Əsas Səhifə > Güney Press > Türkiyə-Ermənistan sərhədi ilə bağlı açıqlama:
Türkiyə-Ermənistan sərhədi ilə bağlı açıqlama:7-12-2024, 16:25 |
"Azərbaycanın Qarabağda qazandığı zəfər bölgə üçün olduqca vacib idi. Biz həm müharibə zamanı, həm də ondan sonrakı dövrdə qardaşlarımızla birlikdə addım atmışıq". Bu sözləri Teleqraf.com-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Ədliyyə komissiyasının sədri Cüneyt Yüksel deyib. Deputat bildirib ki, qalıcı sülhün əldə edilməsi üçün Türkiyə tərəfindən Azərbaycana lazım olan dəstək veriləcək: "Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Özəlliklə, Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır. Xankəndinin azad olması ilə terrorun kökü kəsildi. İndi Ermənistan bir daha geridə qalan illərdə etdiyi səhvi təkrarlamamalıdır. Azərbaycana, Qarabağa yönəlik iddialarını tarixin zibilliyinə atmalıdırlar. Ümid edirik ki, qısa müddətdə sülh əldə edilər. Fransa və digər himayədarlar yeni reallıqla barışmalıdırlar. 1990-cı ildən başlayaraq Ermənistana olan yardımlar bu gün onların məğlubiyyətlə barışmamalarına gətirib çıxarıb. Rəsmi İrəvana dəstək beynəlxalq hüquqa ziddir. ATƏT-in Minsk qrupunda yer alan üç böyük dövlət uzun illər mənasız işlərlə məşğul oldu və münaqişəyə son qoya bilmədi. Azərbaycan öz gücü ilə ədalətsizliyə son qoydu. Bakı sülh istəyir, ancaq təhdidlərə də cavabsız qalmayacaq". Türkiyə rəsmisi qeyd edib ki, İrəvanla Ankara arasındakı danışıqlar Azərbaycanla koordinasiyalı şəkildə aparılır: "Türkiyə - Ermənistan sərhədinin açılması məsələsində rəsmi Ankara Bakı ilə koordinasiyalı hərəkət edir. Bir daha bəyan edirik, Türkiyə Azərbaycanın əleyhinə olacaq addım atmır və atmayacaq. Hər zaman qardaş mövqeyimizi sərgiləyəcəyik. Bütün məsələlərdə Azərbaycan tərəfi məlumatlandırılır. Qardaşlarımız bu məsələdən narahat olmasınlar". Geri qayıt |