Əsas Səhifə > Güney Press > Azərbaycan Ukraynaya soğan göndərə bilər?
Azərbaycan Ukraynaya soğan göndərə bilər?Dünən, 22:27 |
Ukraynalı fermerlər soğanın qiymətini artırmağı düşünür. Qiymət artımına səbəb məhdud sayda olan keyfiyyətli məhsul təklifinə tələbin artmasıdır. Soğanın ötən həftə ilə müqayisədə 35 faiz bahalaşdığı deyilir. Ekspertlərin fikrincə, əgər bazarda bu tendensiya güclənərsə, o zaman Ukraynaya soğan idxalı ənənəvi tarixlərdən tez başlaya bilər. Sual yaranır: Azərbaycan Ukraynaya soğan göndərə bilərmi? Globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, Azərbaycanda soğan olsa da, idxal olunan soğan daha çoxdur. Onun fikrincə, öncə bazara baxılacaq: “Bizdə soğan var, amma bazara baxacaqlar. Hər halda soğanın qiyməti baha olsa, doğrudan da sahibkarlar ona reaksiya verərlər. Lakin bilməliyik ki, Ukraynaya soğan satsaq, Azərbaycanın özündə qıtlıq yarana bilər”. İqtisadçının sözlərinə görə, Ukraynada alıcılıq qabiliyyəti elədə yüksək deyil: “Alıcılıq qabiliyyətinin yüksək olmadığı üçün Ukraynanın Azərbaycan və digər yerlərdən soğan alacağını düşünmürəm. Nisbi arta bilər, sonra da ayrı-ayrı ölkələrdən soğan gətirəcəklər. Bazar qanunları var. Bir yerdə qiymət artırsa, deməli, orada tələb çox, təklif azdır. Təbii ki, sonra təklif çoxalır deyə qiymət də stabilləşir. Bizdə soğanın müəyyən hissəsi başqa ölkədən gətirilir. İnanmıram ki, belə geniş imkanlarımız ola”. İqtisadçı Xalid Kərimli deyib ki, bu cür imkanlar olsa, sahibkarlar buna reaksiya göstərər: “Ukraynaya daha rahat Rusiya ərazisi ilə getmək olar, amma müharibə səbəbindən bu, mümkün deyil. Oralara getmək üçün gərək Türkiyə üzərindən keçib Bolqarıstana, oradan Polşaya, Polşadan da qayıdıb Ukraynaya daxil olsunlar. Axı hazırda ora maşınların, yüklərin getməsi çox ağrılı, uzunmüddətli prosesdir və bahalıdır. Ona görə də soğan kimi ucuz və tez xarab olan məhsulların bu formada Ukraynaya ixracı çətindır”. Geri qayıt |