Əsas Səhifə > Güney Press > "Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb"
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb"Bu gün, 14:00 |
Yunanıstanın ölkənin hava hücumundan müdafiə sistemində istifadə etdiyi Rusiya istehsalı olan S-300, TOR M-1 və OSA-AK silah sistemlərinin İsrail sistemləri ilə əvəzlənməsi gündəmdədir. Yunanıstan ordusu silah arsenalını Rusiya sistemlərindən təmizləmək və köhnə sistemləri yeni Qərb texnologiyası ilə kökündən əvəz etmək yolu ilə irəliləməkdə qərarlıdır. Xüsusilə son illərdə Ukraynada müharibənin başlaması və NATO-nun Rusiyaya tətbiq etdiyi sanksiyalar Yunanıstan Silahlı Qüvvələrinin ən böyük probleminə çevrilib. Orduya lazım olan ehtiyat hissələrinin Ermənistandan gəlməsi də qərara təsir edib. Yunanıstanda Rusiya sistemlərini əvəz edəcək İsrail hava hücumundan müdafiə sistemləri arasında 300 km-ə qədər mənzilli "David's Sling", 35 km-dən 150 km-ə qədər mənzilli Barak MX və 20-50 km mənzilli "Spyder" daxildir. "Enikos" və "Realnews" qəzetlərinin məlumatına görə, Yunanıstan Silahlı Qüvvələri tərəfindən Ermənistana Rusiya mənşəli silah sistemlərinin bağışlanmasında qabaqcıl mərhələdədir. Ermənistanın artıq bu sistemlərdən istifadə təcrübəsi var və onların saxlanması üçün lazımi ehtiyat hissələri var. KİV-in məlumatına görə, Ermənistanın silahlandırılması tək Yunanıstanın təşəbbüsü deyil, həm də Fransa ilə əməkdaşlığın məhsuludur ki, bu da ölkənin silah arsenalının genişlənməsinə töhfə verəcək. Afina üçün İrəvanın gücləndirilməsi bir çox səbəblərə görə strateji seçimdir. Ermənistanı dəstəkləmək qərarı son dəqiqə seçimi deyil, son illərdə sistemli şəkildə inkişaf etdirilən siyasətin nəticəsi olaraq təqdim edilir. Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb, eyni zamanda Yunanıstanda təlim keçən Ermənistan xüsusi təyinatlılarının sayı da artıb. Qeyd edək ki, 2023-cü ilin dekabrında Ermənistan və Yunanıstanın müdafiə nazirləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Daha sonra Yunanıstanın müdafiə naziri Nikos Dendias Qarabağdakı münaqişənin dərslərini nəzərə alaraq Yunanıstanın Ermənistanla müdafiə sahəsində əməkdaşlıq edəcəyini bildirib. Azərbaycan Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyir ki, NATO dövləti kimi Yunanıstan qarşısında qoyulan əsas tapşırıq S-300 sistemlərini Ukraynaya vermək idi: "Yunanıstan isə bu qərardan yayınaraq mövcud sistemləri Ermənistana verməyi üstün tutub. Burada əsas məqam Türkiyə ilə bağlıdır. Yunanıstan Ermənistanla həmrəy olduğunu göstərməklə, həm Rusiya, həm də Türkiyəyə qarşı planlarda iştirak edir". Deputatın sözlərinə görə, bu məsələyə təkcə Ermənistana dəstək kimi yanaşılmamalıdır. "Yunanıstan həm də Qərbin Cənubi Qafqazla bağlı planlarında icraçı kimi çıxış edir. Vətən Müharibəsi dövründə Yunanıstanın Ermənistana dəstəyi unudulmayıb. İndiki şəraitdə Yunanıstanın Qərbin digər güclü dövlətləri tərəfindən bu prosesə cəlb edilməsi istisna deyil. Azərbaycan-Türkiyə strateji müttəfiqliyi qarşısında Yunanıstanın dəstəyi bu tərəfdaşlığa qarşı yönəlmiş hesab edilə bilər. Yunanıstan Ermənistanı ənənəvi müttəfiqi hesab edir", - millət vəkili qeyd edib. Qeyd edək ki, NATO üzvü olan Yunanıstan Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinin inkişaf etdirilməsini istəyir. Yunanıstan iddia edir ki, Avropa İttifaqı ilə əlaqələrin yaxşılaşdırılması problemli Qafqaz regionunda sabitliyi artıracaq. Hərbi ekspert Ramil Məmmədli isə bildirir ki, Ermənistan və Yunanıstan arasında münasibətlər SSRİ dağıldıqdan sonra rəsmi İrəvanın prioritet istiqamətlərində biri olub: "Burada əsas məqsəd Türkiyə ilə əks mövqedə dayanan bir NATO ölkəsi ilə isti münasibətlərin qurulmasıdır. İndi münasibətlərin hərbi-texniki səviyyədə inkişaf etməsi yeni bir dövrün başlanğıcıdır. Ermənistanın Rusiya istehsalı olan silahları Yunanıstandan alması da maraq doğurur. Bu strateji silahların Rusiyanın icazəsi olmadan Ermənistan verilməsi isə anlaşılmazdır. Çünki belə bir şey baş verərsə, Rusiyadan icazə alınmalıdır. Son istifadəçi müqaviləsinə əsasən bu silahlar yalnız Yunanıstan tərəfindən istifadə edilə bilər. Əgər Yunanıstan Rusiyanın icazəsi olmadan bu ixracı həyata keçirirsə, burada vəziyyət dəyişir". Ekspertin sözlərinə görə, adıçəkilən silahların istifadəsi zamanı problemlər ortaya çıxarsa, onların aradan qaldırılmasında Rusiya istehsalçı müəssisələri iştirak etməyəcək: "Hər bir halda bu fəaliyyət Yunanıstanın Cənubi Qafqazda gedən hərbi-texniki proseslərdə iştirakıdır. Düşünürəm ki, Yunanıstan Ermənistanın silahlandırılmasına görə, Azərbaycana qarşı izah verməlidir. Azərbaycan-Yunanıstan iqtisadi münasibətlərinin normallaşdığı bir dövrdə atılmış bu addım anlaşılmazdır". NATO-nun Rusiya-Ukrayna münaqişəsində iştirakını nəzərə alsaq, mövcud vəziyyətdə Şimali Atlantika Alyansına üzv olan Yunanıstanın Rusiyadan hər-hansı ölkəyə silah tədarükü ilə bağlı icazə almaq istəyəcəyi sual doğurur. Geri qayıt |