Əsas Səhifə > Güney Press, Partiya > "Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir"
"Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir"Bu gün, 10:48 |
"2025-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı bəzi deputatların müəyyən məsələlərlə bağlı səsləndirdikləri fikirlər cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mahiyyətinə və fəlsəfəsinə uyğun gəlmirdi, həmin siyasətlə ziddiyyət təşkil edirdi". Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında son 21 il ərzində Azərbaycan böyük bir inkişaf yolu keçib: "Bu gün Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuzu var. Ölkəmizə böyük etimad göstərilir. Azərbaycan COP29 tədbirinə ev sahibliyi etdi. 200-ə qədər dövlətin dəstəyi ilə bu tədbiri keçirdik. Yekdil rəylə Azərbaycan ev sahibliyi etməyə layiq görüldü. Ən yüksək səviyyədə tədbir keçirildi. 13 gün tarixə yazılacaq günlər idi. Bu 10 il ərzində Paris Sazişinin 6-cı bəndi ilə bağlı razılaşma əldə edilə bilmirdi. Məhz Azərbaycanın paytaxtında razılaşma əldə edildi. Eyni zamanda 300 milyard dollar hər il inkişaf etmiş dövlətlər inkişaf etməkdə olan dövlətlərə vəsait ayıracaqlar ki, iqlim dəyişikliyi problemi ilə mübarizə aparsınlar. Bütün bunlar tarixi nəticələrdir. Azərbaycan ləyaqətli dövlət olduğunu ortaya qoyub, tarixi zəfərə imza atıb, ərazi bütövlüyünü, suverenliyini tam təmin edib. Ölkəmizdə cənab Prezidentin rəhbərliyi altında dərinləşən islahatlar kursu həyata keçirilib. Bu gün hər kəsə bəllidir ki, cənab Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı və təhlükəsizliyi məsələləri dayanır. Eyni məntiqlə 2025-ci ilin büdcəsində də əvvəlki büdcələrdə olduğu kimi birinici yerdə insanların sosial rifahı ilə bağlı məsələlər öz əksini tapıb. 2025-ci il büdcəsinin 41%-i, yəni 17 milyard manat məhz sosial sahəyə ayrılıb. Bu isə 2024-cü illə müqayisədə 1 milyard 400 milyon çox rəqəmdir. Yaxud 8,8% artıqdır. Eyni zamanda əhalimizin təhlükəsizliyi ilə bağlı məsələlər müdafiə və təhlükəsizlik xərclərinin artırılmasını tələb edir. 2025-ci ildə müdafiə xərclərimiz 8,4 milyard manat olacaq. Bu, bütün büdcə xərclərinin 20,3%-i deməkdir. Bunların hamısı Azərbaycan vətəndaşı, onun sosial rifahı və təhlükəsizliyi naminə edilir. Bu siyasətin müəllifi Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Bütün bu reallıqlar fonunda bəzi deputatların adekvat olmayan davranışları, ayrı-ayrı problemləri şişirib, milçəkdən dağ icad etmələri düzgün yanaşma deyil. Məsələləri elə təqdim edirlər ki, sanki Azərbaycada bütün bunlar yoxdur. Haqlı olaraq parlamentin sədri hörmətli Sahibə xanım Qafarova sərt, prinsipial, qətiyyətli mövqeyini ifadə etdi, iradını bildirdi. Dövlətimizin cənab Prezidentin rəhbərliyi altında qazandığı tarixi uğurlar, nailiyyətlər fonunda Azərbaycanda problemləri bu qədər şişirmək, əldə edilmiş heç bir nailiyyətin adını çəkməmək, ona toxunmamaq, görməzdən gəlmək qəbuledilməzdir. Həqiqətən, mən də parlamentin Yeni Azərbaycan Partiyasını təmsil edən deputatı olaraq hesab edirəm ki, xanım sədrin mövqeyi tamamilə reallığı əks etdirir. Bu və ya digər məsələdən danışarkən obyektiv, ədalətli olmaq, haqqı söyləmək lazımdır. Ayrı-ayrı detallara fokslanıb, qazanılmış uğurların üzərindən xətt çəkmək deputat adına yaraşan məsələlər deyil. Deputatlar xanım sədrin iradlarını qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bu gün fəxrlə Milli Məclisin deputatı adını daşımalıdırlar, çünki onların bu gün mənsub olduqları, deputatı olduqları dövlət, onun ali siyasi rəhbərliyi tarixi nailiyyətlərə imza atıb. Onlar bununla qürur duymalıdırlar. Təəssüf ki, bəzi deputatların plenar iclasdakı davranışları və çıxışları bu reallıqla ziddiyyət təşkil edir". Geri qayıt |