Əsas Səhifə > Güney Press > Tiflis və İrəvanı qarışdıran “silah” Bakını hədəfə aldı

Tiflis və İrəvanı qarışdıran “silah” Bakını hədəfə aldı


7-12-2024, 22:47
Tiflis və İrəvanı qarışdıran “silah” Bakını hədəfə aldı[thumb]
ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və İsveçrənin Azərbaycandakı səfirləri hökuməti insan haqlarını təmin etməyə çağırıb. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi isə bu ölkələrin iddialarını rədd edib və bəyanatları ölkənin məhkəmə sisteminə açıq şəkildə zərbə vurmaq cəhdi kimi qiymətləndirib.

Ümumiyyətlə son zamanlar Qərbin Bakıya diplomatik hücumu intensivləşir. Bu, xüsusilə BMT-nin COP29 sammiti müddətində daha aydın müşahidə olunurdu. Hazırda Gürcüstanda Qərbin dəstəyi ilə keçirilən aksiyalar, Ermənistanın avrointeqrasiya prosesini başlatmaq cəhdləri Cənubi Qafqazla bağlı müəyyən planların olduğuna dair iddiaları yenidən gündəmə gətirib.

Qərbin regionda iki ölkənin daxilinə nüfuz etməsi fonunda Azərbaycanı hədəfə almasının məqsədi nədir? Bakı bu “hücumlara” necə cavab verəcək?

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, kollektiv Qərbin insan hüquqları və demokratiya siyasəti ifşa olunduqca daha da aqressivləşir:

“Bu aqressivləşmə isə həmin ölkə haqda sərt bəyanatlar ilə özünü büruzə verir. Gürcüstana, onun milli həqiqi demokratiyasına münasibətdə Qərbin özünü ifşa etməsi milli dövlətlərə təzyiq qurmaq üçün insan haqları, demokratiya kimi dəyərlərdən silah kimi istifadə etdiyini sübuta yetirdi.

Söhbət həqiqətən insan hüquqlarının qorunmasından getmir. Qərb bu ad altında milli dövlətlərə təzyiq göstərib, onları özünə tabe etmək istəyir. Xüsusilə illərdir bunu postsovet ölkələrinə qarşı edir. Lakin ildən-ilə bu tendensiya da səngiyir. Yəni Qərbin təzyiq elementləri azalır”.

H.Babaoğlu bildirib ki, əvvəllər sadəcə bir dövlətin timsalında, ya da QHT vasitəsi ilə verilən bəyanatlar hazırkı vəziyyətdə Qərb dövlətlərinin səfirlikləri vasitəsi ilə edilir:

“ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və İsveçrənin Azərbaycandakı səfirlərinin hökuməti insan haqlarını təmin etməyə çağırması da bunu sübut edir. Əslində bu, Qərbin acizliyinin göstəricisidir.

Hesab edirəm milli dövlətlər qərb imperializminin təzyiqlərinə qarşı təmkinli cavab verə bilir. Bu tendensiya gündən – günə artır. Əvvəl Azərbaycan müstəqil xarici siyasət yeridirdisə, indi Gürcüstanda bunu edir”.
Geri qayıt