Əsas Səhifə > Güney Press > Yataq xəstəsi ilə bağlı paylaşım edildi:

Yataq xəstəsi ilə bağlı paylaşım edildi:


Bu gün, 16:17
Yataq xəstəsi ilə bağlı paylaşım edildi:
Bu gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" hesabında diqqətçəkən paylaşım edib.

Paylaşımda Kürdəmir sakini Ruhiyə adlı yataq xəstəsi xanımın problemini işıqlandırıb.

Kəmalə Ağazadə paylaşdığı yazıda Kürdəmir Rayon İcra Hakimiyyətini, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini, Azəriqaz İstehsalat Birliyini işarələyib və vətəndaşın problemini həll etməyə çağırıb.

“Cebheinfo.az” Kəmalə Ağzadə ilə əlaqə saxlayaraq məsələ ilə bağlı daha ətraflı məlumat alıb.

Azərbaycan Uşaqlar Birliyinin sədri bildirib ki, artıq 4 ildir həmin qadının problemi həll olunmur:

“Ruhiyə xanımın övladı bir ildir mənim yanımdadır. Uşağın bütün hüquqi prosedurlarını, tibbi müayinə, təhsil və s. həyata keçirmək üçün anadan rəsmi etibarnamə almışam. Çünki ana qayğıya ehtiyacı olan biridir və hələ də əlillik qrupu təyin olunmayıb. Baxmayaraq ki, 1 ilə yaxındır biz onu Bakıda 4 ay bir xəstəxanada müalicə etdik. Gördülər ki, sağalmır. Sonra fizioterapiya dedilər. Daha sonra isə dedilər ki, onun mütləq əlilliyi tanınmalıdır. Orda da böyük növbə var. Beləcə bu qadının problemi hələ də bu günə kimi həll olunmayıb”.

Qadın 2 həftə bundan əvvəl sosial şəbəkədə bildirib ki, soyuqdan ölür:

“Gecə ilə Kürdəmirə getdik. Onu xəstəxanaya yerləşdirdik. Bu işdə bizə oranın deputatı Əminə xanım Ağazadənin köməkçisi yardım göstərdi. İndi isə qadın xəstəxanadan çıxıb, indi də qazı kəsiblər. Bir aya yaxındır ki, qaz yoxdu.

Səbəb isə 750 manat borcunun olmasıdır. Onun haradan gəliri var ki, bu aylıq ödəniş edə bilsin? Bizim göndərdiyimiz qida məhsulları ona ayda güclə yetir. Biz tanışlarımız vasitəsilə xahiş edirik ki, onun üçün nəsə bişirsinlər. Anası da ruhi xəstəyə çevrilib və böyrək xəstəsidir. Biz xəstəxanaya ikisini birdən yerləşdirmişik. Anası yaşlıdır, gözü görmür, şəkərdir və böyrəklərində problem var.

Həkimlər də bildirir ki, artıq ayaqları amputasiya olunmalıdır, çünki artıq funksiyası yoxdur. Davamlı olaraq dizləri qatlanmış və oturaq vəziyyətdədir. O vəziyyətdə yatır-durur”.

Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov sorğumuza cavabında bildirib ki, artıq məsələyə reaksiya verilib:

“Maksimum dərəcədə çalışırıq ki, vətəndaşa dəstək olaq. Biz artıq vətəndaşın özü ilə birbaşa əlaqə saxlamışıq. Vətəndaş hazırda Kürdəmirdə yaşayır. Onun aşağı ətraflarında yaralar var.

İndi bizim regional həkim ekspertlərimiz vətəndaşın evinə gedərək, onu evində əyani müayinə edəcəklər. Tibb müəssisəsi tərəfindən təqdim edilən sənədə əsasən hazırki sağlamlıq vəziyyətinə baxacaqlar”.

Tibbi müayinədən sonra qanunvericiliyə uyğun olaraq müvafiq qərar veriləcək:

“Həkim eskpert komissiyası yoxladıqdan sonra sağlamlıq vəziyyətinə uyğun olaraq qanunvericiliyə, Nazirlər Kabinetinin 187 saylı qərarına uyğun olaraq müvafiq qərar veriləcək. Əlilliyin qiymətləndirilməsi tibb müəssisəsi vətəndaşın sağlamlıq vəziyyəti ilə bağlı forma 88 sənədini rəsmiləşdirəndən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönləndirilir və elektron sistemdə qiymətləndirmə aparılır”.

Paylaşımda işarə olunan digər dövlət qurumu “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə açıqlamasında qeyd edib ki, bu cür addımlar zamanı “Azəriqaz” qanunlara istinad edir:

““Azəriqaz”ın güzəşt etmək kimi bir səlahiyyəti yoxdur. Abonentin əgər borcu varsa, vətəndaş onu öz vəsaiti hesabına edir.

“Azəriqaz” İstehsalat Birliyi xidmət sahəsidir. Verilən qaydalara əsaslanıb öz işini icra edir. Bu tip aksiyalarda “Azəriqaz” İstehsalat Birliyinin edə biləcəyi heç bir şey yoxdur. Bu məsələ ilə əlaqədar digər dövlət qurumları var ki, vətəndaşın borcundan tutmuş digər problemlərinə məsuldur”.

Geri qayıt