Əsas Səhifə > Güney Press > Yeni işğal planı açıqlandı, dünya təşvişdə:

Yeni işğal planı açıqlandı, dünya təşvişdə:


Dünən, 17:49
Yeni işğal planı açıqlandı, dünya təşvişdə:
Yeni seçilmiş Prezident Donald Tramp Qrelandiya və Panama kanalının hərbi güc tətbiqi vasitəsilə ABŞ-a qatılmasını istisna etmədiyini bildirib. Onun açıqlaması beynəlxalq aləmdə müzakirələrə səbəb olub və bir çox suallar doğurub. Tramp eyni zamanda Kanada dövlətinin də ABŞ-a birləşdirmək niyyətində olduğunu deyib.

Bəzi ekspertlərin fikrincə, yeni prezidentin bu tip açıqlamaları əslində dünyada xaos yaradır. Həmçinin onun açıqlamaları NATO-nun dağılma prosesini başlada bilər.

Trampın açıqlamaları nəyə hesablanıb? Qeyd olunan planlar həyata keçirilərsə, bu, beynəlxalq siyasətdə hansı nəticələr doğuracaq?

Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, dövlətlərarası münasibətlər beynəlxalq hüquqla tənzimlənməlidir:

“Beynəlxalq hüququn 11 prinsipi var. Bunlar 1975-ci il Helsinki anlaşması ilə əldə edilib. Əvvəl 8 prinsip idi, lakin daha sonra 3 prinsip də qəbul olundu. Bunlardan ən əsasları “Sərhədlərin toxunulmazlığı“ və “Dövlətlərin daxili işinə müdaxilə edilməmə” prinsipləridir.

Mövcud situasiyanı nəzərə aldıqda qəribə mənzərə ortaya çıxır. ABŞ özü bu anlaşmaların təşəbbüskarıdır. İndi isə həmin beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmaq istəyir”.

Politoloqun sözlərinə görə, Vaşinqton bu prinsipləri qəbul etdiyi üçün Trampın çağırışları əsassızdır:

“ATƏT məhz Helsinki anlaşması nəticəsində yaranıb. Avropa təşkilatı olmasına baxmayaraq, ABŞ və Kanada da bu birliyin üzvüdür. Yəni onlar da təşkilatın prinsiplərini qəbul edib.

ABŞ-ın bugünkü çağırışları – Kanada, Panama və Qrelandiya ilə bağlı deyilənlər populist çıxışdan başqa bir şey deyil. Görünür, Tramp gündəmi yayındırmağa çalışır. Onun bu cür qeyri-standart addımları, hərəkətləri fərqli gündəm yaratmağa hesablanıb. Avropa və Qərb hələ 4 il bu kimi açıqlamalarla məşğul olacaq”.

Geri qayıt