Əsas Səhifə > Güney Press > Suriyada Əsəd, Gürcüstanda İvanişvili rejimləri ÇÖKƏRSƏ...

Suriyada Əsəd, Gürcüstanda İvanişvili rejimləri ÇÖKƏRSƏ...


7-12-2024, 12:33
Suriyada Əsəd, Gürcüstanda İvanişvili rejimləri ÇÖKƏRSƏ...
“Yaxın Şərqdə və Cənubi Qafqazda mövqelərini itirən Rusiya üçün Qara dəniz hövzəsi yeganə ümid yeri olacaq. Nəzərə alsaq ki, Moskva faktiki olaraq Abxaziyada da mövqelərini itirmək üzrədir. Belə olduğu halda, əlbəttə ki, Rusiya bütün gücünü toplayaraq Ukraynada uğur qazanmağa çalışacaq. Bu isə o deməkdir ki, Putin rejimi bir qədər də aqressivləşəcək, ola bilsin ki, indiyədək istifadə etmədiyi silahlardan da istifadə edəcək”.

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Əgər Suriyada Əsəd rejimi çökərsə, Gürcüstanda isə İvanişvili rejimi xalq etirazları qarşısında, geri çəkilib hakimiyyətlərini müvəqqəti də olsa itirməmək üçün, ən azı, yeni parlament seçkiləri keçirilməsi və avrointeqrasiya kursuna qayıtmaq haqda qərar verməyə məcbur olarsa, bunlar Rusiya lideri V.Putini Ukraynaya qarşı savaşda daha da aqressivləşdirəcək, yoxsa?” sualını cavablandırarkən dilə gətirib.

“Amma Rusiyanın öz ordusu da elə bir vəziyyətdə deyil ki, o, ciddi uğurlar əldə etsin. Təbii, dağıdıcı əməliyyatlar aparacaqlar, yenə şəhərləri dron, raket atəşi və aviasiya bombardmanına məruz qoyacaqlar. Lakin, zənnimcə, bütün bunlar da Kremlə həmişəki kimi sırf hərbi mənada uğur gətirməyəcək”, - deyə davamında analitik diqqətə çatdırıb.

“Bəşər Əsədin guya dolayı kanallarla İsraildən dəstək istəməsi haqda bəzi ərəb kanallarının yaydığı informasiyaları nə dərəcədə reallığa uyğun hesab edirsiz?” sualına isə ekspert belə cavab verib:

“Yox, bu, inandırıcı deyil. Çünki Bəşər Əsəd özü də yaxşı bilir ki, İsrail ona heç bir dəstək verə bilməz. Hesab edirəm ki, bu daha çox dezinformasiyadır və o məlumatı Əsədi bir az da nüfuzdan salmaq üçün yayıblar. Əsədin nə İsraildən dəstək istəməsi inandırcı görünür, nə də İsrailin ona dəstək verə bilməsi...”

Geri qayıt