Əsas Səhifə > Güney Press > Ermənistanın yersiz ambisiyası
Ermənistanın yersiz ambisiyasıDünən, 19:00 |
“Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən iki gün sonra Nikol Paşinyan sosial media hesabında Ermənistanın guya regionda sülhün bərqərar olmasının tərəfdarı olduğu barədə, bunun üçün də ATƏT-in Minsk Qrupunun ləğvi də daxil olmaqla müxtəlif təkliflərlə çıxış edib. Halbuki, rəsmi Bakı keçmiş Qarabağ münaqişəsinin həlli üçün 33 il əvvəl yaradılmış Minsk qrupunun ləğvini 44 günlük savaşdan sonra irəli sürüb. Çünki Ermənistanın 30 illik münaqişəni dondurmaq cəhdlərinə baxmayaraq, Azərbaycan Vətən müharibəsi və 2023-ci il antiterror tədbirləri ilə Qarabağ məsələsini beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll etdi. Ona görə də keçmiş münaqişənin həlli istiqamətində real və səmimi addımlar atmayan Minsk qrupunun mövcudluğu nəyə lazımdır? Nikol Paşinyanın ölkəmizin tələbini bu yaxınlarda yeni bir məsələ kimi gündəmə gətirməsi beynəlxalq vəziyyətin dəyişməsi və başqa reallıqların formalaşması səbəbindən olduğunu ehtimal etmək olar”. Bu fikirləri “Sherg.az”a açıqlamasında Elmir Səftərov bildirib. O qeyd edib ki, Ermənistanın regiondakı əsas dəstəkçilərinin nüfuz itirməsi və ya uzaqlaşması, dünyada yaranan yeni reallıqlar, həmçinin Türkiyənin artan siyasi-hərbi gücü səbəbindən İrəvan anlayır ki, müəyyən güzəştlərə getmək onun da xeyrindədir: “Ümumilikdə isə N.Paşinyanın Minsk qrupunun buraxılması ilə bağlı təklifi Azərbaycanın daha bir tələbinin həyata keçirilməsi kimi qiymətləndirilir. Nikol Paşinyan paylaşımında silahlara qarşılıqlı nəzarət mexanizmlərinə də toxunub. Bundan əvvəl də oxşar məsələni gündəmə gətirən baş nazir bununla sərhəddən qoşunların güzgü şəklində çıxarılmasını hədəfləyir. Ermənistan səmimidirsə və başqa planı yoxdursa, ilk növbədə, öz sərhədindəki Avropa İttifaqının missiyasının vaxtının uzadılmamasına səy göstərməlidir. Lakin Ermənistan hökumətinin Avropa İttifaqına daxil olması prosesinə başlamaq haqqında qanun layihəsini təsdiqləməsi fonunda bu addımı atması real görünmür. Belə anlaşılır ki, Ermənistanın bu mövqeyi qismən eskalasiya riski ilə bağlıdır. Çünki növbəti erməni təxribatı nəticəsində qarşıdurma riski Avropa müşahidəçilərinə zərər dəyməsi və bu məsələnin ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə olunması Ermənistanın çirkin hədəfləri sırasındadır. Ermənistan də anlayır ki, davamlı və həqiqi sülhün təmin olunması üçün 17 maddədən ibarət sənədin imzalanmasından daha çox səmimi münasibət lazımdır. Amma məğlub və kapitulyasiyaya imza atan və ona əməl etməyən Ermənistanın yersiz ambisiyası müzakirə edilən sülh müqaviləsinin perspektivlərinə və mövcud vəziyyətinə mənfi təsir göstərir. İrəvanın böyük ölçüdə hücum silahları alması, normativ-hüquqi aktlarındakı ölkəmizə qarşı ərazi iddialarını çıxarmaması və müqaviləyə maneələr yaratması fonunda regionda eskalasiya riski qalmaqdadır. Buna görə də geosiyasi dəyişikliklər səbəbindən müəyyən qədər beynəlxalq dəstəyi azalan Ermənistan sülh danışıqlarında öz mövqelərini gücləndirmək üçün yeni xarici dəstək axtarışındadır. Bu baxımdan da mütləq sülh sazişi ölkəmizin əsaslı və haqlı tələbələrinin yerinə yetirilməməsi- Ermənistanda konstitusiya dəyişiklikləri və kommunikasiyaların açılması-səbəbindən yaxın vaxtlarda az ehtimal olunur”. Geri qayıt |