurum olan Azərbycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əsasən, ətə nəzarət edir. Halbuki, burada digər amillər də var: "Məsələn, dönərin tərkibindəki mayonezin saxlanma müddəti dörd saatdan artıq deyil. Amma biz görürük ki, mayonezlər açıq qablarda gətirilir, isti temperaturda saxlanılır, nəticədə xarab olur. Sonda tərkibində xarab olmuş, istifadəyə yararsız mayonez olan dönər istehlakçıya təqdim edilir.

Daha bir problem dönərlərin bu gündən sabaha saxlanılmasıdır. Hazır dönərlər soyuducuda saxlanılsa belə, artıq çirklənmiş dönər hesab edilir. Xüsusən də toyuq ətindən hazırlanan dönərləri çox saxlamaq olmaz. Hər hansı bir dönərxanaya getsək, görərik ki, onların bir kağızları var və bunu ciddi qurumlardan alıblar, lakin istehsalla o lisenziyaların heç bir əlaqəsi yoxdur. AQTA saxta dönərxanalarla bağlı iş aparır. Dönərxanaları məcbur edir ki, əti onların nəzarəti altında olan yerlərdən alsın. Yəni mükəmməl nəzarət mexanizmi yoxdur.

İllər öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlərə Qarşı Mübarizə İdarəsi rayonlarda murdar olmuş heyvan ətlərinin Bakıya daşınmasını ifşa edirdi. At əti, eşşək, murdar olmuş xəstə heyvan ətlərinin gətirilməsi yenə də davam edir və bunların çoxu dönənxanlara verilir. Ona görə də Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində dəyişiklik olmalıdır. Qurum yalnız planlı yoxlamalar edir ki, bu da kifayət deyil. Bu gündən sabaha saxlanmış dönərlərin satışına son qoyulmalıdır.

Dönərləri hazırlayıb şişə yığan zaman onları mənfi 40 dərəcədə şok dondurmadan keçirən iki müəssisə mövcuddur. Dönər ətləri bu müəssisələrdən alınmalıdır. Bütün bunlar həll olunsa, yəqin ki, zəhərlənmələr minimuma enər”.
Geri qayıt