Əsas Səhifə > Güney Press > Ermənistan Avropa İttifaqına üzv ola bilərmi?

Ermənistan Avropa İttifaqına üzv ola bilərmi?


Dünən, 16:20
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi?
"Ermənistanda anlayırlar ki, bu məsələ real deyil. Referendum keçirməklə Avropa İttifaqı və Qərbə mesaj verir ki, yolumuz sizinlə birdir və bizə kömək olun".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Ermənistan hökumətinin "Ermənistan Respublikasının Avropa İttifaqına üzv olması prosesinin başlanması haqqında" qanun layihəsini təsdiqləməsi və bunun üçün referendum keçirilməsi məsələsini şərh edərkən deyib.

"Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi bu quruma üzv olmaq qaydalarına ziddir. Aİ ölkəsi olmaq üçün Aİ ilə qonşu olmaq, eyni zamanda, bilavasitə sərhəddində olmaq lazımdır. Ən azı quru yolla hansısa Aİ ölkəsi ilə sərhədi olmalıdır. Ermənistanın isə belə bir imkanı yoxdur. Bu durumda Ermənistanın necə Aİ-na üzv olacağı sual doğurur", deyə Azər Qasımov bildirib.

İrəvanın bu addımı, ekspertə görə, əslində, özünü Aİ ölkələri kimi səviyyəcə digər ətraf ölkələrin üstündə görmək cəhdidir:

"Bu, Ermənistanın ətraf ölkələrlə müqayisədə sivil dünyanın yanında olduğunu göstərmək istəyidir. Yəni biz, ətrafımızdan fərqliyik. Avropa da Ermənistana dəstək verməklə onun bu iddialarını dəstəkləyir, bir növ ətraf ölkələrə göz dağı verir".

Azər Qasımovun fikrincə, Ermənistanın Aİ-yə üzvlük məsələsi o vaxt mümkün ola bilər ki, Türkiyə və Gürcüstan quruma üzv olsun:

"Onda bu məsələ həll oluna bilər. Bu ölkələrin də hələlik belə istəyinin olmadığını nəzərə alsaq demək olar ki, Ermənistanın Aİ-na üzvlük məsələsi uzaq gələcəyin işidir".

Qeyd edək ki, Ermənistan hökuməti yanvarın 9-dakı iclasında "Ermənistan Respublikasının Avropa İttifaqına üzv olması prosesinin başlanması haqqında" qanun layihəsini təsdiqləyib. Bu fonda referendumun keçirilməsi də gözlənilir.

Geri qayıt