Əsas Səhifə > Güney Press > Lavrov “hazırıq” dedi: Gözlənilən proses başlayır

Lavrov “hazırıq” dedi: Gözlənilən proses başlayır


29-12-2024, 17:57
Lavrov “hazırıq” dedi: Gözlənilən proses başlayır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində Kremlin Ukraynadakı münaqişənin həlli üçün danışıqlara hazır olduğunu bildirib. Lavrov müzakirələrin böhranının əsas səbəblərini aradan qaldırmağa və yerlərdə real vəziyyəti nəzərə almağa yönəlməli olduğunu qeyd edib.

Bundan öncə də Rusiya Prezidenti Vladimir Putin və dövlət rəsmiləri dəfərlə məsələ ilə bağlı danışıqlara hazır olduqlarını açıqlayıblar. Lakin ABŞ-da Donald Trampın andiçmə mərasimi və prezident səlahiyyətinin icrasına başlamasına az qalmış səsləndirilən bu kimi bəyanatlar daha çox diqqət çəkir. Trampın artıq Kiyev və Moskva ilə əlaqəyə keçdiyi və müharibənin həlli üçün ortaq məxrəcin tapılmasına çalışdığı bildirilir.

Lavrovun açıqlaması yeni ildə sülhlə bağlı razılaşmanın anonsu kimi dəyərləndirilə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, hər iki tərəf artıq müharibədən yorulub:

“Həm Rusiyanın, həm də Ukraynanın imkanları tükənib. Danışıqlar iki tərəf üçün də real varianta çevrilib. Həmçinin ABŞ-da prezident seçkilərində qalib gələn Donald Trampın andiçməsindən sonra Ukraynanın vəziyyəti daha da ağırlaşacaq. Vaşinqtonun Kiyevə dəstəyi azaldacağı gözlənilir.

Rəsmi Moskva bunu başa düşür və danışıqlar təklif edir. Lavrov, “yerdəki vəziyyət nəzərə alınmalıdır”, – deyəndə Rusiyanın taktiki üstünlüyünə diqqət çəkməyə çalışıb. Yəni demək istəyib ki, Ukrayna ərazi güzəştinə getməlidir”.

K.Novruzovun sözlərinə görə, nazir “Ukrayna böhranının əsas səbəbləri” ifadəsini də təsadüfən seçməyib:

“Bu, o deməkdir ki, rəsmi Kiyev həm də NATO-ya üzvlük iddiasından əl çəkməlidir.

Fikrimcə, artıq müharibənin son və həlledici fazasıdır. 2025-ci ildə Vaşinqton və Ankaranın iştirakı ilə yekun danışıqlar başlana bilər”.

Geri qayıt