Əsas Səhifə > Güney Press > Moskvadakı görüşün gizli tərəfi

Moskvadakı görüşün gizli tərəfi


28-01-2025, 15:26
Moskvadakı görüşün gizli tərəfi
Xəbər verdiyimiz kimi, yanvarın 27-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya XİN-ə dəvət edilib. Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə tirajlanan bir sıra yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı çaşqınlıq ifadə olunub. Səslənən ittihamların tamamilə əsassız olduğu bildirilib.

Bu nədən xəbər verir?

Globalinfo.az-a danışan politoloq Samir Hümbətov deyib ki, Rusiya və Azərbaycan arasında gərginlik var:

“Rəhman Mustafayev Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında söhbət olub. Yayılan məlumatlara görə, 2022-ci il 22 fevral bəyannaməsi ilə bağlı məsələlərdə həmfikir olduqlarını bəyan ediblər. Bu, işin görünən, rəsmi tərəfidir.

Lakin görünməyən tərəfi də var. İki ölkə arasında müəyyən gərginlik var və bu, artmaqda davam edir. Rusiyada azərbaycanlılara qarşı bəzi məsələlərdə qanuni vasitələrdən istifadə etməyə çalışırlar. Azərbaycan da buna adekvat cavab verir.

AZAL-a məxsus təyyarəmizin vurulmasında prezident səviyyəsində üzrxahlıq edilsə də Azərbaycanın digər tələblərini – günahkarların cəzasının verilməsi və təzminat ödənilməsini yerinə yetirmirlər. Bu da gərginliyin artmasına səbəb olur”.

Politoloqun sözlərinə görə, Rusiyadan rəsmi səviyyədə müttəfiqliyə uyğun olmayan fikirlər səsləndirilməkdədir:

“Azərbaycanın haqlı tələblərini bir növ saymazyana qarşıladıqlarını göstərməyə çalışırlar. Rəsmi Bakı isə həmin öhdəliklər yerinə yetirilənə qədər qəti şəkildə tələbini irəli sürməkdə davam edəcək. Rusiya sözügedən tələbləri qarşılayarasa, iki ölkə arasındakı gərginlik aradan qalxacaq”.

Geri qayıt