Əsas Səhifə > Güney Press > İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı?

İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı?


Dünən, 21:14
İrəvan-Vaşinqton müttəfiqliyi: Tehran gözünü döyüb baxacaqmı?
Xəbər verdiyimiz kimi, ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Sazişə əsasən, ABŞ Ermənistanın sərhədlərinin mühafizəsi dəstələri göndərəcək. Bundan əlavə, Ermənistan ABŞ-ın İŞİD-ə qarşı koalisiyasında iştirak edəcək.
Bəs, bu razılaşma regiondakı vəziyyətə necə təsir göstərəcək? Rusiya, Azərbaycan və İran bu məsələyə necə reaksiya verəcək?
Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, amerikalı sərhədçilərin Ermənistana gəlişi yalnız müşahidə və məsləhət xarakteri daşıyır:
“Ermənistan sərhədinə gələn amerikalı sərhədçilərin missiyası sərhədi qorumaq deyil. Onların gəlişi ya müşahidə, ya da məsləhət xarakteri daşıya bilər. Halbuki, rus sərhədçiləri Ermənistanın xarici sərhədlərini qoruyurdu. Amerika missiyası həmin məqsəd və səlahiyyətlə gəlmir. Ola bilsin, hansısa məsləhətlər vermək üçün gəlirlər, çünki Ermənistan sərhəd qoşunlarını hələ yenicə formalaşdırır. Eyni zamanda, göstərmək istəyirlər ki, "biz də buradayıq", vəssalam".
Z.Əlizadənin fikrincə, amerikalı sərhədçilərin Ermənistana gəlişi İran-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcək. Həmçinin, Rusiya da bu addımdan narazı qalacaq:

"Təbii ki, amerikalı sərhədçilərin və sərhəd mütəxəssislərinin sərhədə gəlməsi İran-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcək. Ola bilsin, Rusiya bir qədər əsəbiləşəcək ki, Cənubi Qafqazda Amerikanın mövcudluğu daha ciddi şəkildə hiss olunur.
Azərbaycan isə artıq öz milli məqsədinə nail olub, ərazi bütövlüyünü bərpa edib və hazırda sərhədlərinin delimitasiyası ilə məşğuldur. Ermənistanla hələ də həll edilməmiş məsələlərimizə gəlincə, Amerika dünyanın bütün işlərinə qarışmağa və orada iştirak etməyə çalışır. İndiyə qədər Azərbaycan buna etiraz etməyib. Yalnız deyirdik ki, gəlib iştirak edirsinizsə, xahiş edirik, ədalətli olun, birtərəfli yanaşmayın və tərəfkeşlik etməyin. Amerika böyük dövlətdir və Azərbaycan-Ermənistan münasibətlərinin yaxşılaşmasına öz töhfəsini vermək istəyirsə, biz buna etiraz etmirik.”
Ermənistanın İŞİD-ə qarşı koalisiyaya qoşulması ilə bağlı isə Zərdüşt Əlizadə bildirib ki, İrəvan bunu sadəcə, Amerikaya xoş gəlmək üçün edib:
“Ermənistanın nə nüfuzu, nə də hərbi və maliyyə imkanları var ki, hər hansı koalisiyaya qoşulduqda işin gedişinə təsir edə bilsin. Ermənistan zəif dövlətdir, özünün saysız-hesabsız problemləri var. Əvvəlcə öz dərdlərinə çarə tapsın. Sadəcə, Amerikaya xoş gəlmək üçün koalisiyaya qoşulub.
Digər tərəfdən, İŞİD artıq məğlub olub. İŞİD-ə qarşı çox böyük əməliyyat keçirildi. İraq və Suriya kürdləri, Amerika qoşunları birlikdə hərəkət edərək İŞİD-i darmadağın etdilər. Ancaq İŞİD-dən beynəlxalq aləmdə hamını qorxutmaq üçün hələ də qulyabanı kimi istifadə edilir.
Ermənistan isə kiçik bir dövlətdir və deyir ki, "mən də sənin koalisiyana qoşulacam". Qoşulub nə edəcək ki? Sadəcə, Amerikaya xoş gəlmək, bir də BMT-nin, ATƏT-in və digər beynəlxalq təşkilatların üzvü olaraq öz sözünü demək istəyir ki, “mən də varam.” Hazırda İraq ərazisində İŞİD-in hansısa məxfi qrupları və ya silahları varsa, onlarla da İraq hökuməti mübarizə aparır”
Geri qayıt