Əsas Səhifə > Güney Press > Makronun Bakıya qarşı oyunu pozuldu:
Makronun Bakıya qarşı oyunu pozuldu:24-01-2025, 20:56 |
Son zamanlarda Fransa Prezidenti Emmaneul Makronun Cənubi Qafqaz istiqamətində aktivliyinin azalması, xüsusilə Bakını hədəfə alan çıxışların eşidilməməsi diqqət çəkir. Bəzi eskpertlərin fikrincə, Makron uğursuz fəaliyyəti səbəbindən daxili narazılığın artması nəticəsində prezident postundan kənarlaşdırılmaq qorxusu ilə üzləşib. Beləliklə diqqətini öz ölkəsinə yönəltməyə məcbur qalıb. Həmçinin Bakının Parisin regionu qarışdırmaq cəhdlərinə qarşı mübarizəsi də Makronun geri addım atmasına səbəb olan amillərdən biri kimi dəyərləndirilir. Fransanın hazırda İran və Ermənistana təsir imkanları nə yerdədir? Paris Cənubi Qafqaza müdaxilə imkanlarından tamamilə məhrum edilib? Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, ölkəmiz 44 günlük müharibədə yalnız ərazi bütövlüyünü təmin etmədi, eyni zamanda regionda yeni siyasi konfiqurasiya formalaşdırmağı da bacardı: “Yeni siyasi mənzərəni şəkilləndirən əsas məqam isə işğal dönəmində mövcud problem üzərindən bölgədə at oynatmağa çalışan qüvvələrin ayağının regiondan kəsilməsi oldu. Bu, xüsusilə Fransaya aiddir. Məlumdur ki, təcavüzün danışıqlarla aradan qaldırılması məqsədilə yaradılan ATƏT-in Minsk qrupu formatında həmsədr olan dövlətlər imtiyazlarından status-kvonun saxlanması üçün istifadə edirdilər. Azərbaycanın diplomatiyası və ordusu onların arzusunu ürəyində qoydu. Post-münaqişə dönəmində də eyni çirkin istəklərin qabarmasına baxmayaraq, Bakı yenə də haqlı maraqlarının təminatında israrlılığını qorumaqla həmin qüvvələrə gözdağına çevrildi. Suverenlik tam bərpa olundu, “dəhliz” formatı ləğv edildi, delimitasiyanın ilk mərhələsi icra olundu və s. Eyni zamanda vasitəçi güclərin prosesi sabotaj imkanları da məhdudlaşdırıldı. İndi regionda birbaşa yer ala bilməyən qüvvələr dolayı yolla Ermənistanı silahlandırmaqla nələrəsə ümid etməkdədirlər”. Politoloq bildirib ki, manipulyasiya olunan ölkə yalnız Ermənistan deyil, özünü müsəlman təəssübkeşi adlanan İran da oyunun içərisindədir: “Ancaq yeganə reallıq ondan ibarətdir ki, ölkəmiz üzərində oyun qurulan deyil, oyun quran dövlətdir. Bunun üçün kifayət qədər siyasi, iqtisadi və hərbi imkanlara sahibik. Odur ki, oyun qurduğunu düşünüb, əslində isə qurbana çevrilən Ermənistan və İran özlərini parçalanma təhlükəsi ilə üz-üzə qoyublar”. Geri qayıt |