Əsas Səhifə > Güney Press > 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı

1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı


Dünən, 16:46
1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda törədildikdə) və digər 2 maddə ilə təqsirləndirilən şəxslər- İlahim Mehralıyev və Mehman Alməmmədovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim məhkəmə istintaqının başlandığını elan edərək ittiham aktını elan etmək üçün sözü dövlət ittihamçısı Rauf Malışova verib. Prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin müqavilə ilə olan vəkilləri prosesdə iştirak etmədiyindən məhkəmə iclası təxirə salınıb.

İstintaqla Mehralıyev İlahim Ərəstun oğlu, Alməmmədov Mehman Allahverdi oğlu və şəxsiyyətləri istintaqla araşdırılan qeyrilərinin cinayət əlaqəsinə girərək 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri fəaliyyətsiz şirkətlərə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəmələrinə, bununla da cinayət yolu ilə əldə etdikləri həmin pul vəsaitini leqallaşdırmalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən İlahim Mehralıyev və Mehman Alməmmədova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Şəxsiyyətləri istintaqla araşdırılan digərləri barəsində isə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İş üzrə vurulmuş maddi ziyanın istintaq dövründə tam ödənilməsi təmin edilib.

Geri qayıt