Əsas Səhifə > Güney Press > Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır

Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır


Bu gün, 12:57
Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır
Ermənistan yenə də dinc dayanmır. Bir yandan silahlanır, digər yandan isə sülh danışıqlarından boyun qaçırır, o dövlətə, bu dövlətə sığınıb, özünü daha da rəzil duruma salır.

Ermənistan hökuməti konkret olaraq dövlət varlığını sual altına qoymaqla məşğuldur. Son illər Ermənistanda revanşizm əhval-ruhiyyəsinin artdığı müşahidə olunur. Bu əhval-ruhiyyə, xüsusilə Fransanın dəstəyi ilə formalaşan silahlanma siyasəti və yeni müharibə planlarına hazırlıqla əlaqəlidir.

Ermənistandakı durumu təhlil edən ekspertlər hesab edirlər ki, hazırda Paşinyan hökuməti üçün ən böyük təzyiq, daxili reytinqin sürətlə aşağı düşməsidir.

Bu vəziyyətin durdurulması üçün Paşinyan çalışır ki, müharibəyə getsin və Azərbaycan üzərində hər hansı bir kiçik qələbə qazansın.

Heç şübhəsiz ki, bu cür bir yanaşma yalnız daxili deyil, həm də regional və beynəlxalq səviyyədə geniş təsirlərə yol açacaq.

Fransanın və Qərbin dəstəyi: Silahlanma proqramı

Yuxarıda da qeyd etdiyimiz kimi bu məsələdə Qərbin, Fransanın da barmağı var.

Ermənistanın silahlanması və yeni müharibəyə hazırlaşması, yalnız yerli bir fenomen deyil.

Fransanın və Avropa İttifaqının Ermənistanın hərbi gücünü artırmaq istiqamətindəki səyləri, həm də Qərbin strateji maraqlarına xidmət edir.

Fransa bir tərəfdən Ermənistanın hərbi gücünü artırmaqla Rusiyanı başqa cəbhələrə yönəltməyə çalışır, digər tərəfdən isə Ukraynada istədiklərinə nail ola bilməyən Qərb Cənubi Qafqazda yeni münaqişə ocağı yaratmaq niyyətindədir. Bu, Qərbin nəzərində Rusiya ilə mübarizədə əlavə üstünlük əldə etməyə xidmət edir.

Ermənistanın silahlanma proqramı çərçivəsində, xüsusilə Fransadan, Hindistandan və Yunanıstandan aldığı silahlar, bu ölkələrin Ermənistanla hərbi əlaqələrini daha da möhkəmləndirir. Yunanıstanın S-300 raket komplekslərini Ermənistana vermək istəyi bu ölkənin Ermənistana dəstəyini daha da aydın şəkildə göstərir.

Qərbin maraqları və Ermənistandakı hərbi missiya

Fransa və Avropa İttifaqı təkcə silah təminatı ilə kifayətlənmir, həm də Ermənistandakı hərbi missiyalarını gücləndirir. Aİ bölgədəki hərbi vəziyyətin təhlilini apararaq, Azərbaycana qarşı əməliyyat hazırlığının həyata keçirilməsi üçün Ermənistana kəşfiyyat məlumatları ötürür. Bu, Cənubi Qafqazda yaranan gərginliyi artıran, sülhü pozan və yeni müharibənin başlanmasına səbəb ola biləcək bir vəziyyət yaradır.

Ermənistanın silahlanmasına göstərilən dəstək, eyni zamanda, Azərbaycan ilə Ermənistan arasında gələcəkdəki hərbi qarşıdurmaların hazırlığını göstərir. Cənubi Qafqazda yeni bir müharibə potensialının yaranması, yalnız Ermənistanın daxili siyasətinə deyil, həm də regiondakı digər güclərin müdaxiləsinə səbəb ola bilər.

Qərb nə istəyir?

Ermənistanın yeni müharibəyə doğru addımları, yalnız Ermənistanın özünün deyil, həm də Qərbin strateji maraqlarına xidmət edir. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür. Fransanın və Avropa İttifaqının müdaxiləsi, Ermənistana silah və kəşfiyyat dəstəyi verilməsi, həmçinin Ermənistanın hərbi gücünü artırması, regionda yeni münaqişə ocaqlarının yaranmasına və Cənubi Qafqazda sülhün pozulmasına gətirib çıxara bilər.

Bu baxımdan baş verənlər göstərir ki, Ermənistanın silahlanma siyasəti və yeni müharibə hazırlıqları, yalnız region üçün deyil, dünya siyasəti üçün də ciddi nəticələrə yol açacaq.

Qərbin təhriki və dəstəyi ilə Ermənistanın hərbi gücünü artırması, bölgədəki gərginliyi daha da artırır, müharibə riski isə getdikcə daha da real olur. Bu, Cənubi Qafqazın gələcəyini təhdid edən bir vəziyyət yaradır və bu məsələnin həlli üçün beynəlxalq cəmiyyətin daha fəal rol oynaması zəruridir.

Musavat.com

Geri qayıt