Əsas Səhifə > Güney Press > Azərbaycanın “məcburetmə əməliyyatı”

Azərbaycanın “məcburetmə əməliyyatı”


Bu gün, 06:21
Azərbaycanın “məcburetmə əməliyyatı”
2025-ci il yanvarın 16-da Azərbaycan və Ermənistan arasında sərhəddə Baş nazirin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında dövlət sərhədinin delimitasiyası üzrə on birinci görüş keçirilib.

Görüş zamanı tərəflər növbəti mərhələdə delimitasiya işlərinin həyata keçirilməsi üçün sərhəd xəttinin sahələrinin/hissələrinin ardıcıllığı məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirib və dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər.

Ermənistanla Azərbaycanın gərginləşən münasibətləri fonunda bu razılaşma ziddiyyətli və qəribə görünürmü?

Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, İkinci Qarabağ müharibəsinin bitməsi və 10 noyabr bəyanatının imzalanmasından sonra Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etmək istəməyib:

“Rəsmi Bakının məcburetmələri fonunda İrəvan bu öhdəlikləri icra etməyə başlayıb. Bütün bunlar göstərir ki, bu günə qədər sülhə atılan addımların əksəriyyəti rəsmi Bakının səyləri və istəyi əsasında olub. Yəni Ermənistanın özü heç vaxt istəyi ilə bu addımları atmayıb.

Bütün bunlara baxmayaraq bu günə qədər əldə edilən nailiyyətlərin bir digər səbəbi də Ermənistanla Azərbaycan arasında ikitərəfli görüşlərin keçirilməsidir. Uzun illərdən sonra biz Ermənistanla ikili danışıqlar aparır, nəticəyə gələ bilirik. Bu bir daha onu deməyə əsas verir ki, münaqişəni uzadan və İrəvanı öhdəliklərindən yayınmağa həvəsləndirən kənar qüvvələrdir. Kənar qüvvələrin prosesdə iştirak etməməsi tərəflərin nəticə əldə etməsinə gətirib çıxarır.

2023-cü ilin sonlarından başlayaraq Ermənistan və Azərbaycanın birgə bəyanat verməsi tarixdə bəlkə də ilkdir. Hərbçilərin vasitəçi olmadan mübadilə edilməsi, sərhədlərin delimitasiya, demarkasiya prosesinin başlamaması da ikitərəfli görüşlərin uğurlarıdır.

Hesab edirəm, sonuncu görüşdə tərəflərin əldə etdiyi yeni razılıq ikili görüşün nəticəsidir. Azərbaycan tərəfi çalışır ki, sülh əldə edilsin, delimitasiya, demarkasiya prosesi davam etsin. Ermənistanın prosesdən yayınma cəhdlərinə baxmayaraq, biz nəticə əldə olunacağına inanırıq”.

Ekspert deyib ki, Ermənistan son zamanlar silahlanır və bu, regionda gərginlik risklərini artırır:

“Məhz belə bir zamanda ölkə başçısının yerli televiziya kanallarına verdiyi müsahibədə Ermənistana xəbərdarlıq etməsi, bundan sonra delimitasiya komissiyalarının görüşünün keçirilməsi və razılığa gəlinməsi ciddi uğurdur. Görünür, Prezidentin müsahibə zamanı Ermənistana etdiyi xəbərdarlıqlar ciddiyə alınıb. Əslində belə də olmalı idi. Çünki gərginlik heç kəsə sərf etmir. Lakin rəsmi Bakının İrəvanın şıltaqlıqlarına dözmək niyyəti yoxdur.

Hesab edirəm, hazırkı şərtlərdə bu razılıq ziddiyyətli görünsə də prosesin gələcəyi baxımdan vacibdir. Ermənistan başa düşür ki, Azərbaycan zarafat etmir və prosesin uzanmasından məmnun deyil”.
Geri qayıt