Əsas Səhifə > Güney Press > Təyyarə qəzası zamanı pilotlar və ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblər

Təyyarə qəzası zamanı pilotlar və ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblər


29-12-2024, 16:49
Təyyarə qəzası zamanı pilotlar və ekipaj üzvləri böyük qəhrəmanlıq göstəriblər
Dekabr ayının 25-də dünyanın bütün ölkələrində Yeni il şənliklərinə
hazırlıqların getdiyi bir vaxtda xalqımızı sarsıdan bir hadisə baş verdi.
Həmin gün Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a
məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu qəza
nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Təyyarənin pilotları
və digər ekipaj üzvlərinin səyləri, sücaəti sayəsində 29 sərnişin sağ qalıb.
Ölkə başçısı İlham Əliyev təyyarə ilə Sankt-Peterburqa keçiriləcək
MDB Zirvə görüşünə uçan zaman qəza barədə məlumat alan kimi dərhal
Bakıya qayıtmaq barədə qərar qəbul edib və Bakıda hava limanında
operativ müşavirə keçirib. Hələ yolda olarkən Prezidentin göstərişinə
əsasən Dövlət Komissiyası yaradılıb və müvafiq qurumların
nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilib. Dövlət
Komissiyasənın üzvləri hadisə yerində qəzanın təfərrüatları ilə yaxından
tanış olmaq və zərərçəkmişlərin vəziyyətini yaxından öyrənmək üçün Aktau
şəhərinə ezam olunaraq, hadisə yerinə baxış keçirib, Azərbaycan,
həmçinin digər ölkələrin zərərçəkən vətəndaşları ilə görüşüblər.
Təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar
dekabrın 26-da Prezident İlham Əliyevin Sərəncamına əsasən
Azərbaycanda matəm elan edilib. Həmin gün ölkədəki bütün məscidlərdə
və digər dini ibadət yerlərində qəza qurbanlarının xatirəsi yad edilib, dini
məqasimlər keçirilib.
Dekabrın 29-da təyyarə qəzasında həlak olan üç ekipaj üzvü - gəmi
kapitanı İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə
Əliyevanın nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb. Qəzada həlak olan
sərnişinlər də ölkənin müxtəlif bölgələrində dəfn ediliblər.
Dəfn mərasimindən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva qəza nəticəsində həlak olan ekipaj
üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida
mərasimində iştirak edib, onların ailə üzvlərinə və yaxınlarına başsağlığı
veriblər.
Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimindən
sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verərək
bir sıra məsələlərə aydınlıq gətirib. Dövlətimizin başçısı bildirib: Əlbəttə,
son versiya qara qutular açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar
da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir
ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin
yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir.
Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən
idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir”.
Prezident, eyni zamanda, deyib ki, yerdən açılan atəş nəticəsində
təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnib.
Qeyd edildi ki, qəzaya uğrayan təyyarənin füzelyajının dəlik-deşik
olması mühərrikə quş düşməsi versiyasını tamamilə gündəlikdən çıxardı.
Dövlətimizin başçısı təəssüflə qeyd edib ki, Rusiyanın bəzi dairələri bu
versiya üzərində dayanmağa üstünlük vermişdilər. “Bizi təəssüfləndirən və
təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın rəsmi qurumları
hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni,
bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir
və əlbəttə, bu, heç kimə başucalığı gətirmir”.
Təbiidir ki, təyyarənin qəsdən vurulmadığını diqqətə çatdıran Prezident
qeyd edib ki, öz günahını etiraf etmək, dost ölkə sayılan Azərbaycandan
vaxtında üzr istəmək və bunu ictimaiyyətə bildirmək - bütün bunlar görüləsi
tədbirlər idi və addımlar idi. Əfsuslar olsun ki, birinci üç gün ərzində biz
Rusiyadan cəfəng versiyalardan başqa heç nə eşitməmişik.
Dövlətimizin başçısı bildirib: “Yenə də deyirəm, “qara qutu”lar
açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin
tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki, sual kimi qalan bir çox
məsələlərə aydınlıq gətiriləcək”.
Öz müsahibəsində dövlətimizn başçısı təyyarənin pilotları və ekipaj
üzvlərinin fəaliyyətini xüsusi qeyd edib. “Mən onların fəaliyyətini,
peşəkarlığını, fədakarlığını çox yüksək qiymətləndirirəm. Pilotlar və bütün
ekipaj böyük qəhrəmanlıq göstərdilər”. “Pilotlar həm peşəkarlıq, həm
qəhrəmanlıq göstərmişlər ki, idarəedilməz vəziyyətdə olan təyyarəni
müxtəlif üsullarla idarə edirdilər. Baxmayaraq, təbii ki, pilotlar təcrübəli
pilotlar idi və bilirdilər ki, onlar bu qəza enişindən sağ çıxa bilməyəcəklər.
Ancaq sərnişinləri xilas etmək üçün onlar maksimum böyük qəhrəmanlıq
göstərmişlər və məhz bunun nəticəsində təyyarə qəzasında sağ qalanlar
var. Məhz bunun nəticəsində füzelyajın bir hissəsi yanmayıb və məhz
bunun nəticəsində bu gün biz tam açıq-aydın deyə bilərik ki, təyyarə Rusiya
tərəfindən vuruldu”, - deyə dövlətimizin başçısı qeyd edib.
Öz müsahibəsində Prezident İlham Əliyev təyyarə qəzasının səbəbkarı
olan Rusiya tərəfi qarşısında tələblərin açıq şəkildə bildirildiyini deyib.
Dövlətimizin başçısı bildirib: “Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi
Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir.
Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb
etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj
üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi
artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul
ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb,
yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani
davranışa əsaslanır”.
Təyarə qəzasından sonra artıq AZAL şirkəti Rusiyanın bəzi şəhərlərinə
uçuşları dayandırıb. Buna səbəb Rusiyanın bir çox şəhərlərində vaxtaşırı
hava məkanı bağlanması, orada xüsusi əməliyyat rejimi tətbiq edilməsidir.
Dövlət başçısının bildirdiyinə görə AZAL müddətsiz olaraq Rusiyanın yeddi
şəhərinə öz uçuşlarını, həmçinin Rusiya aviaşirkətlərinin üç Rusiya
şəhərindən Azərbaycana uçuşlarını da dayandırıb. Bu da ilk növbədə
təhlükəsizlik məsələləri ilə əlaqədardır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"DİA-AZ"

Geri qayıt