Əsas Səhifə > Güney Press > Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib

Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib


Dünən, 19:20
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bunu Respublika Prezidenti İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikrindən də aydın şəkildə görürük. Bu, eyni zamanda o deməkdir ki, tutduğu vəzifədən və mövqeyindən asılı olmayaraq hər bir dövlət məmuru vətəndaşın yanında olmalıdır. Ən əsası da odur ki, ölkəmizdə vətəndaş amilinin dövlət siyasətinin başlıca istiqaməti kimi bütün sahələrdə əsas götürülməsi dövlət başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman hiss olunur. Eyni zamanda, bu, hər bir dövlət məmuruna nümunə olmaqla bərabər, həm də onların iş fəaliyyətinin tərkib hissəsi olması deməkdir.

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

2025-ci ilin ilk ümumi qəbulu yanvarın 10-da keçirilib. Qazax şəhərindən və rayonun Quşçu Ayrım kəndindən müraciət etmiş 2 nəfər vətəndaşın istəyi idarə, müəssisə, xidmət sahələri rəhbərlərinin iştirakı ilə dinlənilib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, ölkə Prezidentinin qeyd etdiyi kimi, hər bir dövlət məmuru öz vəzifəsinə məsuliyyətlə yanaşmalı, eyni zamanda, ölkə başçısının bu fikrini özünə hər zaman nünunə götürməlidir. Rayon rəhbəri ölkə başçısının səsləndirdiyi “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikrinin əsasını vətəndaş amilinin, məmnunluğunun təşkil etdiyini bildirib.

Rayon rəhbəri 2024-cü il ərzində rayon ərazisində 5059 nəfər vətəndaşın iştirakı ilə 46 səyyar qəbul keçirildiyini, görüşlər zamanı ümumilikdə 110 müraciətin qeydə alındığını söyləyib. Həmçinin, 2024-cü il ərzində Qazax Rayon İcra Hakimiyyətində keçirilmiş 46 ümumi qəbulda 380 nəfər, 64 fərdi qəbulda 105 nəfər olmaqla, ümumilikdə 110 qəbulda 485 nəfərin iştirak etdiyini, 517 məsələ qaldırıldığını diqqətə çatdırıb. İstər keçirilən fərdi və ümumi qəbullar, istərsə də səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qisminin həll olunduğunu, bir qisminin icraata götürüldüyünü, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edildiyini vurğulayıb.

“Hər zaman olduğu kimi, 2025-ci ildə də vətəndaş məmnunluğunun təmin olunması hər birimiz üçün ən ümdə məsələ olmaldır. Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşı qəbul edib onun müraciətini dinləmək, onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən icra başçısı bu günə kimi keçirilən qəbulların məhz bu məqsədə xidmət etdiyini söyləyib. Bu günə kimi, şəhər və kəndlərdə sakinlərlə olan görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılmasının, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsinin, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsinin, vətəndaşların ərizə və müraciətlərinə əsasən keçirilən qəbulların arxasında hər zaman vətəndaş məmnunluğunun dayandığını bildirib. İcra başçısı qəbulda iştirak edən idarə, müəssisə, təşkilat, eləcə də xidmət sahələri rəhbərlərinə dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə qarşı hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib.

"DİA-AZ"
Geri qayıt