Əsas Səhifə > Güney Press > Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMA
Aİ missiyasının taleyi ilə bağlı MÜƏMMADünən, 11:57 |
Avropa İttifaqının Ermənistandakı missiyasının başa çatmasına 1 aydan bir qədər artıq vaxt qalıb. Hələlik mandatın uzadılması ilə bağlı hər hansı bir qərar yoxdur. Lakin bu barədə müəyyən fikirlər səslənir. Belə ki, baş nazir Paşinyan bu günlərdə Azərbaycanla delimitasiya prosesinin başa çatdığı ərazilərdə Aİ missiyasının olmasına ehtiyac olmadığını bəyan edib. Erməni mətbuatının yazdığına görə, həmin missiya müddət bitəndən sonra artıq sərhəddə deyil, ərazidən kənarda yerləşən şəhərlərdə yerləşəcək. Onlara məlumatı isə sərhəddəki yerli qurumlar ötürəcəklər. Qeyd edək ki, 2022-ci ilin dekabrından formalaşdırılmasına start verilmiş bu missiya faktiki olaraq regionda gərginlik yaradır. 2023-cü ilin yanvarından fəaliyyətə başlayan mülki missiya üzvlərinin sayı hazırda 209-a yüksəldilib. Ermənistanla Aİ- arasında yekun razılığa əsasən, onların fəaliyyətinə gələn ilin fevralında son qoyulmalıdır. Nəhayət Aİ missiyasının fəaliyyətinə son qoyulacaq? Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, Aİ-nin, o cümlədən İrəvanın özünün Ermənistandakı müşahidə missiyasının fəaliyyətinə son qoymaq niyyəti hiss olunmur: “Avropa Birliyinin Ermənistandakı mülki nümayəndə heyəti 2023-cü ilin fevralın 20-dən fəaliyyət göstərir. Ermənistan Azərbaycanla sülh müqaviləsinin hələ imzalanmadığı və buna görə də tərəflər arasındakı nisbi sərhədlərdə stabilliyin tez-tez pozulduğunu iddia edərək Azərbaycanla həmsərhəd bölgələrdə Aİ tərəfindən monitorinqin aparılması məqsədilə quruma müraciət edib. Azərbaycanla həmsərhəd bölgədə Aİ-nin nümayəndə heyəti rəsmi Bakı ilə razılaşdırılmış şəkildə monitorinq aparmağa məsul olduğu halda, ilk gündən bu razılığın şərtləri qurumun mandat adı altında fəaliyyət göstərənləri tərəfindən pozulub. Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistana ünvanladığı tələblər sırasında Aİ-nin mülki nümayəndə heyətinin sərhədlərimiz yaxınlığında fəaliyyətinə son qoyulması, ümumiyyətlə onun missiyasının ləğvi tələbləri də var. Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın NATO strukturlarını rəsmi Bakının razılığı olmadan sərhədlərimizə doğru irəliləməsi üçün şərait yaratdığını bəyan etməklə Paşinyan hakimiyyətinin hərəkətlərində bölgənin təhlükəsizliyinə təhdidin olduğunu bildirib və həmin nümayəndə heyətinin Azərbaycanla təmas xəttindən uzaqlaşdırılmasını tələb edib. Ermənistanın xarici işlər naziri isə Aİ nümayəndə heyətinin Azərbaycanla münasibətlərdə etimadın artmasına xidmət etməsi ilə bağlı qeyri-ciddi dəlillərə istinad etməklə onların mandat müddətinin artırılması xahişilə müraciət edəcəklərini bildirib. Halbuki, rəsmi Bakı Aİ-nin mülki fəaliyyət adı ilə sərhədlərimiz yaxınlığında kəşfiyyat materiallarını toplaması, habelə nümayəndə heyətinin tərkibindəki Qərbin xüsusi xidmət orqanlarının əməkdaşlarının dövlətimizin lehinə olmayan işlərlə məşgul olmaları barədə kəşfiyyat materiallarının olduğunu bildirir. Müsahibimiz qeyd edib ki, Azərbaycanla münasibətlərdə gərginlikdən yayınmağa çalışan rəsmi İrəvan kompromis variant olaraq Aİ-nin mülki nümayəndə heyəti əməkdaşlarının sərhədlərdən şəhərlərə keçiriləcəyi və onların öz işlərini bundan sonra onlayn qaydada aparacaqlarını bəyan edib: Həmçinin, Ermənistanın xahişini nəzərə alaraq Aİ öz nümayəndə heyətinin tərkibini 108-dən 239 nəfərə qədər artırmağı planlaşdırır. Bu isə, Erməmistanla iş birliyində olan Qərbdəki bəlli dairələrin regionun təhlükəsizliyinə dair mövqelərindən geri çəkilmək fikrində olmadıqlarının bariz göstəricisidir. Bütün bunlar onu deməyə əsas verir ki, Aİ, o cümlədən İrəvanın özü də hələlik qurumun mülki missiyasından bərk-bərk yapışmağa davam edəcəklər”. Rüfət Sultan, Bizim.Media Geri qayıt |