Əsas Səhifə > Güney Press > Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıb
Əvvəllər də Azərbaycana eşşəklər gətirilib, amma heç bir işə yaramayıbBu gün, 12:28 |
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycana 6 baş eşşək idxal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Qeyd olunub ki, idxal olunan eşşəklərə 15 min 980 manat xərclənib. Hər bir eşşək 2.663 manata başa gəlib. Qeyd olunan dövrdə, Azərbaycandan eşşək ixrac edilməyib. Elə bu məlumat da bir neçə gündür lağ-lağı obyektidir. Bilən də, bilməyən də bu fağır, çalışqan və dözümlü heyvan haqqında fikrinə hər nə gəlir, yazır. Sosial şəbəkələrdə də eşşək mövzusu trendə çevrilib. Əhalimiz eşşəklərin nə üçün, hansı məqsədlə alındığını bilmir, amma etiraz və lağ-lağı etməyə əllərinə yaxşı bəhanə düşüb. Uzunqulaqlardan kənd təsərrüfatında, dağlıq ərazilərdə istifadə olunduğu məlumdur. Ola bilsin ki, alınan eşşəklərdən elə bu məqsədlə, ya da hansısa digər sahədə istifadə ediləcək. Məsələylə bağlı “Sherg.az”a danışan iqtisadçı Rauf Qarayev qeyd etdi ki, məlumat hər nə qədər komedik görünsə də, Dövlət Statistika Komitəsinin məlumatı dəqiq araşdırılmalıdır: - Həqiqətənmi uzunqulaqların alınmasına göstərilən həcmdə vəsait sərf olunub, hansı qurumun sifarişiylə alınıb? Əvvəllər də belə məlumatlar olub, uzunqulaqların alındığı bildirilib, lakin sonra məlum olub ki, heç bir faydası, effekti olmayıb. Bunu da deməliyəm ki, uzunqulaqların faydasıyla bağlı insanlarda yanlış təsəvvür var. Təsəvvür bundan ibarətdir ki, uzunqulaqlardan yalnız yük daşınmasında istifadə olunur. Amma uzunqulaqların başqa faydalı cəhəti də var. Bu da onların südünün müalicəvi olmasıdır. Uzunqulaq südündən tibbi məqsədlər üçün istifadə olunduğu məlumdur. Bu məsələdə iqtisadi baxımdan səmərə barədə bir söz deyə bilmərəm. Əgər bu uzunqulaqlar tibbi məqsədlə gətirilirsə və xüsusi cins uzunqulaqlardısa, yəqin iqtisadi səmərəsi də ölçülür. İlk növbədə iqtisadi cəhətdən faydalılığı, effektivliyi bilinməlidir. Məsələn, ölkəyə iribuynuzlu cins mal-qara alınır və burada iqtisadi səmərəlilik əsas götürülür. Cins mal-qaranın süd və ətlik baxımdan məhsuldarlığı yüksəkdir, yerli heyvanlar onlar qədər məhsuldar deyillər. İribuynuzlu cins mal-qara məhz bu məqsədlə ölkəyə gətirilir, süni mayalanma üsulu ilə də artırılmasına çalışırlar. Uzunqulaqlardan əsasən yük daşınmasında istifadə olunduğu bilinir, amma dediyim kimi, son illərdə bu heyvanın südünün faydası da vurğulanır. Ola bilsin ki, 6 baş uzunqulaq bu məqsədlə alınıb. Geri qayıt |