Əsas Səhifə > Güney Press > DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin...

DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin...


24-12-2024, 23:27
DSMF ödənişi və minimum pensiya kapitalı artır: Bu zərərli qanunlar ləğv edilsin...
"Minimum əməkhaqqı 400 manat, minimum təqaüd 320 manat oldu – yaxşıdır və gözləntilərdən daha çox artdı. Amma bəzi problemlər var. Uzun illərdir deyirik ki, qanunvericilikdə VÖEN-lə çalışanların DSMF-yə ödənişlərinin minimum əmək haqqına bağlı olması aradan qaldırılmalıdır. Belə bir bağ, minimum əmək haqqının 136 manat olduğu zaman qanuna salınmışdı, indi isə minimum əmək haqqı 400 manat oldu. Deməli, VÖEN-lə çalışan 700-800 min vətəndaşın vergi yükü avtomatik olaraq artdı. 2025-ci ildən DSMF və icbari tibbi sığortaya 116 manat ödəməli olacaqlar. Bu zərərli və yanlış qanundur, mütləq dəyişməlidir, çünki, minimum maaş artan kimi onun 25%-i (ortalama) DSMF-yə ödənilir".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, dəyişdirilməli olan başqa bir qanun da var: "Digər bir qanunla isə mimimum təqaüd artan kimi pensiyaya çıxmaq üçün tələb olunan minimal kapital səviyyəsi də artır – bu gün 40320 manatdır, gələn ildən isə minimum təqaüd artdı deyə 46080 manat olacaq. Yəni, hər dəfə minimum pensiya artan kimi insanların minimum kapital səviyyəsi də yüksəlir, əlçatmaz olur. Çox yanlış qanun maddəsidir, mütləq dəyişdirilməlidir".

N.Cəfərli qeyd edib ki, ölkədə minimum kapital səviyyəsinə çatmaq üçün maaşlar, gəlirlər yetərsizdir: "Çox vətəndaş buna çata bilmir, bəzən heç təqaüd yaşına çatmadan dünyadan köçür. O zaman da ədalətsizlik olur – insan işləyir, ÖZ maaş və gəlirindən DSMF-də olan ÖZ hesabına pul köçürür, sonra pensiya almadan həyatdan köçəndə o vəsait ailəsinə qismət olmur, kiməsə vəsiyyət edə bilmir – bu da haqsızlıqdır, qanunda mütləq dəyişiklik edilməlidir",
Geri qayıt